AZ

BRICS də Azərbaycanı öz sıralarında görmək istəyir...

Image

Bu gün bir sıra beynəlxalq təşkilatlar Azərbaycanı öz sıralarında görməyə xüsusi diqqət yetriməkdədir. Ekspertlər hesab edir ki, bunu şərtləndirən çoxsaylı səbəblər var. Əvvəla, Azərbaycan hazırda Avrasiya miqyasında getdikcə daha əhəmiyyətli ölkəyə çevrilib. Ölkənin malik olduğu imkanlar Azərbaycanla işbirliyi quran dövlətlərin, təşkilatların daha da güclənməsi deməkdir. 

Bundan başqa, Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Bunlar fonunda dünyanın ən güclü qurumlarından birinə çevrilməkdə olan Şanxay Əməkdaşlıq Təşkilatı da Azərbaycanı daha yüksək statusla öz sıralarında görmək istəyir. Bunu təşkilata üzv ölkələr, o cümlədən Çin də açıq mətnlə bəyan edir. Xatırladaq ki, bu günlərdə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən zirvə toplantısı çərçivəsində Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamə qəbul olunub. Bəyannamədə deyilir ki, Azərbaycan BRICS-ə də daxil olmaq arzusunu ifadə edir, Çin BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır. Qeyd edək ki, BRICS 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib. BRICS arasında ikitərəfli əlaqələr əsasən müdaxilə etməmək, bərabərlik və qarşılıqlı fayda əsasında aparılır. Hazırda çoxsaylı ölkələr bu qurumun üzvlüyündə maraqlı tərəf kimi çıxış edir.  Bu günlərdə isə Rusiyanın “İzvestiya” nəşri BRICS-ə tamhüquqlu üzv və ya tərəfdaş dövlət kimi qoşulmaq istəyən ölkələrin tam siyahısını əldə edib.

Məlumata görə, ümumilikdə 28 dövlət var ki, bunlar Azərbaycan, Əlcəzair, Banqladeş,  Bəhreyn, Belarus, Boliviya, Venesuela, Vyetnam, Honduras, Zimbabve, İndoneziya, Qazaxıstan, Kuba, Küveyt, Mərakeş, Nigeriya, Nikaraqua, Pakistan, Seneqal, Suriya, Tailand, Türkiyə, Uqanda, Çad, Şri-Lanka, Ekvatorial Qvineya, Eritreya və Cənubi Sudandır: “Onların hamısı namizəddir və qrupa qoşulmaqda maraqlıdırlar. Namizədlərlə və onların qrupa qoşulma formatı ilə bağlı məsələlər BRICS-in oktyabrda Kazanda keçiriləcək sammitində  həll olunacaq. Bununla əlaqədar olaraq Kazanda genişləndirilmə ilə bağlı bəyanatın elan edilib-edilməyəcəyi hələ dəqiq deyil”. Həmçinin qeyd edilib ki, beynəlxalq aləmdə hələ tam tanınmayan Fələstin də birliyə maraq göstərib. Fələstin müşahidəçi dövlət və ya tərəfdaş kimi birliyə qoşula bilər. Beləliklə, bu təşkilatın genişlənməsinə hazırda xeyli sayda dövlət maraq göstərir. Bunlardan ikisi - Pakistan və Qazaxıstan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Hazırda  BRICS mövcud qlobal düşüncəyə fərqli yanaşmanı ortaya gətirir. Bu təşkilata üzv olan ölkələr Qərblə bərabərhüquqlu münasibətlərin tərəfdarıdır. Bu təşkilata üzv ölkələr öz bölgələrində liderliyə iddialıdır. BRICS-in daha bir yaxşı özəlliyi onun digər birliklərə üzvlüklə bağlı məhdudiyyətlər qoymamasıdır. Azərbaycan bu qurumun yaratdığı imkanlardan maksimal dərəcədə istifadə etməyə çalışır. Xarici İşlər Nazirliyinin Təhlil və Strateji Araşdırmalar İdarəsinin müdiri Mahir Qasımov “Azərbaycan və BRICS: imkanlar və perspektivlər” adlı tədbirdə deyib ki, Azərbaycan Çin və digər BRICS üzvləri ilə aktiv əməkdaşlıq edir: “BRICS-in üzv dövlətləri böyük əmək bazarına, təbii resurslara malikdirlər. BRICS-in üzvləri BMT Təhlükəsizlik Şurası, “Böyük iyirmilik” və Şanxay Əməkdaşlıq Təşkilatı kimi böyük təşkilatların da üzvləridir. Ərazi bütövlüyü, suverenliyin toxunulmazlığı kimi məsələlər BRICS sənədlərində xüsusi vurğulanır. Siyasi və təhlükəsizlik, maliyyə və iqtisadiyyat, eləcə də mədəni və xalqlar arasında münasibətlər kimi üç istiqamət BRICS çərçivəsində əsas istiqamətlərdir”.

