AZ

“Paris-2024”: Azərbaycanın daha bir cüdoçusu Olimpiya çempionu oldu

Avqustun 1-də Azərbaycan cüdoçusu Zelim Kotsoyev “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

 

Senzor.az bildirir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa və dünya çempionumuz qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı İlya Sulamanidze ilə üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn idmançımız Olimpiya çempionu olub.

 

Qeyd edək ki, Olimpiadada mübarizəyə səkkizdəbir final mərhələsindən başlayan cüdoçumuz birinci görüşdə polşalı Pyotr Kuçera ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Avropa və dünya çempionumuz adını dörddəbir finala yazdırıb. Bu mərhələdə İsrail təmsilçisi Peter Palçiki vaza-ari xalı ilə məğlub edən Z.Kotsoyev yarımfinala vəsiqə qazanıb. İdmançımız yarımfinalda özbəkistanlı Muzaffarbek Turoboyevə də vaza-ari ilə qalib gələrək finala yüksəlib.

 

Xatırladaq ki, bu, Azərbaycan komandasının Paris Olimpiadasında qazandığı ikinci qızıl medaldır. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Parisdə Azərbaycan Himnini səsləndirib. 

**19:00


Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.


Senzor.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu yarımfinal mərhələsində özbəkistanlı Muzaffarbek Turoboyevlə üz-üzə gəlib.


Rəqibinə qalib gələn Kotsoyev finala vəsiqə qazanıb.


Təmsilçimiz həlledici mərhələdə İlya Sulamanidze ilə (Gürcüstan) qarşılaşacaq.


Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.

**15:13

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarında növbəti oyununu keçirib.


Senzor.az xəbər verir ki, ötən gün ABŞ seçməsi üzərində tarixi qələbə qazanan yığma bu dəfə Fransanı sınağa çəkib.


Görüş rəqibin 15:10 hesablı qələbəsi ilə başa çatıb.


Qeyd edək ki, Azərbaycan yığması bu gün növbəti görüşünü Almaniyaya qarşı keçirəcək.

**13:53

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.


Senzor.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu 1/8 final mərhələsində Pyotr Kuçera (Polşa) ilə üz-üzə gəlib.


Rəqibini məğlub edən Kotsoyev 1/4 finala yüksəlib.


O, növbəti raundda Peter Palçik (İsrail) ilə qarşılaşacaq.


Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.

**10:12

Bu gün Azərbaycanın daha bir idmançısı “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

 

Senzor.az bildirir ki, cüdoçu Zelim Kotsoyev ilk görüşünü keçirəcək. 

 

100 kiloqram çəki dərəcəsində çıxış edən son dünya çempionu 1/8 finalda Pyotr Kuçera (Polşa) - Tomas Briçeno (Çili) cütünün qalibi ilə qarşılaşacaq.

 

Bundan başqa, boksçu Alfonso Dominqes (92 kiloqram) 1/4 final görüşünə çıxacaq. Onun rəqibi qazaxıstanlı Aybek Oralbay olacaq.

 

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi isə Olimpiadada növbəti oyunlarını keçirəcək. Ötən gün ABŞ seçməsini məğlub edərək qrupda ilk qələbəsini qazanan komandamız əvvəlcə Fransanı, ardınca isə Almaniyanı sınağa çəkəcək.

 

Qeyd edək ki, hələlik Azərbaycanın aktivində bir qızıl medal var. Cüdoçu Hidayət Heydərov (73 kiloqram) Olimpiya çempionu olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
13
senzor.az

10Mənbələr