AZ

Qüsurlu insanların 40,5 %-i qohum nikahlarından dünyaya gələnlərdir-Komitə sədri

"Təxminən 10 il bundan qabaq nikaha girənlərin icbari tibbi müayinəsini qanunvericiliyə salanda da təzadlı fikirlərlə rastlaşırdıq". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. Deputat bildirib ki, hər il nikaha girmək istəyən 100-lərlə insanda təhlükəli xəstəliklər aşkar edilir: "Onlar nikaha girsəydi, dünyaya gələn uşaqlar xəstə doğulacaqdı. Doğrudan da qohum nikahlarından dünyaya gələn uşaqlar arasında xəstəliyə tutulma ehtimalı 2-3, bəzən 4 dəfə artıqdır. Bu, Ümumdünya Səhiyyə Təşkilatının statistikasıdır. Dünyada olan qüsurlu insanların 40,5 %-i qohum nikahlarından dünyaya gəlmiş insanlardır".

Əhliman Əmiraslanov qeyd edib ki, bu qanun layihəsi son dərəcə vacibdir: "Qanun qəbul edildikdən sonra insanlar arasında maarifləndirmə işlərinə böyük ehtiyac var. Biz parlamentin Səhiyyə komitəsi olaraq hər gün faciələrlə rastlaşırıq. Qohum nikahlarından doğulan uşaqlarda ən çox irsi xəstəliklərə, irsi qan xəstəliklərinə rast gəlinir. Bu, ailənin faciəsidir".

Komitə sədri erkən yaşda nikaha girən xanımların arasında reproduktiv orqanlarında bədxassəli şişlərin 7-8 dəfədən çox olmasına da diqqət çəkib.

Spiker Sahibə Qafarova isə qeyd edib ki, bu məsələlərlə bağlı dinləmələri regionlarda keçirmək lazımdır: "Növbəti çağırışın deputatları bu cür dinləmələri regionlarda keçirməlidir. Hər bir region deputatlarla təmsil olunur. Cəmiyyəti maarifləndirmək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
95
2
olaylar.az

10Mənbələr