AZ

ABŞ tarixində ilk: atlar keçiddə dəyişdirilir - Baydeni seçkidə Obama əvəzləyəcək?

Politoloq: “O, xarizma etibarı ilə Rusiya və Çin rəhbərlərindən geridə addımlayacaq”

ABŞ-ın 44-cü prezidenti Barak Obama qarşıdan gələn seçkilərdə hazırkı Amerika lideri Co Baydeni əvəzləyə bilər. Bu barədə Britaniyanın “Daily Mail” nəşri yazıb.

Qeyd olunur ki, Demokrat Partiyası bu riskləri Baydenin səhhətinin pis olması ilə əlaqələndirir. Bu xüsusda həlledici məqam Baydenin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla qarşıdakı debatı olacaq. 

“Əgər Bayden Trampla debatda zəif çıxış edərsə, səhhətində yaranan problem əsas gətirilərək o, başqa namizədlə əvəz oluna bilər”, - məlumatda deyilir.

Qəzet həmçinin Co Baydenin yaşla bağlı problemləri ilə əlaqəli qəribə davranış hallarını xatırladıb. O da vurğulanır ki, rəsmi tədbirlərdə Obamanı tez-tez Amerika liderinin yanında görmək olar.

Sabiq spiker Nensi Pelosi və eks-prezident Bill Klinton da Baydeni əvəzləyə biləcək namizədlər kimi göstərilir. Lakin Obama potensial əvəzedici namizəd kimi seçicilər arasında ən populyarıdır.

ABŞ-ın prezident seçkiləri tarixində belə bir ilk mümkünmü? Baydeni əvəzləyəcəyi təqdirdə Obamanın qələbə şansı necə görünür? Obama təzədən ABŞ prezidenti olsa, indiki anti-Rusiya kursu davam etdiriləcəkmi? Bəs Güney Qafqazla, Azərbaycanla bağlı siyasət necə olacaq?

Azərbaycan

Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Trampla müqayisədə Baydenin namizədlik məsələsinin bir qədər fərqli olduğunu qeyd etdi. Onun fikrincə, payızda ABŞ-da keçiriləcək prezident seçkilərində namizədlərlə bağlı problemlər ilkin seçkilər başlanan gündən var: “Bu seçkinin 2 əsas namizədi- Demokratlar partiyasından Co Bayden, Respublikaçılar partiyasından Donald Tramp tərəflərin həmişə hədəfində olub. Bir tərəf Trampı çoxlusaylı cinayətlərdə ittiham etməklə məhkəmələrə verirdi, digər tərəf isə Baydenin sağlamlığında ciddi problemlər olduğundan onun namizəd olmasını ABŞ-ın milli təhlükəsizliyinə təhdid kimi görürdü. Hazırda situasiya odur ki, böyük ehtimalla iyul ayının 15-də Respublikaçılar partiyasının qurultayında Tramp partiyanın namizədi kimi təsdiq olunacaq . Bundan sonra istənilən cinayət işi onu seçki marafonundan kənarlaşdıra bilməyəcək. Amma Baydenlə bağlı məsələ fərqlidir. İlkin seçkilər bitsə də, qanunvericilik konkret səbəblərə görə namizədin dəyişdirilməsinə imkan verir. Əgər Bayden digər bir namizədlə əvəz olunarsa, yeni namizədin populyarlığından asılı olmayaraq bu ilk növbədə demokratlar üçün ciddi problem yarada bilər. Belə ki, Pespublikaçılar ilk gündən səhhətində problem olduğunu bilə-bilə Baydenin namizəd kimi göstərilməsini dövlətə qarşı aksiya kimi dəyərləndirirdilər. Bu halda isə onların aylardı həqiqəti söylədikləri təsdiq oluna bilər. Digər əsas problem seçicilərin bir çoxunun bu addımı isti qarşılamayacağıdır. Vəziyyətdən asılı olmayaraq demokratlara daim səs verən seçicilərlə bağlı ciddi problem yaşanmayacaq. Amma zaman-zaman səslərini sağa-sola verən seçicilər bundan hiddətlənib mövqelərini dəyişdirə bilərlər. Belə bir halda istənilən yeni namizəd hətta Barak Obama olsa belə, heç nəyi dəyişə bilməyəcək. Birincisi, ABŞ-da seçkiyə ilkin seçkilər başlanan gündən start verilir, namizədlər bütün ştatlarda tərəfdarları ilə görüşlər keçirir və s. Belə halda yeni namizəd ən azı seçki kampaniyasının bu hissəsini keçirmədən ikinci hissəyə başlayacaq. İkincisi, hazırda ABŞ-da mövcud olan situasiyadan dolayı Obamanın seçkinin gedişatını dəyişmək imkanları məhdud olacaq. Dünyada millətçi hislərin artmasının müəyyən mənada ABŞ-a da təsir etdiyini nəzərə alsaq, qaradərili namizədə əvvəlki seçkilərdə olduğu kimi səs verilməsi də şübhə altında qalacaq. Adı hallanan Nensi Pelosinin də yaşı 80-dən yuxarıdır. Klinton isə özü bu seçkilərdə iştiraka maraqlı deyil. Müşahidə etdiyim qədər Klinton Baydenin siyasi xəttini tam olaraq müdafiə etmir və bu da Bayden üzərindən siyasət yürüdən gücləri qane etməyəcək. O səbəbdən hesab edirəm ki, şanslarını bir kənara qoysaq adları hallanan namizədlərdən yalnız Obama bu gün aparılan siyasətin davam olunmasında maraqlıdır”.

