AZ

Vahid Qarabağlı: Pezeşkian prezident olduqdan sonra da türklüyünü gizlətmir, bu önəmlidir

Bazar günü İranın ali dini lideri Ayətullah Əli Xameneyi Məsud Pezeşkianın 9-cu prezident kimi fərmanını imzalayıb. Pezeşkian iyulun 30-da İran Parlamentində İranın “rəsmi məzhəbi, İslam Cümhuriyyəti nizamı və konstitusiyasının” qoruyucusu olacağına and içərək rəsmən vəzifəyə başlayacaq. Sosioloq və siyasi fəal Vahid Qarabağlı Amerikanın Səsinə müsahibədə Məsud Pezeşkianın Təbrizin millət vəkili olduğu dövrlər, prezidentliyə namizədlik dönəmi və prezident seçildikdən sonra gündəmə gətirdiyi sözlərini və diskurslarını dəyərləndirib.

“Mənə görə, Pezeşkianın İrandakı etnik ayrı-seçkilik məsələsi ilə bağlı söyləmi önəmlidir. Ona görə ki, İranda illərdir bu problemin varlığı inkar edilmişdir. Yəni, yüksək vəzifələrdə olanlar, Xameneyi və ya digər rəsmilər hər zaman elə davranıblar, saki bütün bir İran milləti vardır, heç bir ayrı-seçkilik yoxdur və [etnik icmalar] eyni səviyyədədir,” Qarabağlı söyləyir.

Bir çox İran ekspertinin fikrincə, İranın ali dini lideri İslam Respublikasının qarşı-qarşıya olduğu xarici və daxili problemləri nəzərə alaraq Pezeşkianın prezident olmasına yol verib. Qarabağlının sözlərinə görə, Pezeşkianın prezidentliyə namizədliyinin önü bu gözlənti ilə açılıb ki, o, İranın yaxın gələcəkdə mümkün daxili və xarici böhranlardan daha yumşaq keçməsinə vasitə olsun.

Qarabağlı dini və etnik ayrı-seçkilikləri sıx şəkildə gündəmə gətirdiyi üçün Pezeşkianın bundan öncəki prezidentlər və digər rəsmilərdən fərqləndiyini vurğulayır.

“Pezeşkian prezident namizədi olaraq dedi ki, İranda sünnilərə ayrı-seçkilik olub, etnik qruplara ayrı-seçkilik olub. Onlar dövlət vəzifələrində bərabər şəkildə təmsil olunmurlar. Məsələn Bəluçistan və Azərbaycan bölgələrində iqtisadi və kültürəl olaraq ayrı-seçkilik var. Bunların diskursiv olaraq bir prezident namizədinin və indi də bir prezidentin ağzından çıxması çox önəmlidir,” sosioloq bildirir.

O, İranda qeyri-fars icmaların bərabər hüquqlar uğrunda mücadiləsinə diqqət çəkərək deyir ki, bu söyləm zatən var idi. “Ayrı-seçkiliyə məruz qalmış türklər, bəluçlar, türkmənlər, kürdlər və ərəblər illərdir bunun üçün mübarizə edirlər ki, bu söyləm İranın gerçəkliyi olaraq yayılsın. Pezeşkian bu söyləmin güclənməsinə səbəb olur. Bu bir mübarizədir. Pezeşkian dönəmində mən düşünmürəm ki, o, bu məsələləri həll edəcək. Çünki bunlar köklü məsələlərdir. Bunlar keçən yüzilin məhsuludur. Keçən yüzilin ideologiyası və siyasətidir ki, indi institutlaşdırılıb. Amma eyni halda keçən yüzildə buna qarşı da bir mübarizə gedib,” o bildirib. Məsud Pezeşkianın prezident seçildikdən sonra da nitqlərində və sosial media paylaşımlarında türkcə ifadələrə yer verməsi ekspertlər və fəallar tərəfindən fərqli şəkillərdə şərh olunur. Bəzi türk fəallar Pezeşkianın X hesabında İranın ali dini liderin hesabından edilən paylaşıma cavab olaraq paylaşımını “yaşıyasız” sözü ilə bitirməsini populizm olaraq dəyərləndiriblər. “Pezeşkianın özünə görə fərqli bir xarakteri var. O, keçən 10 ildə millət vəkili olaraq da bu məsələləri dilə gətirib. O, türkcəni gözəl danışır. Normalda Azərbaycan bölgəsindən olan türk vəkillər və ya rəsmilər türkcəni daha çox farslaşdırılmış bir şəkildə danışırlar. Sadəcə felləri türkcə deyirlər. Pezeşkian hər zaman bu mövzuda biraz fərqlənib. İndi də məncə onun türkcə danışması populizm deyil. Əslində bu onun xarakterində var biraz. Yəni, o bir prezident olaraq da türklüyünü gizləmir və hətta açıq bəyan edir. Bu önəmlidir. Çünki İranda keçən yüzildə vahid bir İran kimliyi yaratmağa çalışıblar və orada fərqli kimlikləri yox sayıblar. Ancaq Pezeşkianın türkcə danıçması türkcənin İranda önəmli bir dil olduğunu göstərir. Əgər biz ədalətli bir sistem təsəvvür etsək ki, orada fərqli etnik qruplar təmsili olunur, türk dili də İranda rəsmi olmalı və siyasətçilər bu dildə danışmalı idi. Biz gələcək üçün ele bir hədəf təsəvvür etməliyik,” Vahid Qarabağlı.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
18
visiontv.az

10Mənbələr