AZ

Türk dünyası vahid ailədə TƏHLIL

Prezident İlham Əliyev: "Biz azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük"

Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir. Son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 6-da TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul etməsi əlaqələrin möhkəmliyinə əsaslanır. "Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər. Bildiyiniz kimi, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub", - bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxışı zamanı bildirib: "Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Şadam ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir".

Xatırladaq ki, Azərbaycanın bu istiqamətdə töhfələrindən biri də Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz ölkəmizdə imzalanmasıdır. 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradılıb. Saziş Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri tərəfindən imzalanıbdır. Ötən müddət ərizində bu əlaqələr genişlənib. Naxçıvan sazişinin imzalanmasından keçən dövr ərizində görülən işlər, qarşılıqlı səfərlər türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirmək üçün səmərəli platformaya çevrilib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşünü xüsusilə qeyd etməliyik. Qəbul olunan tarixi qərarlarla yadda qaldı. Zirvə görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının "Türk Dövlətləri Təşkilatı"na dəyişdirilməsi haqqında Qərar, Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi haqqında Qərar, Azərbaycan Respublikası Prezidentinin "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilməsi haqqında Qərar, Türk Şurası VIII Zirvə Görüşünün Bəyannaməsi və digər qərarların imzalanması tarixi hadisə olaraq əhəmiyyət daşıyır

“HƏR BİR ZİRVƏ GÖRÜŞÜ BİRLİYİMİZİN GÜCLƏNDİRİLMƏSİNƏ İSTİQAMƏTLƏNMIŞ NÖVBƏTİ ADDIM OLUR”

"Mənim təşəbbüsümlə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək" – deyən Azərbaycan Prezidenti bildirib ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz: "Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Çox şadam və həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər və düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək".

Məlumdur ki, müasir dövrümüzdə bu təşkilat beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi haqqında qərar da məhz Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul olunmuşdu. Azərbaycanın qədim mədəniyyət ocaqlarından biri olan Şuşa şəhərinin 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunması əlbəttə ki, qürurvericidir. TÜRKSOY tərəfindən Şuşanın 2023-cü il üçün "Türk Dünyasının Mədəniyyət Paytaxtı" elan edilməsi Türk-İslam dünyasının Azərbaycanın qədim şəhərinin mədəni zənginliyinə diqqətinin göstəricisidir.

"MƏN HESAB ETDİM Kİ, İNDİKİ ZƏMANƏDƏ ORTA DƏHLİZİN POTENSİALINA DÜNYADA DAHA BÖYÜK EHTİYAC VAR"

Cənab Prezident Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşünün keçirilməsinin əsas mövzularının nəqliyyat və iqlimlə bağlı olacağını bildirib: "Bu da təbiidir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Mən hesab etdim ki, indiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Biz bu mövzu ilə bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi aparmalıyıq.

İqlim məsələləri isə bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir. Bildiyiniz kimi, Azərbaycan bu il COP29 konfransına ev sahibliyi edəcək. Bu, bizim üçün həm böyük məsuliyyətdir, həm də böyük şərəfdir. Bu qlobal tədbirə hazırlıq ərəfəsində, əlbəttə ki, qardaş ölkələrlə bu məsələləri də müzakirə etmək böyük fayda verəcəkdir".

Xatırladaq ki, istismara verilən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri Xəzər neftini və qazını dünya bazarlarına çıxarır. Orta Asiyanın karbohidrogen ehtiyatları Xəzər dənizi və Azərbaycan vasitəsi ilə dünya bazarlarına nəql edilir. Aktau və Bakı dəniz limanları arasında gəmi daşınmalarının inkişafını da vurğulamalıyıq. 2013-cü ildə Bakı, Aktau və Samsun beynəlxalq dəniz limanları arasında Türk qardaş limanları haqqında Anlaşma Memorandumu imzalanmışdır. Aktau və Bakı dəniz limanları arasında gəmi daşınmaları inkişaf etməkdədir. Bakı – Aktau bərə yolu ilə neftlə yanaşı dəmir yol vaqonları, avtomobil, taxıl və s. Yüklərin daşınmaları da yerinə yetirilir. Aktau portundan Qazaxıstanın şimalını birləşdirən 400 km-lik dəmir yolu kənd təsərrüfatı məhsulları və s. daşınmasını xeyli səmərəli edir.

