AZ

Tanış rəqiblərlə növbəti sınaqlar: “Makkabi” üçün 4-cü Azərbaycan klubu

“Zirə”dən sonra avrokuboklarda mübarizə aparacaq digər 3 komandamızın rəqiblərinin adlarına aydınlıq gəldi. Hərçənd Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizə aparacaq “Qarabağ”ın rəqibinin kimliyi tam dəqiqləşməyib. 11 qat Azərbaycan çempionu Cəbəllütariqin “Linkoln” və Maltanın “Hamrun Spartans” komandalarının qalibi ilə qarşılaşacaq.

Konfrans Liqasında çıxış edəcək klublarımıza gəlincə, “Sumqayıt” Macarıstanın “Fehervar”, “Sabah” isə İsrailin Hayfa şəhərinin “Makkabi” klubu ilə qarşılaşacaq. Bu klubularımız da ikinci mərhələdən mübarizəyə qoşulacaq. Oyunlar ərəfəsində “mikraskop”u rəqiblərimiz tərəfə uzadacağıq. Hələliksə, onlara “teleskop”la baxaq.

Başlayaq “Qarabağ”ın potensial rəqiblərindən. Təbii ki, Ağdam klubu üçün bundan ideal rəqiblər tapmaq mümkün deyildi. Hər nə qədər Qurban Qurbanov zəif rəqibin olmadığını söyləsə də, onun komandası belə oyunlarda öz reputasiyasını korlamır. Böyük ehtimalla bu dəfə də belə olacaq. Təbii ki, hazırkı məqamda hansı komandanın mərhələ adlayacağını proqnozlaşdırmaq çətindir. Ancaq bu komandaların avrokubok təcrübəsinə nəzər salsaq, “Linkoln”un daha təcrübəli olduğunu qeyd etməliyik. Hər halda, ötən mövsüm “Qarabağ”la ÇL-in ilkin mərhələsində qarşılaşan bu komandanı yenidən təqdim etməyə ehtiyac yoxdur.

blank

“Linkoln” çempionumuzla qarşılaşana qədər, yəni 2021/22 mövsümündə  Konfrans Liqasının qrup mərhələsində oynamaq imkanı qazanıb.  Amma 2022/23 mövsümündə bu komanda ilk mərhələdə Şimali Makedoniyanın “Şkupi” kollektivini adlasa da, növbəti mərhələdə Qazaxıstan “Tobol”u ilə bacarmayıb.

Ümumilikdə 44 dəfə avrokubok oyununa çıxan Cəbəllütarriq klubu 9 görüşdə qalib gəlibsə, 7 dəfə heç-heçə oynayıb, 27 dəfə də uduzub. 1976-cı ildə yaradılan bu klub indiyə qədər 28 dəfə Cəbəllüttariq çempionu olub, 20 dəfə ölkə kubokunu qazanıb. Hazırda “Linkoln”un heyətində 15 legioner futbolçu cəmləşibsə, onlardan 7-i ispaniyalıdır. Elə onların baş məşqçisi də ispaniyalıdır: Xavyer Munyos.

“Linkoln”dan fərqli Maltanın “Hamrun Spartans” komandasının elə də zəngin avrokubok təcrübəsi yoxdur. Bu komanda XX əsrdə cəmi iki dəfə qitəmiqyaslı yarışlarda oynamaq imkanı qazanıb ki, bu da son iki mövsümə təsadüf edib. Bunların hamısında da “Hamrun” heç olmasa, bir mərhələ adlaya bilib. Hətta 2022/23 mövsümü onların ifasında daha uğurlu alınıb. Belə ki, həmin mövsümdə Konfrans Liqasında əvvəlcə Ermənistanın “Alaşkert” komandasını, daha sonra Bosniyanın “Velez Mostar” və Bolqarıstanın “Levski” komandalarını mübarizədən kənarlaşdırıblar. Yalnız pley-off mərhələsində Serbiya nəhəngi “Partizan”la bacarmayıblar. Onda da Belqrad klubuna evdə uduzmayıblar – 3:3.  Ötən mövsüm isə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Hayfa “Makkabi”sinə hər iki oyunda uduzub Konfrans Liqasına yuvarlanıblar. Orada isə ilk mərhələdə Tiflis “Dinamo”sunu hər iki oyunda udub 3-cü mərhələdə “Ferentsvaroş”la bacarmayıblar.

Öz ölkələrindəki “əmək kitabçası”nı vərəqləməli olsaq, 10 dəfə yerli Premyer Liqanın qalibi olduqlarını görərik. Son iki ilin çempionudurlar, ölkə kubokunu isə 6 dəfə muzeylərinə aparıblar.