Ekspert Baydenin uduzma ehtimallarını daha çox görür: “Əslində ABŞ-ın hazırkı xarici siyasəti məhz Barak Obamanın zamanında başlayıb. Ondan sonra Tramp prezident olaraq bu siyasətə ciddi korrektələr etsə də, Bayden gələndən sonra Obamanın vaxtında aparılan siyasəti yenidən aktivləşdirmişdi. Hazırda Baydenin seçkiləri uduzacağı və ölkənin daxili və xarici siyasətində dəyişikliklər olacağı riskləri böyük olduğundan namizədin dəyişə biləcəyi ilə bağlı proqnozlarda həqiqət payı var. Yəni namizəd dəyişikliyi hakimiyyəti saxlamağa qarantiya olmasa da, Baydenin namizədliyi ilə müqayisədə daha ümidli görünə bilər. Həmçinin hər şeyi olduğu kimi buraxıb, hazırda mövcud olan namizədlərlə qatılma ehtimalları da böyükdür. Bu isə o demək olacaq ki, seçkinin uduzulması variantı göz önünə alınıb. Başqa bir variant az ehtimal olsa da, Trampın eyni mexanizm ilə geri çəkilməsi prosesi ola bilər ki, yeni namizəddən asılı olaraq şansları görə bilərik. Amma burada da seçicilərin belə bir dəyişikliyə etirazlarının şahidi ola bilərik. O səbəbdən hesab edirəm ki, fors-major hadisələr baş verməyəcəyi halda Tramp namizəd olaraq sona qədər gedəcək. Bayden isə namizəd olaraq qalacaqsa, seçkinin uduzması qaçılmazdır. Başqa namizəd olacağı halda isə, nə qədər çətin olsa belə seçki kampaniyası gedişatında az da olsa vəziyyəti dəyişmə şanslarını saxlaya bilər. Hazırda ABŞ-da ciddi güclər aparılan siyasətin dəyişməsində maraqlı deyillər və bütün varintlardan istifadə etməklə hazırkı kursu aparan siyasi komandanın növbəti 4 il üçün qalmasına çalışacaqlar. Amma başqa bir güc mərkəzləri də mövcuddur ki, dünyada yetişən və təhlükəli həddə qədər gəlib çatan gərginliyin artmasından çox narahatdırlar. O səbəbdən bu siyasətə qarşı olan birinin əli ilə gərginliyi azaltmaq siyasətini dəstəkləyə bilərlər”.

Deputat

Sona Əliyeva

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva Amerikanın Rusiya və Çin liderləri ilə müqayisə olunacaq xarizmatik liderə ehtiyacının olduğunu düşünür. O, Baydendə bu xarizmanı görsə də, Obamada görmür: “ABŞ-ın 44-cü prezidenti Barak Hüseyn Obamanın xələfi Cozef Baydenin qarşıdan gələn seçkilərdə əvəzlənməsi ilə bağlı ehtimallar və analizlər hələ ötən ilin noyabrından dövriyyəyə buraxılıb. Son dönəmlərdə bu məsələ bir qədər də aktuallaşıb. Fikrimcə, belə bir ehtimal ağlabatandır, amma indiki şəraitdə o qədər də inandırıcı deyil. Çünki demokratların cəbhəsində Donald Trampa rəqib ola biləcək, reytinqdə onunla uzlaşmağa qadir fiqurlar yoxdur. Əgər belə bir gedişat olarsa, Barak Obama da respublikaçı Trampa uduza bilər. Hətta mümkün ssenari reallaşarsa, Obama xarizma etibarı ilə Rusiya və Çin rəhbərlərindən geridə addımlayacaq. Co Baydeni əvəzləyəcəyi təqdirdə Obamanın Tramp qarşısında şanslarını analitiklər o qədər də yüksək qiymətləndirmirlər. Hazırkı durumda Kamala Harrisin reytinqləri Obamadan daha yüksəkdə dayanır. İndiki situasiyada Birləşmiş Ştatlara Donald Tramp kimi ”döyüşkən" və Rusiya ilə münasibətləri, gərginliyi normallaşdıran bir siyasətçi lazımdır. Obamanın hakimiyyətə gəlməsi ehtimalı Cənubi Qafqaz üçün o qədər də ürəkaçan olmayacaq. Barak Obama dövründə ABŞ-Azərbaycan münasibətləri normaldan da aşağı bir şkala ilə hərəkət edirdi. Ölkəmiz “söz və insan azadlığının boğulmasında” ittiham olunurdu. Amma Tramp dövründə biz 28 ildən sonra ərazi bütövlüyümüzü bərpa edə bildik. 30 illik erməni işğalına son qoymağı bacardıq. Hətta erməni lobbisi də o zamankı ABŞ prezidentinə təsir göstərə bilməmişdi. Bayden dövründə isə erməni lobbisi ölkəmizə qarşı bir çox məsələlərdə və məqamlarda çirkin kampaniyalarla yadda qaldı. Bu baxımdan, düşünürəm ki, Cənubi Qafqazda sülh prosesinin daha da inkişafı üçün Obama və ya Bayden fiqurundan daha çox Tramp kimi praqmatik siyasətçilərə ehtiyac var".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
18
musavat.com

10Mənbələr