AZ

Konte: “Prezident mənə dedi ki, Kvaratsxeliya klubda qalacaq”

“Napoli”nin baş məşqçisi Antonio Konte Neapol təmsilçisinin gürcü vingeri Xviça Kvaratsxeliyanın klubdakı gələcəyi haqda danışıb.

Arena.az italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Klub prezidenti mənə dedi ki, Xviça qalacaq. Mən buna çox şadam. Xviça Kvaratsxeliya və Covanni Di Lorentso layihəmizin əsas hissələridir”, deyə Konte vurğulayıb.

Xatırladaq ki, Kvaratsxeliya 2022-ci ilin iyulundan “Napoli”də çıxış edir. İtaliya klubu gürcü vingeri 13,3 milyon avro müqabilində Batumi “Dinamo”sundan transfer edib. Xviçanın Neapol təmsilçisi ilə müaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024 mövsümündə Kvaratsxeliya “Napoli”nin heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. O, İtaliya klubunun heyətində bütövlükdə 88 oyuna çıxıb, 25 qol və 26 məhsuldar ötürmə müəllifi olub. 2022/2023 mövsümündə Xviça “Napoli” ilə İtaliya A Seriyasını qazanıb.

Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 33 oyuna 16 qol vurub, 8 məhsuldar ötürmə verib

Gürcü futbolçu klub karyerası ərzində “Rubin” (Kazan), “Rustavi”, “Dinamo” (Batumi), “Lokomotiv” (Moskva), “Dinamo” (Tiflis) kimi komandalarda da oynayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı gürcü vingerin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Sonda onu da xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” klublarında çıxış edib. O, həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.

Seçilən
79
2
arena.az

3Mənbələr