Hazırda bu komandanı italiyalı Alessandro Zinnari çalışdırır. Onların da heyətində yetərincə legioner var ki, sayları 14-ə bərabərdir. Qapıçılar da bilirsiniz kimdir? Uzun illər “Latsio”nun şərəfini qorumuş  və İtaliya millisində də 11 oyunda meydana çıxan 41 yaşlı Federiko Marketti!

Keçək konkret rəqiblərə. Konfrans Liqasında əsas gözümüzü dikdiyimiz “Sabah” ilk mərhələdə çox çətin rəqiblə üzləşəcək. Zəngin avrokubok təcrübəsi olan “Makkabi” 15 dəfə İsrail çempionu olub ki, son 4 ildə 3 dəfə bunu bacarıb. Daha doğrusu, ardıcıl 3 mövsüm çempion olduqdan sonra başa çatan “futbol ili”ndə Təl-Əvivdən olan adaşlarından 11 xal geridə qalaraq liqanı 2-ci sırada başa vurublar.

İsrail millisinin üzvü Dean David kimi oyunçusu olan “Makkkabi” ötən mövsüm bu oyunçusunun 20 qolu ilə diqqət mərkəzinə düşüb. O, Eran Zahavi ilə eyni sayda top vuraraq çempionatın şərikli bombardiri olub. Hayfa klubunun avrokubok təcrübəsinə nəzər salsaq, onların 3 dəfə ÇL-in qrup mərhələsində oynadığını görərik. Sonuncu dəfə 2022/23 mövsümündə ÇL-in qrupunda mübarizə aparıblar. H qrupunda “Benfika”, PSJ və “Yuventus” üz-üzə gələn “Makkabi” sonuncu yeri tutsa da, turinlilər kimi 3 xal toplayıb. “Makkabi” 3 dəfə də Avropa Liqasının qrup mərhələsində oynamaq imkanı əldə edib. Burada da növbəti mərhələyə vəsiqə qazana bilməyiblər, ötən mövsüm 3-cü yeri tutaraq Konfrans Liqasına yuvarlanıblar.

Elə ötən mövsümdən söz düşmüşkən, mübarizəyə ÇL-in ilk təsnifat mərhələsindən başlayan Hayfa klubu “Hamrun Spartans”, “Şerif” və “Slovan Bratislava”nı mübarizədən kənarlaşdırdıqdan sonra pley-offda “Yanq Boyz”la bacarmayaraq Avropa Liqasının qrupuna düşüb. Burada da “Renn”, “Vilyarreal” və “Panatinaikos”un əhatəsində 5 xal toplayaraq Konfrans Liqasına “sürgün olunublar”. Orada da keçid mərhələsində “Gent”i mübarizədən kənarlaşdırıb 1/8 finalda “Fiorentina” ilə bacarmayıblar.

Əlavə şərhə ehtiyac yoxdur. Hazırda bu komandanı Barak Bahar çalışdırır ki, onun da təqdimata ehtiyacı yoxdur. Ötən mövsüm “Neftçi”yə Sankt-Peterburqda 4 qol vuran “Srvena Zvezda”nın baş məşqçisi idi. Onun başçılığı altında Beer-Şeva “Hapoel”i və Hayfa “Makkabi”si, yəni hazırda çalışdırdığı komanda 3 dəfə İsrail çempionu olub. İndiyədək 3 fərqli klubumuzla üz-üzə gələn hayfalılar futbol tariximizə düşüb. Vaxtilə “Qarabağ” İntertoto kubokunda ilk dəfə mərhələ adlayanda məhz İsrail klubuna şok yaşatmışdıq.

blank

Hayfalıların heyətinə gəlincə, burada 9 legionerin top qovduğunu xüsusi vurğulayaq. Onların arasında ABŞ vətəndaşı olan bizə tanış olan sima da var: “Neftçi”nin sabiq futbolçusu Kenni Sayef. Necə deyərlər, ümid möcüzəyə və “Sabah”ın futbolçularının qəhrəmanlığına qalıb.

O ki qaldı “Sumqayıt”ın rəqibinə, “Sabah”la müqayisədə “kimyaçılar” daha münasib komanda ilə qarşılaşacaq. Amma gəlin qəbul edək ki, “Sumqayıt” da “Sabah” deyil. Həm də ki, unutmayaq ki, 2022/23 mövsümündə Konfrans Liqasında indiki “Sumqayıt”dan heç də zəif olmayan “Qəbələ” bu “Fehervar”la bacarmamışdı. Bölgə təmsilçimiz səfərdə 1:4 hesabı ilə məğlub olduqdan sonra evdə təsəlli qələbisinə (2:1) sevinmişdi. “Qəbələ”ni adladıqdan sonra “Fehervar” Moldovanın “Petrokub” komandasını mübarizədən kənarlaşdırıb, pley-off mərhələsində az qala “Köln”ü keçəcəkdi. Almaniyada 2:1 hesabı ilə qalib gəlsələr də, evdə 0:3 hesabı ilə uduzmuşdular. Növbəti mövsüm Macarıstan çempionatında 10-cu yeri tutub avrokuboklardan kənarda qaldılar. Başa çatan “futbol ili”ndə isə 4-cü yeri tutub yenə də Konfrans Liqasında oynamaq imkanı qazandılar.

