AZ

Kaladze Kvaratsxeliyanı hansı klubda görmək istəyir?

“Milan”ın keçmiş müdafiəçisi Kaxaber Kaladze həmvətəni, “Napoli”nin vingeri Xviça Kvaratsxeliyanı hansı klubda görmək istədiyini bildirib.

Arena.az veteran gürcü futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Mən Kvaratsxeliyanı “Real”da görmək istərdim. Karlo Ançelotti ən yaxşı məşqçilərdən biridir. O, artıq hər şeyi sübut edib. Ançelotti gənc futbolçuların dostudur. Karlo oyunçuları düzgün yerləşdirir, gərkli və uyğun taktikalardan istifadə edir”, deyə Kaladze fikrini əsaslandırıb.

Kvaratsxeliya 2022-ci ilin iyulundan “Napoli”də çıxış edir. İtaliya klubu gürcü vingeri 13,3 milyon avro müqabilində Batumi “Dinamo”sundan transfer edib. Xviçanın Neapol təmsilçisi ilə müaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024 mövsümündə Kvaratsxeliya “Napoli”nin heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. O, İtaliya klubunun heyətində bütövlükdə 88 oyuna çıxıb, 25 qol və 26 məhsuldar ötürmə müəllifi olub. 2022/2023 mövsümündə Xviça “Napoli” ilə İtaliya A Seriyasını qazanıb.

Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 33 oyuna 16 qol vurub, 8 məhsuldar ötürmə verib

Gürcü futbolçu klub karyerası ərzində “Rubin” (Kazan), “Rustavi”, “Dinamo” (Batumi), “Lokomotiv” (Moskva), “Dinamo” (Tiflis) kimi komandalarda da oynayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı gürcü vingerin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Sonda onu da xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” klublarında çıxış edib. O, həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.

Seçilən
72
2
arena.az

3Mənbələr