AZ

Maykl Olise “Bayern”də - 53 milyonluq transfer!

İngiltərənin “Kristal Pelas” klubunun sağ vingeri Maykl Olise bundan sonra Almaniya nəhəngi “Bayern”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Münhen təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Bayern” bu transfer üçün qarşı tərəfə 53 milyon avro ödəyib. 22 yaşlı futbolçu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

“Arsenal”, “Çelsi” və “Mançester Siti” kimi klubların futbol akademiyalarından keçmiş Maykl Olise peşəkar karyerasına “Ridinq”də başlayıb. O, “Kristal Pelas”a da 2021-ci ilin yayında 9,3 milyon avro qarşılığında məhz “Ridinq”dən keçmişdi. Yarımmüdafiəçi Premyer Liqa klubunun heyətində 90 oyuna çıxıb, 16 qol vurub, 25 məhsuldar ötürmə verib.

İngiltərə vətəndaşlığına da malik olan fransalı vinger U-18 və U-21-də forma geyinsə də, Fransanın əsas millisində debüt şansı qazanmayıb.

Oliseni heyətinə qatan “Bayern” xorvatiyalı hücumameyilli yarımmüdafiəçisi Lovro Zvonareki də “Şturm Qras”a icarəyə verib. Münhen klubu ilə 2027-ci ilə qədər müqaviləsi olan 19 yaşlı futbolçu 2025-ci ilin 30 iyununa kimi Avstriya təmsilçisinin uğurları üçün çalışacaq.

Lovro Zvonarek “Bayern”ə 2022-ci ilin yayında “Slaven Belupo”dan gəlib. Xorvatiyanın U-21 yığmasının üzvü Münhen klubunun əsas komandasında 5 oyuna çıxıb, 1 qolla yadda qalıb.

Yeri gəlmişkən, “Kristal Pelas” da heyətinə yeni futbolçu qatıb. Premyer Liqa təmsilçisi bu yay İtaliyanın “Latsio” klubundan azad agent kimi ayrılmış yaponiyalı hücumameyilli yarımmüdafiəçi Daiti Kamada ilə 2 illik müqavilə bağlayıb.

Kamada 2023-cü ilin yayında müqavilə bağladığı “Latsio”nun heyətində 38 oyuna çıxıb, 2 qol və 2 assistlə yadda qalıb. O, daha öncə “Saqan Tosu”, “Sent Trüden” və “Ayntraxt” kimi klubların da formasını geyinib.

27 yaşlı yarımmüdafiəçi Yaponiya yığmasının heyətində 33 oyuna çıxıb, 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
50
arena.az

10Mənbələr