AZ

Zəngəzur dəhlizi ilə bağlı vəziyyət dəyişir- nəzarət məsələsində də yenilik var...

Image

Məlum olduğu kimi, İranın ali rəhbəri Ayətullah Xamnei Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib ki, ölkəsi Zəngəzur dəhlizinin əleyhinədir. Xatırladaq ki, Nikol Paşinyan İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehranda olub. 

Paşinyanla görüşən İranin ali dini lideri Zəngəzur dəhlizinə də toxunub. Yayılan məlumatlara əsasən, bu xüsusda o qeyd edib: “İran İslam Respublikası Zəngəzur marşrutunu Ermənistanın ziyanına hesab edir və bu mövqeyində qalmaqdadır”. O, Ermənistanla əməkdaşlığın daha sıx və öz qüvvəsi ilə davam edəcəyini deyib.

Paşinyan bildirib ki, Ermənistan dəfələrlə öz ərazisində heç bir ekstraterritorial dəhlizi qəbul etmədiyini bəyan edib. Burada onu da xatırladaq ki, İran son dövrlərdə Azərbaycanla da münasibətlərini korrektə edir. Eyni zamanda Tehran yaxşı bilir ki, Azərbaycan Zəngəzur dəhlizinin açıılmasında maraqlı tərəfdir. Belə olan halda İranin ali dini liderinin yanaşması Bakı üçün anlaşılmazdır. Məsələnin bu tərəfinə toxunan bir sıra erməni ekspertlər qeyd edir ki, əslində, İran Zəngəzur dəhlizinin açılmasına artıq müqavimət göstərmir. Sadəcə, burada nəzarət məsələsi var. İran hansısa Qərb qüvvəsinin dəhlizə nəzarət etməsini istəmir. Bir sıra erməni ekspertlər iddia edirlər ki, son aylarda Ermənistan və Azərbaycan Zəngəzur yoluna nəzarətin xarici şirkətə verilməsi məsələsini müzakirə edir. Amma rəsmi İrəvan və Bakı bu məsələnin də danışıqların gündəmində olduğunu hələ təsdiqləməyib. Nikol Paşinyan iki il əvvəl yollara nəzarətin ixtisaslaşdırılmış təşkilata verilməsi təklifindən danışıb: “Bilirsiniz ki, indi Avropada gömrük nəzarətini gömrük dövlət xidməti yox, ixtisaslaşmış təşkilatlara həvalə etməklə həyata keçirən ölkələr var, onlar eyni funksiyanı yerinə yetirirlər. Eyni şeyi sərhəd nəzarəti vəziyyətində də etmək olar. Azərbaycanın bununla razı olub-olmaması bizim üçün o qədər də aydın deyil, əgər razılaşarsa, o həll yoluna gedə bilərik”. Erməni ekspert Sergey Melkonyan bu xüsusda bildirir: “Ermənistanla Azərbaycan arasında bəzi ilkin razılaşmalar var ki, hansısa özəl beynəlxalq təşkilat dəhlizə, kommunikasiyaya nəzarət etməlidir. İrəvan iddia edir ki, bu dəhliz deyil, amma İranda çox yaxşı başa düşürlər ki, bu dəhliz olacaq”. Melkonyanın sözlərinə görə, İranda çox gözəl başa düşürlər ki, Türkiyə və Azərbaycan heç bir maneə olmadan Zəngəzur vasitəsilə birbaşa quru əlaqəsi olmasını hədəfləyir. Əvvəlcə bu dəhliz hansısa beynəlxalq təşkilatın nəzarətində olsa belə, ekspertin fikrincə, sonradan prosesə Azərbaycan və Türkiyə cəlb olunacaq: “Yəni onlar böyük məqsədə çatmaq üçün kiçik addımlar ataraq istədiklərini əldə edəcəklər. Bu, yavaş-yavaş ona gətirib çıxaracaq ki, öncə dəhlizə beynəlxalq özəl təşkilat nəzarət edəcək, sonra bir növ birgə nəzarət olacaq. Ardınca Azərbaycan Qərbi Azərbaycana qayıdış proqramını həyata keçirəcək və İran Ermənistanla sərhədindən məhrum olacaq”. 

2000-ci illərin əvvəllərində Ermənistanın BMT-dəki fövqəladə səfiri işləmiş keçmiş diplomat Dzyunik Ağacanyanın sözlərinə görə, yeni prezident seçildikdən sonra növbəti dəfə Tehranın dəyişməz mövqeyini səsləndirib: “İran razılaşmayacaq ki, şimal sərhədinə nəzarəti istər qərb strukturu, istərsə də dövlət şəklində olsun, istənilən Qərb qüvvəsi həyata keçirsin”. Keçmiş diplomatın fikrincə, Azərbaycanla Naxçıvan arasında rabitənin Zəngəzur vasitəsilə təmin edilməsini hansısa beynəlxalq şirkətə vermək Ermənistan üçün məqbul deyil: “Belə ki, o halda İrəvan İranla yola nəzarətdən məhrum olacaq. Türkiyə və Azərbaycan Ermənistanın o yola nəzarət etməməsinin tərəfdarıdır. Ermənistanda isə güman edirlər ki, bu yolu hansısa xarici şirkətə nəzarət üçün təhvil verəcəklər və biz bu xarici şirkətin hansı mülkiyyətə sahib olacağını bilmirik. Onun  hansı təlimatlar əsasında fəaliyyət göstərəcəyi də bəlli deyil. Təbii ki, bu bizim üçün sərfəli olmasa da, Türkiyə-Azərbaycan tərəfi üçün arzuolunandır”. Sabiq diplomatın qənaətinə görə, əslində Türkiyənin, o cümlədən Azərbaycanın uzunmüddətli məqsədi Azərbaycanı Naxçıvanla birləşdirən dəhlizə tam nəzarət etməkdir və onların buna yönəlmiş uzunmüddətli planları var: “Güman edirəm ki, Azərbaycan tərəfi öz geri qayıdan qaçqınlarını həmin yol boyu mühüm hədəf nöqtələrində yerləşdirmək niyyətindədir”. Xatırladaq ki, Qərbi azərbaycanlıların geri qayıtması Ermənistan daxilində güclü Azərbaycan icmasının olması deməkdir. Bu, təbii ki, Azərbaycanın təsir imkanlarını artıracaq. Eyni yanaşmanı Zəngəzur dəhlizinə də aid etmək mümkündür. Ermənistan da, İran da başa düşür ki, Zəngəzur dəhlizinin çox böyük regional və beynəlxalq əhəmiyyəti var. Belə ki, nəzərdə tutulan kommunikasiyalar açılandan sonra Qafqazın iqtisadi mənzərəsi və geosiyasi konfiqurasiyası dəyişəcək. Zəngəzur dəhlizi Cənubi Qafqazda yox, bütün Avrasiyada böyük əhəmiyyətə malik yeni kommunikasiya xətti hesab olunur. Hər şeydən öncə isə bu dəhliz Ermənistanın dalan dövlət durumundan qurtulması və nəqliyyat blokadasından çıxmasını şərtləndirəcək yeni imkan deməkdir. Bunu erməni cəmiyyətində başa düşənlərin sayı az deyil.

Samirə SƏFƏROVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
25
baki-xeber.com

10Mənbələr