AZ

“İlham Əliyevin Ukrayna ilə bağlı Sülh sammitinə qatılmamasının səbəblərindən biri də budur...”

“Həmin sammitdən sonra Rusiya Prezidenti V.Putinin Şimali  Koreyaya  getməsi hər şeydən əvvəl öz müttəfiqinin Uzaq Şərqdə də  dünyanı gözləyən müharibənin qarşısını almaq, daha doğrusu, müharibəyə hazır olmaq təklifi ilə bağlıdır...”
 
“İsveçrədə Ukrayna ilə bağlı keçirilmiş son sammitin anti-Rusiya samiti olduğu inkar olunmaz faktdır. Bəşəriyyət 3-cü dünya müharibəsi ərəfəsindədir. Bu samitdən sonra dünya iki ciddi düşərgəyə bölündü. Daha doğrusu, bölünmüşdü, artıq bundan sonra isə  düşərgələrin açıq toqquşmaları başlayacaq.  Aydındır ki, bu sammitə qədər Rusiyanın Ukraynada apardığı “xüsusi hərbi əməliyyat”lar bu ölkəni Şərqlə-Qərbin  silah poliqonuna çevirmişdi. Fikir versəniz, burada bir çox ölkələrin silahları sınaqdan çıxarılırdı. NATO bu toqquşmaları elə həddə çatdırdı ki, Rusiya ərazilərində də Ukrayna ciddi əməliyyatlar keçirdi və faktiki olaraq Rusiyanın keçirtdiyi “xüsusi hərbi əməliyyat” müharibə həddinə çatdı. Son günlər hadisələrin miqyası o qədər geniş vüsət almışdır ki, Rusiya tərəfi ən ciddi silahlarını işə salmışdır. Deyilənə görə, Sülh samiti başlanan an, Rusiya  hərbiçiləri ilk dəfə olaraq Xarkov ətrafına “vakuum ” bombası atıblar. Bir bomba ilə 230-dan artıq texnikanı və 3 mindən artıq əsgəri  sıradan çıxarıblar”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli “İsveçrədə Ukraynadakı savaşla bağlı keçirilmiş, Rusiyanın dəvət almadığı və Azərbaycanın qatılmadığı Sülh sammitinin nəticələrini necə dəyərləndirirsiz?” sualını cavablandırarkən dilə gətirib.
 
“İsveçrə sammiti faktiki olaraq Putinin Ukrayna ilə bağlı  sülh təkliflərini rəddi ilə başladı və AB-nin Rusiyaya qarşı vahid cəbhədə olmasını ortaya qoydu. Aydındır ki, bu təkliflə elə Avropanın özündə bəzi ölkə rəhbərləri razılaşmadı, çünki samitdə Rusiyanın iştirakı olmadan bu cür birtərəfli qərarların qəbul edilməsi, dünyanın Üçüncü dünya müharibəsi həddinə gətirib çıxardır…
 
Həmin sammitdən sonra Rusiya Prezidentinin Şimali  Koreyaya  getməsi hər şeydən əvvəl öz müttəfiqinin Uzaq Şərqdə də  dünyanı gözləyən müharibənin qarşısını almaq, daha doğrusu, müharibəyə hazır olmaq təklifi ilə bağlıdır. Sammit ərəfəsində Rusiya Prezidenti Putin Ukrayna konfliktinin bitməsi sxemini ortaya atdı. İsveçrə samiti faktiki olaraq Putinin dediklərinin əksinə olan sənəd qəbul etdi. Bu sənədə görə 1991-ci ildəki Ukraynanın ərazisi saxlanılmalıdır.
 
Sammitin mahiyyəti Rusiyanı İsveçrənin qəbul elədiyi formata salmaqdır. Gülməli də çıxsa, Rusiyanın qatılmadığı sammitin... Ən maraqlı cəhətlərdən biri də Çinin, Hindistanın və bir-neçə ölkənin qəbul olunmuş sənədə qol atmamasıdır. Çünki İsveçrədə qəbul olunmuş sənədə qol atan ölkələr çoxdan formalaşmış anti Rusiya koalisiyasına avtomatik şəkildə qəbul olunurdular. Faktiki olaraq burada anti-Rusiya düşərgəsi yarandı”, -deyə davamında siyasi şərhçi diqqətə çatdırıb.  
 
T.Cəfərli Azərbaycan dövlətinin Sülh sammitinə qatılmamasını əsaslandırmağa da çalışıb: 
 
“Azərbaycanın İsveçrə  samitinə qatılmaması, Prezidentimizin atdığı ən düzgün addımlardan biridir. Nə üçün biz onlara qoşulub Rusiyaya qarşı getməliyik? Bu, bizə nə verir? Azərbaycan Qoşulmama hərəkatının üzvüdür və heç bir hərbi ittifaqda təmsil olunmaq istəmir. Razılaşaq ki, indiki dövrdə bu ən düzgün mövqedir Bundan əlavə, haçan Avropa Birliyi Azərbaycanın yanında olub? Fransası Ermənistanı silahlandırır, Almaniyasının Cənubi Qafqazda sülh proseslərinə qarşı törətdikləri əməllər bəs edir ki, Azərbaycan tərəfi onlardan uzaq dursun. Odur ki, heç bir ölkə  Azərbaycanın bu qərarını  tənqid edə bilməz…”
 
“Sizcə, bundan sonra Ukrayna cəbhəsində hansı dəyişikliklər baş verə bilər?” sualına isə analitik belə cavab verib: 
 
“Yadınızdadırsa, hələ iki il bundan qabaq demişdik ki, Ukrayna cəbhəsində dünyanın taleyi həll olunur. Sammitdən sonra vəziyyətin Ukraynanın xeyrinə dəyişəcəyinə inananlar yanılırlar. Bu sammit Rusiyaya qarşı olduğundan və onun iştirakı olmadan qərarlar qəbul edildiyindən Rusiya rəhbərlərini daha da hiddətləndirdilər. Rusiya tərəfinin “vakuum” silahını tətbiq etməsi, Kuba sahillərinə Rusiyanın atom bomba daşıyan sualtı qayıqlarının yan alması, yeni nazir Belousovun Müdafiə Nazirliyində ciddi təmizləmələr və həbslər aparması və s. onu göstərir ki, Rusiya rəhbərliyi Ukraynada indiyə qədər gizli saxladığı və üzə çıxartmadıqları silahlardan, hətta taktiki nüvə raketlərindən də istifadə edəcək...
 
İnanmırıq ki, bundan sonra ABŞ geri çəkilməsin. Buna səbəb ABŞ-a lazım olan əsas məqsədə, yəni AB-nin iqtisadiyyatını Ukrayna müharibəsi ilə dağıtması və bütün hərbi məsələlərdə AB-ni özünün satelliti həddinə çatdırmasına nail olmasıdır. Bizə elə gəlir ki, Azərbaycan Prezidentinin İsveçrə samitinə qatılmamasının səbəblərindən biri də elə budur”.
 
S.Laçın  
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
50
moderator.az

10Mənbələr