AZ

Güclü külək səbəbindən Aqrar Sığorta Fonduna son bir həftədə 120-dən çox müraciət daxil olub

Güclü

Bakı, 21 iyun, AZƏRTAC

Son günlər respublikanın əksər rayonlarında müşahidə edilən güclü külək, qasırğa, fırtına, dolu və güclü yağışlar əkin sahələrinə və təsərrüfatlara zərər vurub. Bununla bağlı Aqrar Sığorta Fonduna müraciətlər artmaqdadır.

Fonddan AZƏRTAC-a bildirilib ki, son bir həftə ərzində – iyunun 15-dən 21-dək müddətdə əkin sahələrinə dəymiş zərərlərlə bağlı 120-dən çox müraciət daxil olub.

Müraciətlər Şamaxı, Qobustan, Şəki, Oğuz, Beyləqan, Zaqatala, Hacıqabul, İsmayıllı, Kürdəmir, Ağsu, Füzuli, Yevlax, Ağcabədi, Xocavənd, Tərtər, Salyan, Balakən, Ağdam, Tovuz, Zərdab, Goranboy, Cəlilabad, İmişli, Ağstafa, Biləsuvar, Şəmkir, Qusar, Qax və digər rayonlardan daxil olub.

Zərərlərin dəyməsi ilə bağlı müraciətlər dolu, intensiv yağışlar, güclü külək, qasırğa, fırtına, sel-subasma kimi hadisələri əhatə edir. Təbiət hadisələri və zərərlər fondun sığorta etdiyi əksər bitki növləri üzrə – buğda, arpa, qarğıdalı, pambıq, nektarin, şaftalı, alma, armud, ərik, üzüm, heyva və digər bitkilərə zərər vurub. Ümumilikdə, bu ilin ilk 6 ayı ərzində Aqrar Sığorta Fonduna əkin sahələrinə dəyən zərərlər üzrə 1200-ə yaxın müraciət daxil olub. Bunlardan 800 hadisə son 2 ayda qeydə alınıb.

Aqrar Sığorta Fonduna müraciətlərin bir hissəsi sığortası olmayan əkin sahələri üzrə daxil olub. Belə müraciətlər üzrə ödənişlər edilmir.

Sığortalı təsərrüfatlardan daxil olan müraciətlər üzrə hadisələrin araşdırılması üçün aqrar sığorta ekspertləri təyin edilərək, ərazilərə ezam olunublar. Bu proses davam edir. Hazırda fondun onlarla aqrar sığorta eksperti bölgələrdə təsərrüfatlara dəyən zərərlərin hesablanması ilə məşğuldurlar.

Aqrar Sığorta Fondu əkin sahələrinin təbiət hadisələri və digər risklərdən qorunması üçün fermerləri təsərrüfatlarını sığorta etməyə, hadisə baş verdikdə isə 10 gün ərzində fonda müraciət etməyə çağırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
8
azertag.az

10Mənbələr