AZ

Pezeşkianın heç yerdə açılmayan sirri: Dini rejimə bu səbəbdən gizli ...

İranın yeni prezidenti Məsud Pezeşkian avqustun 5-də parlamentdə (İslami Şura Məclisi) and içərək vəzifəsinin icrasına başlayacaq.

Xatırladaq ki, iyulun 5-də keçirilmiş növbədənkənar seçkilərin 2-ci turunda rəqibi Səid Cəliliyə böyük fərqlə (53,6 Pezeşkian, 44,3 faiz isə Cəlili) qalib gələn 70 yaşlı islahatçı siyasətçi Azərbaycan əsilli kardioloq Məsud Pezeşkian İslam Respublikasının 9-cu prezidenti seçilib.

Hər nə qədər məhdud səlahiyyətlərə məxsus olmasına və dini liderin kölgəsində qalmasına baxmayaraq prezident İranda faktiki olaraq hökumət başçısıdır və ölkənin xarici siyasət kursunu, daxildə sosial-iqtisadi siyasəti həyata keçirən ali icra orqanıdır. Prezident hökuməti formalaşdırır və ona rəhbərlik edir. Keçən illərin təcrübəsi göstərir ki, İranda prezidentin mənsub olduğu cinah təkcə daxili siyasətdə deyil, həm də xarici siyasətdə də ciddi fərqlər yarada bilir.

poster-iran-election-pezeshkian.jpg

Şərti olaraq “islahatçılar” və “mühafizəkarlar” adlanan cinahlara bölünsə də, əslində İran siyasətində bu iki ümumiləşmiş çətir altında çox sayda alt qruplar, fərqli ideoloji görüşlər var. İslamçıların inqilabdan sonra şərti olaraq “islahat” və “mühafizəkar” qanadlara bölünməsi geniş mənada İslam Respublikasının siyasi-ideoloji kursu ilə bağlı fikir ayrılığının nəticəsidir.

“İslahat” qanadı Qərblə dialoq tərəfdarıdır və bunun nəticəsində sanksiyaların yüngülləşdirilməsi, ölkə daxilində bir sıra qadağaların yumşaldılması və bir sıra islahatların tərəfdarlarıdır.
“Mühafizəkar” adlanan digər qanad isə Qərblə konfrontasiyadan çəkinməyən, inqilabın yayılması düşüncəsini mənimsəmiş, son illərdə isə Rusiya və Çinlə siyasi-iqtisadi yaxınlaşmanın tərəfdarı olan düşüncənin daşıyıcılarıdır. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, bu, həddən artıq şərti bölgüdür. “İslahatçılar” hazırkı sistemin işindən çıxmış, hətta onun qurulmasında iştirak etmiş şəxslərdən ibarətdir. “Mühafizəkarlar” da eyni şineldən çıxmış, ancaq daha kəskin xəttin tərəfdarı olan, eyni zamanda içərisində daha kiçik qruplara bölünmüş cərəyandır.

705555_0.jpg

Bu mənada İran siyasətini anlamaq üçün bu iki qrupu yaxından tanımaq lazımdır. Məsud Pezeşkian da digər islahatçılar kimi mövcud dini-siyasi sistemin yetirməsidir, onun əsas prinsiplərinə bağlıdır. Zatən bu olmasa və ya hər hansı neqativ fəaliyyəti olsa onun seçkilərə buraxılması mümkün deyildi. Lakin eyni zamanda prezident hökumətin başçısı kimi ölkənin idarəçiliyini həyata keçirən şəxsdir.

Məsud Pezeşkian seçki kampaniyası zamanı da bəyan edib ki, o da digər “islahatçı” sələfləri kimi Qərblə danışıqlara gedəcək və dialoq vasitəsilə embarqoların yumşalmasına nail olacaq. Lakin onun İslam Respublikasının mövcud siyasi-ideoloji kursundan yayınmasından söhbət gedə bilməz.

Seçkilərdən bir neçə gün sonra Livan Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullahın təbrik məktubuna cavabında Pezeşkian İranın Hizbullah və regiondakı digər müqavimət qruplarına dəstəyin “İranın əsas siyasəti” olduğunu qeyd etdi.