"ZİRVƏ GÖRÜŞÜNÜN ŞUŞADA KEÇİRİÇMƏSİ TƏBİİ Kİ, BÖYÜK RƏMZİ MƏNA DAŞIYIR"

TDT-yə üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Belə ki, hələ 2020-ci ildə Vətən müharibəsi zamanı bəziləri hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, türk dövlətləri Azərbaycanın haqlı mübarizəsinə öz dəstəklərini verdilər. 2020-ci il türk dünyası üçün yadda qalan oldu. Belə ki, türk dünyasının önəmli uğurları, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunması, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsi əhəmiyyətli hadisədir.

Azərbaycan tarixi Zəfərdən sonra azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərini davam etdirir. Zəfər qazanan Azərbaycan Qarabağımızda, Şərqi Zəngəzurda böyük quruculuq işlərini davam etdirir. Şuşada, Zəngilanda, Laçında və digər ərazilərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri işğaldan azad olunan hər bir şəhər, qəsəbə və kəndi müasir məkana çevirir.

"Zirvə görüşünün Şuşada keçirilməsi təbii ki, böyük rəmzi məna daşıyır" – deyən Prezident qeyd edib ki, Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Bildiyimiz kimi, üzv dövlətlər Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb:.Cəbrayılda yaradılan Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Zəngilanda birinci mərhələsi açılan "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksi və s. qeyd etmək olar. Həyata keçirilən layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir. "Türkiyə Prezidenti, Özbəkistan Prezidenti, Qazaxıstan Prezidenti, Qırğızıstan Prezidenti Ağdama və Füzuliyə səfər etmişdir. Yəni bu, işğal edilmiş torpaqların bərpası üçün, əlbəttə, böyük məna daşıyır. Biz bir daha qardaş dəstəyini hiss edirik, bütün Azərbaycan xalqı bunu hiss edir. Onu da bildirməliyəm ki, azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlamışdır. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidenti ilə bərabər Ağdam rayonunda qoyduq. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Yəni, bütün bunlar bir daha birliyimizi göstərir. Bu fürsətdən istifadə edərək mən qardaş ölkələrə bir daha təşəkkürümü bildirmək istəyirəm" – deyə Prezident bildirib.

"MƏN BİR DAHA QEYD ETMƏK İSTƏYİRƏM KI, TÜRKPA-NIN BUGÜNKÜ TOPLANTISI BÖYÜK ƏHƏMİYYƏT DAŞIYIR"

Hər bir ərazidə böyük abadlıq-quruculuq işlərinə başlanılıb. Artıq işğaldan azad olunan ərazilərimizdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri davam etdirilir. İşğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin həmin ərazilərə səfər etməsi və bərpa-quruculuq işləri ilə şəxsən maraqlanması, istehsal müəssisələrinin, sosial obyektlərin təməlqoyma, açılış mərasimlərində iştirak etməsi görülən işlərin sürətini artırmaqla yanaşı, keyfiyyətinin də yüksək olmasından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işləri sırasında yollarının yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur.

Cənab Prezident onu da diqqətə çatdırıb ki, azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. "İndi Şuşaya gedən hər bir insan yeni çəkilən avtomagistraldan keçərək öz gözü ilə görür ki, orada 7 tunel, 9 viaduk, bir çox körpülər inşa edilir və podratçıların əksəriyyəti Türkiyədən olan şirkətlərdir. Eyni zamanda, dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir", - deyən Prezident bildirib ki, biz azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük: "Təbii ki, bu, həm bizi sevindirir, həm də bütün Türk dünyası ölkələrinin bir-birinə nə qədər bağlı olmasından xəbər verir.

Azad edilmiş torpaqlarda həyat bərpa olunur. Artıq 4 şəhər və 4 kənd bərpa edilib və keçmiş köçkünlər oraya qayıtmışlar. Yeddi mindən çox keçmiş köçkün artıq öz dədə-baba torpaqlarında yaşayır və bu ilin sonuna qədər bu rəqəm ən azı 20 minə çatacaq. Geniş quruculuq, abadlıq işləri aparılır və Qarabağ, Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir.

Mən bir daha qeyd etmək istəyirəm ki, TÜRKPA-nın bugünkü toplantısı böyük əhəmiyyət daşıyır. Əminəm ki, müzakirə ediləcək məsələlər bizim birliyimizi daha da gücləndirəcək. Eyni zamanda, hər dəfə qardaş ölkələrdən yüksəkvəzifəli şəxslər ölkəmizə gələndə, bu, bizi sevindirir. Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminəm ki, bu olacaq, biz bunu görürük. Hər bir toplantı, hər bir Zirvə görüşü bizim məqsədlərimizə doğru atılan növbəti addım olur".

Zümrüd BAYRAMOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
1
sesqazeti.az

10Mənbələr