AZ

İH əmr etdi - "Şərurlu İsfəndiyar"ın parkinqi dağıdıldı - Yenilənib-VİDEO

Xırdalan şəhəri, Hikmət Aslanov küçəsində “Şərur MTK” tərəfindən inşa olunan “Jasmin Park” kompleksində yaşayan sakinlər adı çəkilən inşaat şirkətinin piyada səkilərini zəbt edərək pullu parkinq yeri yaratdığından narazıdırlar.

Bu barədə sakinlər Bakupost.Az-a şikayət ediblər.

Onların dediyinə görə, “Şərur MTK” binanın arxa tərəfində piyadalar üçün nəzərdə tutulan səkini ödənişli parkinq yerinə çevirib. İnşaat şirkətinin yaratdığı dayanacaqda bir günlük parkinqin qiyməti 1 manatdır.

Şirkətin ərazi üzrə nümayəndəsinin piyada yolunda parkinq açılmasına etiraz edən sakinlərə cavabi isə belə olub:

“Gedin kimə istəyirsiniz, şikayət edin”.

Məsələylə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən Bakupost.Az-a qeyd olundu ki, piyada keçidləri İcra Hakimiyyətlərinin balansındadır və bununla bağlı ancaq onlar açıqlama verə bilər.

"Şərur MTK"-nın mətbuat xidmətindən isə saytımıza bildirildi ki, o ərazi sakinlərin istifadəsi üçün nəzərdə tutulub və heç bir ödənişdən söhbət gedə bilməz:

“Adı çəkilən ərazi bərbad vəziyyətdə idi. Orada sadəcə abadlıq işləri aparılıb. Ərazi sakinlərin istifadə etməsi üçün nəzərdə tutulub. Orada heç bir ödənişdən söhbət gedə bilməz. Maneələrə gəlincə, orda çalışanlardan biri bilmədən bunu edib və artıq dəmir maneələrin aradan qaldırılması üçün tədbirlər görülür”.

Abşeron rayon İcra Hakimiyyətindən Bakupost.Az-a bildirdi ki, məsələylə bağlı “Şərur MTK” rəhbərliyi ilə söhbət aparılıb və vətəndaşların gediş-gəlişinin təmin edilməsi üçün nəzərdə tutulan piyada səkilərinin bərpası tələb edilib:

“Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən Xırdalan şəhəri Hikmət Aslanov küçəsində "Şərur MTK” tərəfindən inşa olunan binanın qarşısında avtomobillərin durması üçün yaradılan parkinqlə bağlı əraziyə baxış keçirilib. Ərazidə müşahidə olunan qanunsuz fəaliyyətlərlə əlaqədar olaraq MTK rəhbərliyi ilə danışıqlar aparılıb və ciddi şəkildə tapşırılıb ki, vətəndaşların gediş-gəlişi üçün nəzətdə tutulan piyada səkisi bərpa olunsun və binanın qarşısında avtomobillərin durması üçün qeyri-qanuni şəkildə quraşdırılmış dəmir məhdudiyyətlər qısa müddətdə ərazidən götürülsün. İcra Hakimiyyətinin nəzarəti ilə qeyd edilən səki tezliklə bərpa ediləcək”.

 

 

 

Vasif Əlihüseyn

BakuPost

 

***

17:35

"Şərur MTK"dan Bakupost.Az-a bildirildi ki, sakinlərin narazılığına səbəb olan parkinq ləğv olundu.

Həmin görüntüləri təqdim edirik:

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
3
hurriyyet.az

4Mənbələr