750x500_cmsv2_6f81a3a7-fe68-5227.jpg

Bəs, Pezeşkian dövründə İran-Azərbaycan münasibətlərindən nə gözləmək olar?

Məsud Pezeşkianın seçki kampaniyasında İran azərbaycanlıları fəal şəkildə iştirak etdi. Buna ilk növbədə prezidentliyə namizədin özü cəhd göstərdi. Məsud Pezeşkian seçki kampaniyasında azərbaycanlı olmasını önə çıxardı və kampaniyada etnik kimliyindən açıq şəkildə istifadə etdi. Bu da təbii olaraq azərbaycanlılar arasında müsbət mənada canlanma yaratdı, İran azərbaycanlıları Pezeşkianı öz namizədləri kimi dəstəklədi. Bu, bir tərəfdən İrandakı son illərdə seçkilərdə passiv iştirak edən azərbaycanlıları seçkilərdə fəal iştiraka cəlb etdi, digər tərəfdən isə etnik amili qabarıq şəkildə üzə çıxardı.

Birinci turda Azərbaycan əyalətlərində Məsud Pezeşkianın 75 faizdən artıq səs alması onu göstərdi ki, azərbaycanlıların böyük hissəsi Pezeşkianı özlərindən biri kimi görüb və dəstəkləyib.

Həmçinin “bu tayda” da Azərbaycanlı kimliyinə xüsusi vurğu edən Məsud Pezeşkiana rəğbət var. Bu arada Məsud Pezeşkian İranın ilk azərbaycanlı prezidenti deyil. 1981-ci ildə İslam Respublikasının prezidenti seçilmiş Məhəmməd Əli Rəcai azərbaycanlı olub. Ancaq o prezident postunda cəmisi 30 gün olub, 30 avqustda terror nəticəsində dünyasını dəyişib. Hazırkı dini lider Ayətullah Əli Xameneyi də əslən azərbaycanlıdır və 1981-89-cu illərdə İranın prezidenti olub. Lakin qeyd etdiyim kimi, ilk dəfə etnik azərbaycanlı kimliyini seçkilərdə xüsusi olaraq qabardaraq seçilən şəxs Pezeşkian oldu.

287de00d853c6a1214ccc1dce51a61b6.jpg

Təbii ki, bu, yeni situasiyadır və əlbəttə həm də siyasi və mənəvi məsuliyyət yaradır. Belə demək olarsa, azərbaycanlı amili indiyə qədər aşkar deyilməsə də, siyasətdə ağırlığı vardı; bundan sonra isə azərbaycanlı amili artıq aşkar siyasi amilə çevrilib.

Belə görünür ki, bu amil Azərbaycanla əlaqələrdə də təsirli olacaq. Məsud Pezeşkianı prezident seçilməsi münasibəti ilə ilk təbrik edənlərdən biri Azərbaycan prezidenti oldu. İlham Əliyev İranın yeni prezidentini Azərbaycana səfərə dəvət etdi. Bu da onu göstərir ki, Azərbaycan tərəfi İranın yeni prezidenti ilə yaxşı əlaqələr qurmağa hazırlaşır, qarşı tərəf də buna müsbət reaksiya verib. Çünki təbrik məktubunun ardınca İlham Əliyev Pezeşkianla telefonla danışdı. Və yenə də isti mesajlar verildi. Belə görünür ki, Bakı Tehranla əlaqələrdə yeni mərhələ başladır. Bu danışıqlarla paralel olaraq Tehranda səfirliyimizin fəaliyyətə başlayacağı haqda xəbərin yayılması bir mənada münasibətlərin yaxşı başlanğıcı üçün siqnaldır.

Hər halda keçən illərin təcrübəsi də göstərir ki, “islahatçılar” iqtidarda olanda Azərbaycanla münasibətlər daha yaxşı səviyyədə olur. İndi isə yeni prezident həm “islahatçı”, həm də azərbaycanlıdır, ortaq dil tapmaq üçün imkanlar daha genişdir.

Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
18
musavat.com

10Mənbələr