AZ

Rusiyadan yeni təklif: Paşinyan Kremlin masasına əyləşəcək?

“Rusiya Azərbaycan və Ermənistan nümayəndələri arasında danışıqlar üçün öz platformasını təqdim etməyə hazırdır və onlar üçün ən rahat şəraiti yaradacaq”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib. Onun sözlərinə görə, Rusiya hələ 2022-ci ildə (Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 31 oktyabr bəyanatında təsbit olunub) ölkədə davamlı və uzunmüddətli sülhə nail olmaq üçün ölkələr arasında sülh müqaviləsinin bağlanmasına fəal hazırlığın vacibliyini vurğulayıb. 

“Eyni zamanda, Rusiya da buna hər cür yardım göstərməyə davam edəcəyinə söz verib. Yəni bizim yanaşmamız nəinki sabitdir, bu, ölkəmizin imzaladığı sənəddə də qeyd olunub. Bu cür yardımın həcmi və forması əldə olunmuş razılaşmalara uyğun olaraq, danışıqlar aparan tərəflərin hər biri üçün məqbul olmalıdır. Biz bunu gələcəkdə etməyə hazırıq”, - Zaxarova bildirib. 

O qeyd edib ki, Moskva həm də hər iki nümayəndə heyətinin üstünlük verdiyi ikitərəfli formatda işləməsi üçün ən rahat şəraitin yaradılmasına zəmanət verir. “Eyni zamanda, Rusiya Federasiyası mayın 10-11-də Almatıda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün təşəbbüskarı və təşkilatçısı olan qazaxıstanlı tərəfdaşlarının səylərini alqışlayır. 

Biz həmçinin müttəfiqlərimiz arasında balanslaşdırılmış sülh müqaviləsinin bağlanmasını regionda bölünməz təhlükəsizlik və davamlı iqtisadi inkişaf arxitekturasının qurulması üçün ilkin şərt hesab edirik”, - deyə Zaxarova bildirib. 

Zaxarova qalan fikir ayrılıqlarının tezliklə həllinə və ən yüksək səviyyədə ikitərəfli razılaşmalara uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının digər sahələrində də uğurlu irəliləyişin olacağına ümid etdiyini bildirib. 

Mariya Zaxarovanın açıqlaması Rusiyanın Azəbaycan və Ermənistan arasındakı sülh danışıqlarına ev sahibliyi etmək təklifi kimi başa düşülə bilər. ATƏT-in Minsk Qrupu formatı faktiki olaraq fəaliyyətini dayandırdığına görə Rusiyanın sülh prosesində vasitəçilik etmək imkanı yoxdur. Minsk Qrupunun ləğvini tələb edən Azərbaycan da vasitəçilik institutunu qəbul etmir. Ona görə də Zaxarovanın sözləri Rusiyanın müzakirələrdə daha çox təşkilatçı tərəf kimi çıxış etmək istəyindən xəbər verir. Bu baxımdan, Mariya Zaxarovanın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin may ayında Almatıda keçirilmiş görüşünü misal çəkməsi təsadüfi deyil. İkitərəfli və ya birbaşa formatda baş tutan həmin müzakirələrdə neytral mövqe tutan Qazaxıstan sadəcə görüşün təşəbbüskarı kimi çıxış etmişdi. Eyni zamanda, Berlin və Vaşinqtonun simasında Qərb platformalarında Azərbaycanla Ermənistan arasında birbaşa danışıqların təşkili ilə bağlı səylərin artması Rusiyanı prosesdən kənarda qoyub. Ona görə də Zaxarovanın bəyanatı Qərbin artan diplomatik fəallığına qarşı Rusiyanın cavab addımı kimi qiymətləndirilə bilər. 

Qeyd edək ki, Rusiya Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında sonuncu görüş 2022-ci il oktyabrın 31-də Soçi şəhərində keçirilib. Bundan sonra Ermənistan Moskva platformasında danışıqların aparılmasından imtina edib. Bu mənada, Zaxarovanın nümayəndə heyətlərinin ikitərəfli formatda işləməsi üçün ən rahat şəraitin yaradılmasına Moskvanın zəmanət verdiyi barədə açıqlaması Ermənistanın mövqeyinin yumşaldılmasına hesablanıb. Yəni Rusiya özünün iştirakı ilə Ermənistanı danışıqlar masasına qaytarmaq üçün birbaşa formatda görüşün təşkilinə razı olduğunu bildirir. Doğrudur, Azərbaycan hazırda daha çox üçüncü tərəfin təşkilatçılığı olmadan birbaşa müzakirələrə üstünlük versə də, prinsipcə Moskva platformasında görüşün keçirilməsinə etiraz etmir. 

Ona görə də Rusiyanın cəhdləri çox güman ki, məsələnin Qərb müstəvisində həllinə üstünlük verən Ermənistanı Kremlin masasında əyləşməyə razı salmağa yönəlib. Bununla da Rusiya Cənubi Qafqazın gələcək geosiyasi konfiqurasiyasının Qərbdən deyil, özündən asılı olduğunu xatırlatmaq istəyir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
29
cebheinfo.az

10Mənbələr