AZ

Neft Azərbaycana külli miqdarda yeni valyuta qazandırır...

Image

Dünya bazarlarında neftlə bağlı yenə maraqlı proseslər cərəyan etməkdədir. Proseslərin gedişi göstərir ki, bu məhsul hasilatçı ölkələrə daha çox vəsait qazandıracaq və Azərbaycan da bura daxildir.

Qeyd edək ki, Azərbaycan neftinin satış qiymtələri bir barrel üçün 90 dolları keçib. Bu, büdcədə son dəyişmələrdən sonra müəyyən edilən 75 dollarlıq həddən yüksək olduğundan, ölkəyə əlavə valyuta axınına gətirib çıxarır. 

Hazırda neftin qiymət yüksəlişinə bir sıra faktorlar təsir edir. Atlantik okeanında qasırğa və İsraillə Livan arasında pisləşən münasibətlər buna təkan verir. Eyni zamanda, son illərdə yanacağın aparıcı alıcısına çevrilən Çində tələbin aşağı olması qiymətlərə mənfi yöndə təsir edir. Elə bu fonda qiymətlərə nəzarət etmək üçün Azərbaycanın da daxil olduğu OPEC+ birliyi təklif bazarını dəyişdirir. Bu da qiymət artımına təsir edir. Analitiklər hesab edirlər ki, yayda benzinə tələbatın artması fonunda da neftin qiyməti qalxır. Bundan əlavə, yuxarıda qeyd olunduğu kimi, “qara qızıl”ın qiyməti qasırğa mövsümünün başlanğıcı ilə dəstəklənir. Atlantik okeanında əmələ gələn “Beril” qasırğasının 5-ci kateqoriyaya qədər gücləndiyi bildirilir. “Bloomberg”in məlumatına görə, bu, ilin bu vaxtında Atlantik okeanında yaranmış ən güclü qasırğadır. “Beril”in Meksika körfəzinə doğru hərəkət edəcəyi gözlənilir ki, bu da regionda neft hasilatını çətinləşdirir. Yaxın Şərqdə münaqişənin genişlənməsi qorxuları da kotirovkaların artmasına səbəb olur. İsrail ordusu bildirib ki, Livanda yerləşən İranyönlü “Hizbullah”ın pilotsuz təyyarəsinin hücumu nəticəsində 18 əsgəri yaralanıb. Təşkilat hücumun komanda mərkəzinə yönəldiyini və İsrailin Livandakı evləri atəşə tutmasına cavab olduğunu bildirib. Münaqişə genişmiqyaslı müharibəyə çevrilə bilər, İsraillə İranın dəstəklədiyi “Hizbullah” hərəkatı arasında gərginliyin artması Tehranın münaqişədə birbaşa iştirak edə biləcəyi ilə bağlı qorxuları artırıb. İran isə gündə 3 milyon barrel neft hasil edir ki, bu da qlobal istehsalın təxminən 3%-ni təşkil edir. Bəzi ekspertlər regionda gərginliyin artmasının neftin qiymətinin daha da artmasına səbəb olacağını istisna etmir. Rusiyanın “Alfa Investments” şirkətinin analitiki İqor Qalaktionov qeyd edir: “Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi regiondan neft tədarükünün kəsilməsi risqləri deməkdir. Tələb tərəfində həyəcanverici siqnallara baxmayaraq, neft qiymətlərində yenidən risq mükafatı formalaşır”. Dünya Bankının baş iqtisadçısı Indermit Cill deyib: “Yaxın Şərqdəki son münaqişə 1970-ci illərdən bəri əmtəə bazarları üçün ən böyük şokdan - Rusiyanın Ukrayna ilə müharibəsindən sonra gəlir”. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin beynəlxalq iqtisadiyyata bu gün də davam edən dağıdıcı təsiri olub. O qeyd edib ki, həm neft, həm də qaz tədarüklərinə təsir edən "ikili enerji şoku" ssenarisi onilliklər ərzində baş vermədiyi üçün siyasətçilərdən sayıqlıq tələb olunur. 

Bu ana qədər isə “qara qızıl”ın bahalaşmasını ləngidən xammala olan tələbatın məhdud artması idi. Xüsusilə, dünyanın ən böyük neft istehlak edən regionu olan Asiyaya xam neft idxalı 2024-cü ilin birinci yarısında keçən illə müqayisədə daha az olub. Asiya bu dövrdə gündəlik 27,16 milyon barrel idxal edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə gündəlik 130 min barrel azdır. Bu nəticələr ilk növbədə dünyanın ən böyük neft idxalçısı olan Çinə tədarükün azalması ilə bağlı olub. Beləliklə, ilin birinci yarısında Çin idxalının gündəlik həcmi təqribən 11,08 milyon barrel təşkil edib ki, bu da bir il əvvəlkindən 300 min barrel azdır. Eyni zamanda, həm Beynəlxalq Enerji Agentliyi, həm də OPEC Çində xam neft istehlakının artacağını proqnozlaşdırır. Belə ki, OPEC-in neft bazarı ilə bağlı yeni hesabatında 2024-cü ildə Çində neftə tələbatın 2023-cü illə müqayisədə sutkada 720 min barrel artacağı gözlənilirdi. Beynəlxalq Enerji Agentliyi isə gündə 500 min barel artım gözləyir. Buna səbəb Çin iqtisadiyyatının ilin ikinci yarısında bərpa oluna biləcəyidir. Mütəxəssislər qeyd edirlər ki, son illərdə qlobal neft bazarı faktiki olaraq bir alıcının - Çinin bazarına çevrilib və bu, 2019-cu ildən qlobal neft tələbinin bütün artımını təmin edib. Rus maliyyə analitiki Pavel Ryabov qeyd edir: “Xüsusən, təkcə 2019-cu ildən 2023-cü ilə qədər qlobal neft tələbatı sutkada 2 milyon barrel artıb, lakin artım strukturunda bütün müsbət effekti və hətta daha çoxunu neft istehlakını demək olar ki, 2,3 milyon barrel artıran Çin görüb”. Eyni zamanda, hasilatın ən böyük deqradasiyası Afrika ölkələrində müşahidə olunub, burada hasilat sutkada 1,1 milyon barrel azalaraq 7,2 milyon barrel olub. Yaxın Şərq ölkələri hasilatı cəmi 220 min barrel artıraraq sutkada 30,4 milyon barrelə çatdırıb. Səudiyyə Ərəbistanında hasilat 443 min barrel azalaraq sutkada 11,4 milyon barrel olub. Öz növbəsində, MDB ölkələri hasilatı demək olar ki, 1 milyon barrel azaldaraq 13,75 milyon barrelə endiriblər. Bunun əsas səbəbi OPEC+ ölkələrinin hasilatı artırmaq istəməməsidir. Səudiyyə Ərəbistanı və Rusiya gündə ən çox neft hasil edən iki əsas OPEC+ iştirakçısı olaraq hələlik gündəlik hasilat həcmini artırmağa çalışmırlar. Beləliklə, OPEC+ neft bazarında tələb və təklif arasında qeyri-müəyyən tarazlıq tapmağa çalışır. Ekspertlərin fikrincə, bu fonda ilin sonuna kimi neftin bahalaşmaqda davam edəcəyini gözləmək olar. 

Ramil QULİYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
20
baki-xeber.com

10Mənbələr