AZ

Təbiət hadisəsi nəticəsində təsərrüfatına ziyan dəyən fermerlərin DİQQƏTİNƏ: 10 gün ərzində ...

"Güclü küləyin təsərrüfatlara vurduğu zərərlə bağlı Aqrar Sığorta Fonduna müraciətlər artmaqdadır".

Bu məlumatı Ölkə.az-a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov verib.

O qeyd edib ki, son bir həftə ərzində - iyunun 15-21 tarixlərində əkin sahələrinə dəymiş zərərlərlə bağlı fonda 120-dən artıq müraciət daxil olub.

"Müraciətlər Şamaxı, Qobustan, Şəki, Oğuz, Beyləqan, Zaqatala, Hacıqabul, İsmayıllı, Kürdəmir, Ağsu, Füzuli, Yevlax, Ağcabədi, Xocavənd, Tərtər, Salyan, Balakən, Ağdam, Tovuz, Zərdab, Goranboy, Cəlilabad, İmişli, Ağstafa, Biləsuvar, Şəmkir, Qusar, Qax və digər rayonlardan daxil olub.

Zərərlərin dəyməsi ilə bağlı fonda müraciətlər dolu, intensiv yağışlar, güclü külək, qasırğa, fırtına, sel-subasma kimi hadisələri əhatə edir. Təbiət hadisələri fondun sığorta etdiyi buğda, arpa, qarğıdalı, pambıq, nektarin, şaftalı, alma, armud, ərik, üzüm, heyva və sair bitkilərə zərər vurub.

Ümumilikdə 2024-cü ilin ilk altı ayı ərzində Aqrar Sığorta Fonduna əkin sahələrinə dəyən zərərlər üzrə 1 200-ə yaxın müraciət daxil olub. Bunlardan 800 hadisə son iki ayda qeydə alınıb"- deyə V.Hüseynov qeyd edib.

O vurğulayıb ki, Aqrar Sığorta Fonduna müraciətlərin bir hissəsi sığortası olmayan əkin sahələri üzrə daxil olub ki, bu müraciətlər üzrə ödənişlər edilmir.

"Sığortalı təsərrüfatlardan daxil olan müraciətlər üzrə hadisələrin araşdırılması üçün aqrar sığorta ekspertləri təyin edilib və ərazilərə ezam ediliblər. Bu proses davam etməkdədir. Hazırda fondun onlarla aqrar sığorta eksperti bölgələrdə təsərrüfatlara dəyən zərərlərin hesablanması ilə məşğuldur.

Aqrar Sığorta Fondu əkin sahələrinin təbiət hadisələri və digər risklərdən qorunması üçün fermerləri təsərrüfatlarını sığorta etməyə, hadisə baş verdikdə isə 10 gün ərzində fonda müraciət etməyə çağırır"- deyə o qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
8
olke.az

10Mənbələr