AZ

Xviça Kvaratsxeliya: “AÇ-dən qürurla və başıdik ayrılırıq”

Gürcüstan millisinin vingeri Xviça Kvaratsxeliya komandasının AÇ-2024-ü tərk etməsinə münasibətini ilk dəfə olaraq bildirib.

Arena.az gürcü futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Avropa çempionatından qürurla və başımızı dik tutaraq ayrılırıq! Çox heyrətamiz duyğular və xatirələrlə. Biz xalqımıza, ölkəmizə böyük sevinc və qürur bəxş etdik. Hər kəsə təşəkkür etmək istəyirəm, biz isə çalışmağa, tərəqqiyə davam edəcək və daha güclü qayıdacağıq. Çox sağ olun”, deyə Kvaratsxeliya bildirib.

Xatırladaq ki, Gürcüstan yığması tarixində ilk dəfə qatıldığı Avropa çempionatında qrupdan çıxmağı bacarsa da, İspaniya millisi ilə 1/8 final oyununda 1:4 hesabıyla uduzaraq mübarizəni dayndırıb.

Kvaratsxeliya 2022-ci ilin iyulundan “Napoli”də çıxış edir. İtaliya klubu gürcü vingeri 13,3 milyon avro müqabilində Batumi “Dinamo”sundan transfer edib. Xviçanın Neapol təmsilçisi ilə müaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024 mövsümündə Kvaratsxeliya “Napoli”nin heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. O, İtaliya klubunun heyətində bütövlükdə 88 oyuna çıxıb, 25 qol və 26 məhsuldar ötürmə müəllifi olub. 2022/2023 mövsümündə Xviça “Napoli” ilə İtaliya A Seriyasını qazanıb.

Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 33 oyuna 16 qol vurub, 8 məhsuldar ötürmə verib

Gürcü futbolçu klub karyerası ərzində “Rubin” (Kazan), “Rustavi”, “Dinamo” (Batumi), “Lokomotiv” (Moskva), “Dinamo” (Tiflis) kimi komandalarda da oynayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı gürcü vingerin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Sonda onu da xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” klublarında çıxış edib. O, həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
3
arena.az

10Mənbələr