AZ

Təbiət hadisəsi nəticəsində təsərrüfatına ziyan dəyən fermerlərin DİQQƏTİNƏ:  10 gün ərzində müraciət etməlisiniz

Təbiət Təbiət hadisəsi nəticəsində təsərrüfatına ziyan dəyən fermerlərin DİQQƏTİNƏ:

"Güclü küləyin təsərrüfatlara vurduğu zərərlə bağlı Aqrar Sığorta Fonduna müraciətlər artmaqdadır".

E-saglam.az xəbər verir ki, bu məlumatı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov verib.

O qeyd edib ki, son bir həftə ərzində - iyunun 15-21 tarixlərində əkin sahələrinə dəymiş zərərlərlə bağlı fonda 120-dən artıq müraciət daxil olub.

"Müraciətlər Şamaxı, Qobustan, Şəki, Oğuz, Beyləqan, Zaqatala, Hacıqabul, İsmayıllı, Kürdəmir, Ağsu, Füzuli, Yevlax, Ağcabədi, Xocavənd, Tərtər, Salyan, Balakən, Ağdam, Tovuz, Zərdab, Goranboy, Cəlilabad, İmişli, Ağstafa, Biləsuvar, Şəmkir, Qusar, Qax və digər rayonlardan daxil olub.

Zərərlərin dəyməsi ilə bağlı fonda müraciətlər dolu, intensiv yağışlar, güclü külək, qasırğa, fırtına, sel-subasma kimi hadisələri əhatə edir. Təbiət hadisələri fondun sığorta etdiyi buğda, arpa, qarğıdalı, pambıq, nektarin, şaftalı, alma, armud, ərik, üzüm, heyva və sair bitkilərə zərər vurub.

Ümumilikdə 2024-cü ilin ilk altı ayı ərzində Aqrar Sığorta Fonduna əkin sahələrinə dəyən zərərlər üzrə 1 200-ə yaxın müraciət daxil olub. Bunlardan 800 hadisə son iki ayda qeydə alınıb"- deyə V.Hüseynov qeyd edib.

O vurğulayıb ki, Aqrar Sığorta Fonduna müraciətlərin bir hissəsi sığortası olmayan əkin sahələri üzrə daxil olub ki, bu müraciətlər üzrə ödənişlər edilmir.

"Sığortalı təsərrüfatlardan daxil olan müraciətlər üzrə hadisələrin araşdırılması üçün aqrar sığorta ekspertləri təyin edilib və ərazilərə ezam ediliblər. Bu proses davam etməkdədir. Hazırda fondun onlarla aqrar sığorta eksperti bölgələrdə təsərrüfatlara dəyən zərərlərin hesablanması ilə məşğuldur.

Aqrar Sığorta Fondu əkin sahələrinin təbiət hadisələri və digər risklərdən qorunması üçün fermerləri təsərrüfatlarını sığorta etməyə, hadisə baş verdikdə isə 10 gün ərzində fonda müraciət etməyə çağırır"- deyə o qeyd edib.

14:00

İyunun 20-si günün ikinci yarısından başlayaraq əksər bölgələrimizdə yağıntılı və güclü küləklə müşayiət olunan hava şəraiti hökm sürüb.

Oxu.Az xəbər verir ki, əsən güclü qərb küləyi gecə saatlarından tədricən zəifləyib. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub, şimşək çaxıb. Gədəbəy rayonunun Novo Saratovka kəndinə diametri 25-28 mm olan dolu düşüb.

Sosial şəbəkədə yayımlanan məlumatlara görə, müşahidə olunan hava şəraiti bir çox bölgələrdə, xüsusən də Ağstafa, Tovuz, Gəncə, Şərurda ciddi fəsadlar yaradıb.

Bu cür hava şəraitindən ən çox zərər çəkən, adətən fermerlər olurlar. Bəs görəsən fermerlərə dəyən ziyanın ölçülməsi üçün sığorta ekspertləri bölgələrə ezam olunubmu?

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə sorğu ünvanladıq.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sığorta ekspertləri müraciət əsasında bölgələrə ezam olunurlar.

"Bölgələrdə sığorta olunan təsərrüfatların sahibləri olan fermerlər 10 gün ərzində Aqrar Sığorta Fonduna müraciət edərək zərərin dəyərləndirilməsi üçün ekspertiza təyini istəyə bilərlər. Müraciət əsasında bölgələrə aqrar sığorta ekspertləri ezam olunurlar və dəymiş zərər qiymətləndirilir", - deyə V.Hüseynov qeyd edib.

O qeyd edib ki, bu ilin ilk altı ayı ərzində ekspertiza təyin olunması üçün Aqrar Sığorta Fonduna 800-dən çox müraciət daxil olub.

"Fürsətdən istifadə edərək fermerlərə bir daha müraciət edirik ki, təsərrüfatlarına dəyən ziyanla bağlı sığorta müqaviləsinə əsasən, təbiət hadisələri nəticəsində dəymiş zərərin qiymətləndirilməsi üçün 10 gün ərzində Aqrar Sığorta Fondunun "1651" Çağrı Mərkəzinə müraciət etsinlər", - deyə V.Hüseynov vurğulayıb.

Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyunun 23-ü gündüzədək fasilələrlə davam edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Xatırladaq ki, iyunun 21-22-də bəzi bölgələrdə əvvəlcədən verilən sarı, narıncı və qırmızı xəbərdarlığa uyğun olaraq qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi gözlənilir.

E-saglam.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
5
e-saglam.az

10Mənbələr