AZ

Dünyanın fəxri ustadları siyahısında yer alan aşıq Samirə: "Daha çox maddiyyat əldə etmək üçün..."

İyulun 27-də Mədəniyyət Xadimlərinin Beynəlxalq Məsləhət Şurasının 4-cü iclası keçirilib. Onlayn şəkildə baş tutan görüşdə əsas məsələlərin müzakirəsi və nominasiyaların təsdiqi üçün dünyanın tanınmış mədəniyyət ekspertləri qatılıblar. Görüş bütün dünyada müxtəlif mədəni ən-ənələrin qorunub saxlanılmasına və təbliğinə yönəlmiş səmərəli qərarların qəbulu ilə yekunlaşıb. Şuranın qərarı ilə Yeni Arirang Ustadlarının fəxri siyahısı təsdiq olunub. 14 ölkədən 20 namizədin təsdiq olunduğu siyahıda ölkəmizi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) professoru, xalq artisti, ustad tarzən Vamiq Məmmədəliyev və ADMİU-nun “Aşıq sənəti” kafedrasının müdiri, Əməkdar Mədəniyyət İşçisi, dosent Samirə Əliyeva təmsil ediblər. Onlar mədəni irsin qorunması və təbliğində müstəsna töhfələrinə görə bu fəxri nominasiyaya layiq görülüblər.
 
Dünyanın fəxri ustadları siyahısında yer alan aşıq Samirə Əliyeva sevinc hisslərini Moderator.az-la bölüşüb.
 
“Bu mənim üçün çox sevindirici bir xəbər oldu. Heç namizədliyimin irəli sürülməsindən də xəbərim yox idi. Ümumiyyətlə bu haqda məlumatsız idim. Mənim məqsədim, amalım odur ki, sırf sənətin təbliğatı yolunda çalışıb, onu bu günki zamanın tələbinə uyğun şəkildə təbliğ, tərənnüm edim. Aşıq sənəti əsrlərlə elə uzun yol gəlib ki, onsuz da uca zirvədədir. Bizlərin də borcudur ki, yaşayırıqsa, ucalırıqsa sənəti də ucaldaq. Bu bizim mənəvi borcumuzdur. Bütün aşıq sənətini sevənləri ürəkdən təbrik edirəm. Mənə dəstək olan, üzərimdə əməyi olan ustadlara təşəkkür edirəm. Sözsüz ki, tamaşaçıların o alqışları, o sevgilərı hamısı mənə stimuldur. Hər uğurumda bunu gördüm və bir daha əmin oldum ki, sənət üçün çalışanda o səni zirvələrə aparır. Bu sənətin yaranmasında, yaşamasında xalqın əziyyəti var. Xalq bunları qoruyub saxlayır. Biz ifaçılar xalqın dəstəyi ilə, onların sevgisinə söykənərək bunu yaşadırıq. Sənət üçün çalışmaq zəhmət və bu yolda usanmadan xidmət göstərmək həmişə öz bəhrəsini verib. Bundan sonra da verəcək. Nə qədər ki, canımda can var, nə qədər ki, səhnə üçün yarıyıram daha böyük uğurlara imza atmaqda məqsədliyəm. Sözün düzü bu bir az çətin olur, çünki qədim sənətdir. Belə bir ciddi sənətlə gündəmdə qalmaq asan məsələ deyil. Çünki bu gün gündəmdə daha dinamik, müasir musiqilər qalır, daha çox onlar səslənir, daha çox onlar tələbatlıdır. Amma milli, mənəvi dəyərlərimiz olan saz sənəti, muğam sənəti hər zaman yaşayacaq. Onları yaşatmaqda necə ki, dövlət başçımız, onun xanımı bizlərdən dəstəyini əsirgəmir, bizim də borcumuzdur ki, sənətin əsgərləri kimi bu yolda layiqincə xidmət göstərək. Allahın izni ilə bizə verilən etimadı daim doğruldarıq. Hər dəfə hansısa uğura imza atanda, nominassiyaya layiq görüləndə məsuliyyətim daha da artır. Bu məni nə qədər çox sevindirirsə, bir o qədər də daha çox zəhmət çəkməyə vadar edir. Demək ki, bununla kifayətlənmək olmaz, deməli sən davam etməlisən. Arzu edirəm ki, hər zaman məsuliyyətimizi zirvələrə ucalmaqlarla, böyük uğurlarla artıraq”, - deyə sənətkar bildirib.
 
Tanınmış aşıq bildirib ki, gündəmdə qalmaq üçün hər kəsin öz seçimi var. 
 
“Bu normal haldır. Hərənin öz yolu, öz məqsədi var. Kimisi daha çox maddiyyat əldə etmək üçün çalışar, kimisi daha çox şan-şöhrət əldə etmək üçün çalışar, kimisi tarix yazmaq üçün çalışar. Zatən hər kəs eyni yolda yürüyə bilməz. Bu mümkün deyil. Onu deyə bilərəm ki, mənim tutduğum yol daim ustadlardan gördüyüm yoldur. Bu gün də belə görürəm ki, ustad sənətkarlar sənətin ucalığı və özlərinin bu sənətlə ucalması üçün necə çalışırlarsa, mən də onlardan görüb-götürdüyümü icra edirəm. Allahın izni ilə hər şey daha gözəl, daha yaxşı olar. Daha böyük məqsədlərim var. İnşallah qismət olsun, folklor musiqi ilə bağlı beynəlxalq, böyük yarışlarda daha çox çıxış edib, daha çox nominasiyalar, qələbələr qazanmaq istəyirəm. Məhz milli musiqimizlə”, - deyə aşıq bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
50
moderator.az

10Mənbələr