AZ

Bakının yeni hədəfi - BRICS

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan BRICS-nin tamhüquqlu üzvü olmaq istəyir. Bunu VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova BRİCS ölkələrinin X Parlament Forumunun plenar iclasında çıxışı zamanı deyib.

O  bildirib ki, Azərbaycan xarici siyasətində dialoqu, əməkdaşlığı və həmrəyliyi təşviq edir: “Bu, ikitərəfli münasibətlərə və beynəlxalq platformalar çərçivəsində fəaliyyətə aiddir. Xüsusilə, bu, BRICS ilə əməkdaşlığa aiddir. Azərbaycan, artıq BRICS-ə qoşulmaq arzusunu ifadə edib. Parlamentlər səviyyəsində əməkdaşlığın inkişafı bu məqsədə nail olmağa kömək edəcək.

Qeyd edək ki, BRICS 2006-cı ildə müxtəlif qitələrin dörd dövləti - Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb. 2010-cu ildə Cənubi Afrika assosiasiyaya qoşulub. Daha dörd ölkə - BƏƏ, İran, Misir və Efiopiya bu ilin əvvəlində təşkilata üzv olub. Bundan əlavə, dünyanın 20-dən çox ölkəsi assosiasiyaya üzv olmaq üçün müraciət edib. BRICS ölkələrinin əhalisi planetin əhalisinin 43 faizini, ümumdaxili məhsulu qlobal ÜDM-in 27 faizini, ticarət dövriyyələri isə dünya ticarətinin 15 faizini təşkil edir. Blombergin hesablamalarına görə, BRICS ölkələrinin dünya ÜDM-də payı 2040-cı ilə qədər 36 faizdən 45 faizə yüksələcək ki, bu da G7 ölkələrinin payından iki dəfə çoxdur. Bəzi proqnozlara görə isə, 2050-ci ildə BRICS-in hazırkı üzvlərinin ÜDM-i bütün inkişaf etmiş ölkələrin ÜDM-in 90 faizini keçəcək və bu, artıq dünyanın keyfiyyətcə fərqli mənzərəsi deməkdir. Əksər ekspertlər BRICS-i qlobal inkişafın, ticarətin və investisiyaların hərəkətverici qüvvəsi hesab edirlər.

Bəs, görəsən, Azərbaycanın bu təşkilata üzv olması ölkəmizə iqtisadi cəhətdən nə qazandıra bilər?

Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru, professor Elşad Məmmədov hesab edir ki, ölkəmizin BRICS-də iştirakı Azərbaycan iqtisadiyyatının rəqabət üstünlüklərini gücləndirməyə kömək edəcək: “Nəzərə almaq lazımdır ki, BRICS qlobal miqyasda ən sürətlə inkişaf edən iqtisadiyyatların iştirak etdiyi və cəmləşdiyi platformadır. Bu, dünya iqtisadiyyatının və onun real sektorunun lokomotivlərinin - Çin və Hindistanın təqdim olunduğu platformadır. Bu platformada Rusiya, Braziliya və Çin iştirak etdiyi üçün ən güclü resurs potensialına malik ölkələr daxildir. Belə bir təşkilatda iştirak, sözsüz ki, istənilən ölkənin imkanlarını genişləndirəcək, Azərbaycan da bu baxımdan istisna deyil. Azərbaycanın ciddi resurs potensialına malik olduğunu başa düşmək lazımdır. Eyni zamanda, ölkənin rahat satış bazarlarına ehtiyacı var, daxili iqtisadiyyatın emal seqmentlərini inkişaf etdirmək və yüksək əlavə dəyər əldə etmək vacibdir. “Bu baxımdan BRICS çox rahat platformadır. Ancaq eyni zamanda, mən BRICS-i makroregion kimi yerləşdirmək istəməzdim, assosiasiya bunun üçün çox geniş miqyaslıdır. BRICS, əslində, hesab edirəm, iqtisadi inkişaf baxımından ən perspektivli makroregionlar arasında dialoq və əməkdaşlıq platformasıdır”.

Ekspert onu da vurğulayıb ki, BRICS-in regionlararası əməkdaşlıq üçün rahat platforma baxımından təsirli perspektivləri var və Azərbaycanın bu strukturda iştirakı daxili iqtisadiyyatın yüksək texnologiyalı emal seqmentlərini əhəmiyyətli dərəcədə stimullaşdıracaq.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Pərviz Heydərov isə deyir ki, Azərbaycanın BRICS-ə qoşulmaq istəməsi təbiidir: “Belə demək mümkündürsə, ölkəmizin buna haqqı da var. Azərbaycan təbii resurslarla zəngin, sürətlə inkişaf əldə etmiş və inkişafda olan, regionda yetərli infrastruktura sahib ölkədir. Burada söhbət, hər növ enerji resurslarını daşıya biləcək müxtəlif tranzit kəmərlərinə, eyni zamanda hava, quru və dəmiryolu nəqliyyat dəhlizlərinə sahib olmaqdan gedir”.

Onun fikrincə, əslində BRICS ölkələri Azərbaycanın bu qrupa qoşulmağında maraqlı olmalıdırlar: “BRICS-ə qoşulmaq Azərbaycana çoxsaylı imkan tanıya bilər. Bu təşkilatın üzv ölkələri çox sürətlə inkişaf edirlər. Keçən il BRICS ölkələri üzrə cəmi ÜDM qlobal ÜDM-in 35.7 faizini təşkil edib. 15 il ərzində təşkilatın qlobal iqtisadiyyatda payı 10.2 faiz artıb. G7 ölkələrinin qlobal iqtisadiyyatda payısa bu müddətdə 9.7 faiz azalıb və 29 faizə düşüb. Qeyd olunan təşkilata Rusiya, Hindistan, Çin daxildir. Bu 3 ölkəylə Azərbaycanın geniş iqtisadi və ticari əlaqələri, alış-verişi və ötürmələri, yəni daşımaları mövcuddur. Şərq-Qərb, Şimal-Cənub dəhlizləri Azərbaycana böyük iqtisadi fayda vəd edir. BRICS-ə üzvlük odur ki, bizə adı çəkilən dəhlizlərin daha geniş istifadəsi üçün yeni yollar aça bilər. Azərbaycanın BRICS-ə üzv olması sırf iqtisadi səmərə, effektlə yanaşı siyasi və s. digər istiqamətlərdə də geniş imkanlar yarada bilər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
10
hafta.az

10Mənbələr