AZ

Türk dövlətlərinin güc və birliyi! - TƏHLİL

Prezident İlham Əliyev: "Hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur"

Türkdilli ölkələrin vahid platformada birləşməsi bu ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq əlaqələrinə yeni imkanlar açıb. Qloballaşma meyillərinin gücləndiyi müasir dövrdə tarixi köklərə bağlı olan Türk dövlətləri sarsılmaz birlik nümayiş etdirirlər ki, bu da ziddiyyətlərlə dolu olan bir dünyamızda böyük əhəmiyyət kəsb edir. Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Azərbaycan türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsi prosesində aparıcı rola malik ölkələrdəndir. Belə ki, türk dövlətlərinin inteqrasiyası üçün fəal siyasi təşəbbüslərlə çıxış edir, iqtisadi maraqların uzlaşdırılması məqsədilə koordinasiyanın formalaşmasını gerçəkləşdirir.

"BİZİM AİLƏMİZ TÜRK DÜNYASIDIR, BİZİM BAŞQA AİLƏMİZ YOXDUR"

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, "Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər. Bildiyiniz kimi, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub". Cənab Prezident builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda bildirmişdi ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur: "Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Şadam ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir".

Bildiyiniz kimi, bir neçə gündən sonra Azərbaycan Prezidentinin təşəbbüsü ilə Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Dövlət başçımızın çıxışlarının birində bildirdiyi kimi, "Hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Çox şadam və həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər". Şuşa şəhərində keçiriləcək qeyri-rəsmi Zirvə görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. "Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Mən hesab etdim ki, indiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Biz bu mövzu ilə bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi aparmalıyıq" – deyə Prezident bildirmişdir.

TÜRK DÜNYASINI DAHA DA SIX BİRLƏŞDİRƏN TARİXİ QƏRARLAR

Xatırladaq ki, Azərbaycanın bu istiqamətdə töhfələrindən biri də Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz ölkəmizdə imzalanmasıdır. 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradılıb. Saziş Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri tərəfindən imzalanıbdır. Ötən müddət ərizində bu əlaqələr genişlənib. Naxçıvan sazişinin imzalanmasından keçən dövr ərizində görülən işlər, qarşılıqlı səfərlər türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirmək üçün səmərəli platformaya çevrilib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə qəbul olunan tarixi əhəmiyyəti ilə səciyyələnir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının "Türk Dövlətləri Təşkilatı"na dəyişdirilməsi haqqında Qərar, Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi haqqında Qərar, Azərbaycan Respublikası Prezidentinin "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilməsi haqqında Qərar, Türk Şurası VIII Zirvə Görüşünün Bəyannaməsi və digər qərarların imzalanması tarixi hadisə olaraq əhəmiyyət daşıyır.

Məlumdur ki, müasir dövrümüzdə bu təşkilat beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi haqqında qərar da məhz Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul olunmuşdu. Azərbaycanın qədim mədəniyyət ocaqlarından biri olan Şuşa şəhərinin 2023-cü il üçün "Türk Dünyasının Mədəniyyət Paytaxtı" elan olunması əlbəttə ki, həər bir şeyi özündə ehtiva edir. TÜRKSOY tərəfindən Şuşanın 2023-cü il üçün "Türk Dünyasının Mədəniyyət Paytaxtı" elan edilməsi Türk-İslam dünyasının Azərbaycanın qədim şəhərinin mədəni zənginliyinə diqqətinin göstəricisidir.

Xatırladaq ki, istismara verilən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri Xəzər neftini və qazını dünya bazarlarına çıxarır. Orta Asiyanın karbohidrogen ehtiyatları Xəzər dənizi və Azərbaycan vasitəsi ilə dünya bazarlarına nəql edilir. Aktau və Bakı dəniz limanları arasında gəmi daşınmalarının inkişafını da vurğulamalıyıq. 2013-cü ildə Bakı, Aktau və Samsun beynəlxalq dəniz limanları arasında Türk qardaş limanları haqqında Anlaşma Memorandumu imzalanmışdır. Aktau və Bakı dəniz limanları arasında gəmi daşınmaları inkişaf etməkdədir. Bakı – Aktau bərə yolu ilə neftlə yanaşı dəmir yol vaqonları, avtomobil, taxıl və s. Yüklərin daşınmaları da yerinə yetirilir. Aktau portundan Qazaxıstanın şimalını birləşdirən 400 km-lik dəmir yolu kənd təsərrüfatı məhsulları və s. daşınmasını xeyli səmərəli edir.

AZƏRBAYCANIN HAQLI MÜBARİZƏSİNƏ DƏSTƏK

TDT-yə üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Belə ki, hələ 2020-ci ildə Vətən müharibəsi zamanı bəziləri hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, türk dövlətləri Azərbaycanın haqlı mübarizəsinə öz dəstəklərini verdilər. 2020-ci il türk dünyası üçün yadda qalan oldu. Belə ki, türk dünyasının önəmli uğurları, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunması, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsi əhəmiyyətli hadisədir.

Azərbaycan tarixi Zəfərdən sonra azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərini davam etdirir. Zəfər qazanan Azərbaycan Qarabağımızda, Şərqi Zəngəzurda böyük quruculuq işlərini davam etdirir. Şuşada, Zəngilanda, Laçında və digər ərazilərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri işğaldan azad olunan hər bir şəhər, qəsəbə və kəndi müasir məkana çevirir.

QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURDA TÜRK DÖVLƏTLƏRİNİN HƏMRƏYLİYİ

Dünyanın ikili standartlara əsaslanan siyasətinin hələ də davam etdiyi hazırkı dövrdə Türk dünyasının birliyinin zəruriliyi özünü daha aydın şəkildə nümayiş etdirir. İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra bu birliyin daha da möhkəmləndiyi diqqətdən kənarda qalmır. Dünya Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının fonunda Türk dünyasının birliyinin şahidinə çevrildi. "Zirvə görüşünün Şuşada keçirilməsi təbii ki, böyük rəmzi məna daşıyır" – deyən Prezident qeyd edib ki, Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Bildiyimiz kimi, üzv dövlətlər Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb. Cəbrayılda yaradılan Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Zəngilanda birinci mərhələsi açılan "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksi və s. qeyd etmək olar. Həyata keçirilən layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir. "Türkiyə Prezidenti, Özbəkistan Prezidenti, Qazaxıstan Prezidenti, Qırğızıstan Prezidenti Ağdama və Füzuliyə səfər etmişdir. Yəni bu, işğal edilmiş torpaqların bərpası üçün, əlbəttə, böyük məna daşıyır. Biz bir daha qardaş dəstəyini hiss edirik, bütün Azərbaycan xalqı bunu hiss edir. Onu da bildirməliyəm ki, azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlamışdır. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidenti ilə bərabər Ağdam rayonunda qoyduq. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Yəni bütün bunlar bir daha birliyimizi göstərir." – deyə Prezident bildirib.

YENİ HƏDƏFLƏRİN REALLAŞMASINA DƏYƏRLİ TÖHFƏLƏR

Bu günlərdə isə iyunun 15-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Şuşa şəhərində Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ildönümünə həsr olunmuş "Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru" mövzusunda beynəlxalq konfrans keçirildi. Tədbirin qardaş Azərbaycanın mədəniyyət beşiyi, 2024-cü ildə "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilmiş Şuşa şəhərində təşkil edilməsinin xüsusi önəmi var. Bu konfrans Türk dünyasında hakim siyasi partiyalar arasında əlaqələrin genişləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi məsələlərinin müzakirəsi baxımından da əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciətində deyilirdi: "Beynəlxalq hüquq normalarının kobudcasına pozulduğu və ikili standartlara əsaslanan selektiv yanaşmaların baş qaldırdığı belə bir şəraitdə milli maraqların qorunmasına hədəflənmiş və mövcud çağırışlara cavab verən siyasətin həyata keçirilməsi müstəqil dövlətlərin qarşısında duran başlıca vəzifələrdəndir. Son zamanlarda yeni strateji hədəflərə doğru inamla irəliləyərək dünya siyasətində yüksələn güc mərkəzinə çevrilən, beynəlxalq nüfuzu və geosiyasi təsir imkanları artmaqda olan Türk Dövlətləri Təşkilatında birləşən ölkələr də analoji çağırışlarla üzləşirlər. Yeni ittifaq modeli kimi dünyanın diqqət mərkəzində olan bu təşkilatda təmsil olunan ölkələrin sıx həmrəylik şəraitində dostluq və qardaşlıq prinsiplərinə, qarşılıqlı anlaşmaya, bərabərhüquqlu tərəfdaşlığa və çoxşaxəli əməkdaşlığa əsaslanan münasibətləri həm milli və regional səviyyədə, həm də qlobal miqyasda sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edən çox önəmli amildir".

Cənab Prezident onu da bildirib ki, Türk Dövlətləri Təşkilatında bir araya gələn ölkələrin siyasi partiyalarının qarşılıqlı faydalı əməkdaşlığı da müştərək məqsədlərin həyata keçirilməsində əhəmiyyətli rol oynayır: "Əminəm ki, Azərbaycan xalqı üçün əlamətdar olan mühüm tarixdə – Milli Qurtuluş Günündə və Şuşa Bəyannaməsinin imzalanmasının növbəti ildönümündə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "İslam dünyasının mədəniyyət paytaxtı" Şuşa şəhərində keçirilən, bu səbəbdən xüsusi rəmzi mənaya və mənəvi-siyasi önəmə malik bu tədbirin ölkələrimiz arasında çoxşaxəli münasibətlərin inkişafına, Türk dünyasında birliyin daha da möhkəmlənməsinə, yeni hədəflərin reallaşmasına dəyərli töhfələr verəcəkdir".

Bildiyimiz kimi, türk dövlətlərinin regionda sabitliyin və sülhün qorunub saxlanılmasında rolu getdikcə artır. Bu yaxınlarda imzalanmasının üçüncü ildönümünü qeyd etdiyimiz Şuşa Bəyannaməsi ikidost ölkənin münasibətlərinin dünəni, bu günü və gələcəyi barədə aydın təsəvvür yaradır. Ümumilikdə türk dövlətləri arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Hazırda dünya bu birliyi işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində aydın şəkildə görür. "Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminəm ki, bu olacaq, biz bunu görürük. Hər bir toplantı, hər bir Zirvə görüşü bizim məqsədlərimizə doğru atılan növbəti addım olur" deyə Prezident bildirib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
1
sesqazeti.az

10Mənbələr