“Fehervar” demək olar ki, qitəmiqyaslı turnirlərdə oynadığı zaman ən azı bir, çox vaxt 2-3 mərhələ adlayır. Hazırda bu komandanı heç bir titulu olmayan Polşa əsilli İsveç vətəndaşı Bartoş Qjelyak çalışdırır. Onun İsveçdə iki il AİK klubunu çalışdırdığını nəzərinizə çatdıraq.

blank

“Fehervar”ın heyətinə gəlincə, bu komandada 8 legionerin oynadığını da xatırladaq.

CAVAD

Klublarımız İsrail komandalarına qarşı

1. 19.06.1999. Hayfa, İsrail. İntertoto Kuboku. Makkabi Hayfa – Qarabağ 1:2

2. 26.06.1999. Bakı, Azərbaycan. İntertoto Kuboku. Qarabağ – Makkabi Hayfa 0:1

3. 02.07.2009 Bakı, Azərbaycan. AL. Simurq – Bnei-Yehuda 0:1

4. 09.07.2009. Tel-Əviv, İsrail. AL. Bnei-Yehuda – Simurq 3:0

5. 14.07.2011. Tel-Əviv, İsrail. AL. Makkabi Tel-Əviv – Xəzər-Lənkəran 3:1

6. 21.07.2011. Lənkəran, Azərbaycan. AL. Xəzər-Lənkəran – Makkabi Tel-Əviv 0:0

7. 01.08.2012. Hayfa, İsrail. ÇL. Hapoel İroniya Kiryat – Neftçi 4:0

8. 08.08.2012. Bakı, Azərbaycan. ÇL. Neftçi – Hapoel İroniya Kiryat 2:2

9. 18.07.2013. Hayfa, İsrail. AL. Makkabi Hayfa – Xəzər Lənkəran 2:0

10. 25.07.2013. Lənkəran, Azərbaycan. AL. Xəzər-Lənkəran – Makkabi Hayfa 0:8

11. 08.08.2019. Bakı, Azərbaycan. AL. Neftçi – Bnei-Yehuda 2:2

12. 15.08.2019. Petah-Tikva, İsrail. AL. Bnei-Yehuda – Neftçi 2:1

13. 22.10.2020. Tel-Əviv, İsrail. AL. Makkabi Tel-Əviv – Qarabağ 1:0

14. 03.12.2020. Bakı, Azərbaycan. AL. Qarabağ – Makkabi Tel-Əviv 1:1

15. 22.07.2021. Bakı, Azərbaycan. KL. Qarabağ – Aşdod 0:0

16. 29.07.2021. Aşdod, İsrail. KL. Aşdod – Qarabağ 0:1

17. 19.08.2021. Bakı, Azərbaycan. KL. Neftçi – Makkabi Hayfa 3:3

18. 26.08.2021. Hayfa, İsrail. KL. Makkabi Hayfa – Neftçi 4:0

19. 21.07.2022. Bakı, Azərbaycan. KL. Zirə – Makkabi Tel Əviv 0:3

20. 28.07.2022. Tel-Əviv, İsrail. KL. Makkabi Tel-Əviv – Zirə 0:0

Klublarımız Macarıstan komandalarına qarşı

1. 14.07.2016. Budapeşt, Macarıstan. AL. MTK Budapeşt – Qəbələ 1:2

2. 21.07.2016. Bakı, Azərbaycan. AL. Qəbələ – MTK Budapeşt 2:0

3. 12.07.2018. Bakı, Azərbaycan. AL. Neftçi – Uypeşt 3:1

4. 19.07.2018. Budapeşt, Macarıstan. AL. Uypeşt – Neftçi 4:0

5. 21.07.2022. Budapeşt, Macarıstan. KL. Fehervar – Qəbələ 4:1

6. 28.07.2022. Qəbələ, Azərbaycan. KL. Qəbələ –  Fehervar 2:1

7. 03.08.2022. Bakı, Azərbaycan. ÇL. Qarabağ – Ferentsvaroş 1:1

8. 09.08.2022. Budapeşt, Macarıstan. ÇL. Ferentsvaroş – Qarabağ 1:3

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
5
futbolinfo.az

6Mənbələr