İqtisadçı, Milli Məclisin VI çağırış deputatı Tahir Mirkişili bildirib ki, Azərbaycanın 2023-cü ildə xarici ticarət dövriyyəsinin 20 faizi BRICS üzvlərinin payına düşür: “Rusiya və Çin bizim ən çox ticarət etdiyimiz üçüncü və dördüncü ölkədir. Azərbaycanın iqtisadi niyyəti BRICS-in nəqliyyat, kommunikasiya və ticarətlə bağlı fəaliyyətlərində aktiv şəkildə iştirak etməkdir. Bu bizim üçün yeni perspektivlər və imkanlar aça bilər”. Onun fikrincə, Çin-Avropa, Rusiya-Hindistan-İran arasındakı ticarət dövriyyəsində Azərbaycan önəmli yer ala bilər: “Uzun illər böyük səylər əsasında yaradılan Şərq-Qərb, Şimal-Cənub koridorlarının intensivləşməsi bizə böyük iqtisadi fayda vəd edir. Azərbaycanın həm Avropa Birliyi, həm də BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı ilə tərəfdaşlıq münasibətləri ölkəmizin iqtisadi siyasətinə və dünyada yaranan yeni reallıqlara uyğun olaraq atılan addımlardır”.

T.Mirkişili bildirir ki, BRICS-ə üzv olan ölkələr Qərblə bərabərhüquqlu münasibətlərin tərəfdarıdır, üzv ölkələr öz bölgələrində liderliyə iddialıdır: "BRICS-in daha bir yaxşı özəlliyi onun digər birliklərə üzvlüklə bağlı məhdudiyyətlər qoymamasıdır. Yəni, üzv ölkələr digər iqtisadi və güc mərkəzləri ilə milli maraqlara uyğun əməkdaşlıq edə bilər. BRICS-ə üzvlük Azərbaycanın xarici siyasətindəki çoxtərəfli əməkdaşlıq prinsiplərinə cavab verir, iqtisadi siyasətimizin hədəflərinə uyğundur. Hesab edirəm ki, həm Qərblə, həm də Şərqlə yaxşı tərəfdaşlıq əlaqələri quran Azərbaycan öz milli maraqlarını hər iki qütbdə təmin edəcək”. İqtisadçı Natiq Cəfərli xatırladır ki, zaman-zaman BRICS təşkilatına yeni üzvlərin qəbulu məsələsi müzakirə olunur: “Hətta qardaş Türkiyə də belə bir istəyini səsləndirir. Qonaq qismində BRICS-in bəzi toplantılarında Türkiyə də iştirak edib. Əgər Azərbaycan Türkiyə ilə birgə bu təşkilata üzv olmaq istəyəcəksə, bunun bir anlamı var”. N.Cəfərlinin sözlərinə görə, BRICS-ə üzvlük əlavə iqtisadi fürsətləri yarada bilər. “Çinlə strateji tərəfdaşlıq müqaviləsi imzalandı. Bu da normaldır, Azərbaycana idxalda son 20 ildə Çin həmişə ilk üçlükdədir. Bu tipli addımlarla Azərbaycan bir növ çoxşaxəli iqtisadi və siyasi münasibətlər formatı yaratmağa çalışır. Bu nə qədər uğurlu olacaq, BRICS-də iştirakı Azərbaycanın Qərblə münasibətlərinə təsir edəcəkmi, bunu gələcək göstərəcək”. Hələlik isə BRICS dünyanın yeni geosiyasi ağırlıq mərkəzi olmaq niyyətindədir. Hələlik onun üçün əsas məqsəd maliyyə-iqtisadi imkanlarını artırmaqdan ibarətdir. Rusiyanın Çindəki səfiri İqor Morqulov bildirir ki, BRİCS ölkələri vahid valyuta üzərində danışıqlar aparırlar: “Biz dolların üstünlük təşkil etdiyi məkanı tərk edirik və həqiqətən müstəqil maliyyə sistemi üçün mexanizm və alətləri inkişaf etdiririk. Onun yaradılması yaxın gələcəkdə mümkün deyil, lakin bu istiqamətdə atılan addımlar göz qabağındadır”. Vaşinqton, təbii ki, bu prosesləri diqqətlə izləyir. Müəyyən məqamda gedişata müdaxilə etməyə çalışacaq. 

Ramil QULİYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
10
baki-xeber.com

10Mənbələr