AZ

ABŞ-nin Gürcüstan QHT-lərinə yardımı: niyyət nədir?

“ABŞ-nin dövlət katibi Antoni Blinkenin bəyanatı təəssüf doğurur, çünki ABŞ-nin Gürcüstana ayırdığı yardım yalnız suverenliyini möhkəmləndirdi­yinə görə cəzalandırılan gürcü xalqı üçün istifadə edilib. Bunu hakim “Gürcü Arzusu- Demokratik Gürcüstan” partiyasının deputatı Beka Odişariya de­yib. Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti rəhbərinin bəyanatı təəs­süf doğurur. “Bu, strateji tərəfdaşlıq və dostluq çərçivəsinə sığan yanaşma deyil. Tərəfdaşların gürcü xalqının xarakterini Gürcüstanın keçmiş ombu­dsmanı Nino Lomjaria və "Beynəlxalq Şəffaflıq - Gürcüstan" QHT rəhbəri Mak Qiqauridən deyil, gürcü xalqının özündən öyrənməsinin vaxtı çatıb”. 

Deputat ABŞ-nin 6 milyard lari də daxil olmaqla, yardımlarına da toxunub: “Yardıma görə gürcü xalqı son dərəcə min­nətdardır, lakin heç kimdən sonra onların qınanmasına səbəb olacaq heç nə istəmir”.

Eyni zamanda deputat ictimaiyyətə xa­tırladıb ki, Gürcüstana eyni məbləğdə pulu hakim partiyanın qurucusu Bidzina İvaniş­vili əvəzsiz ayırıb və indiyədək bu şəxs, bu barədə heç vaxt, heç nə deməyib.

Gürcüstanın Baş naziri İrakli Kobaxi­dze isə bildirib ki, ABŞ hakimiyyətinin Gürcüstana qarşı yeni sanksiyaların müm­kün tətbiqi ilə bağlı bəyanatları şantajdır: “ABŞ“ qlobal müharibə partiyası”nın təsi­rini aradan qaldırmaq üçün öncə öz daxi­lində deoliqarxizasiya həyata keçirməlidir. Gürcüstanı sanksiyalarla hədələməyə eh­tiyac yoxdur. ABŞ-nin bu tonu əks nəticə verir”.

Gürcüstanın baş naziri ölkəsinin ABŞ ilə münasibətləri normallaşdırmağa hazır olduğunu da vurğulayıb: “Biz ABŞ ilə mü­nasibətləri bərpa etməyə tam hazırıq. Bu münasibətlərdə şantaj və təhdidlər əvəzinə, sağlam dialoq aparmalıyıq".

Bundan əvvəl, Antoni Blinken ABŞ “Xarici təsirin şəffaflığı haqqında" qanu­nun qəbul edilməsi ilə əlaqədar Gürcüs­tan hökumətinə 95 milyon dollardan çox yardımın dayandırıldığını açıqlamışdı. "Mayın 23-də Gürcüstan hökumətinin an­tidemokratik hərəkətlərindən sonra ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaş­lığın hərtərəfli nəzərdən keçirildiyini elan etdim. Nəticədə ABŞ Gürcüstan hökumə­tinə birbaşa dəstəyə yönəldilmiş 95 milyon ABŞ dollarından çox yardımı dayandırır”.

Gürcüstan müxalifəti, qeyri-hökumət təşkilatları və bütün Qərb qanunun qəbu­luna görə Gürcüstan hakimiyyətini tənqid edərək, bu qanunun Qərb dəyərlərinə zidd olduğunu bildirib.

“ABŞ-dən Gürcüstan hökumətinə da­yandırılmış maliyyə yardımı isə bu ölkənin QHT-ləri və mediasına dəstək üçün ayrıla­caq”. Bunu Dövlət Departamentinin mət­buat katibinin müavini Vedant Patel bildi­rib: "Biz demokratiyanı, qanunun aliliyini, müstəqil medianı və iqtisadi inkişafı güc­ləndirməklə gürcü xalqının xeyrinə olan proqram və fəaliyyətləri dəstəkləməyə davam edəcəyik. Bəzi hallarda yardım proqramları resursların müəyyən sektorda çalışan QHT-lərə yönləndirilməsi üçün də­yişdirilə bilər”.

Patel, həmçinin Gürcüstan hökumətini “Xarici təsirin şəffaflığı haqqında” qanunu və digər “problemli qanun layihələrini” geri götürərək “demokratik yola qayıtma­ğa” çağırıb.

Qeyd edək ki, Avropa İttifaqı əvvəllər bəyan etmişdi ki, onlar hökumətə yardımı azaldacaq, vətəndaş sektoru və mediaya isə dəstəyi artıracaqlar. 

PÜNHAN
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
47
xalqqazeti.az

10Mənbələr