AZ

İsveçrədə Ukrayna sülh sammiti başlayıb: Cənubi Qafqazdan yalnız Azərbaycan qatılmayıb

Zelenski Ukraynanın heç vaxt bu müharibəni istəmədiyini deyib İyunun 15-də İsveçrənin kurort şəhəri Bürgenstokda Ukraynanın təşəbbüsü ilə 2 günlük sammit öz işinə başlayıb. Tədbirin müzakirə mövzuları nüvə, ərzaq təhlükəsizliyi, eləcə də əsirlərin mübadiləsi və deportasiya olunmuş ukraynalı uşaqların geri qaytarılmasıdır. Sammitə 90-dan çox ölkədən nümayəndələr gəlib, lakin onların hamısını Ukrayna dəvət etməyib. Xüsusən də Çin iştirakdan imtina edib, Səudiyyə Ərəbistanı nümayəndələrinin sammitə gəlməyəcəyi bildirsə də, iştirakçılar arasındadırlar. Cənubi Qafqaz ölkələrindən Azərbaycan istisna olmaqla, Gürcüstan və Ermənistan sammitə qatılıb. Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edir. 57 ölkə sammitdə dövlət başçıları ilə təmsil olunur, ABŞ nümayəndə heyətinə vitse-prezident Kamala Harris başçılıq edir. Kamala Harris tədbirin ilk günündə Vaşinqtonun Ukraynaya 1,5 milyard dollar ayırdığını, vəsaitin enerji və humanitar yardıma yönəldiləcəyini deyib. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, sammit iştirakçılarını parçalaya biləcək “çətin” məsələlərin müzakirəsinin gündəliyə daxil edilməməsinə qərar verilib. Rusiya sammitə dəvət edilməyib. V. Zelenski bunu Rusiya nümayəndələrinin “hər şeyi bloklayacaqları, hər şeyi pozacaqları” ilə izah edib. Lakin Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə bəyan edib ki, Moskva nümayəndələri heç bir halda dəvəti qəbul etməyəcəklər, hətta dəvət göndərilsə də. Bir neçə gün əvvəl Rusiya lideri Vladimir Putin çıxış edərək deyib ki, müharibəni dayandırmaq üçün Ukrayna Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərindən qoşunlarını çıxarmalı və onları Rusiyanın ərazisi kimi tanımalıdır, o cümlədən Krım və Sevastopolu da. Təklifi təkcə Kiyev deyil, Rusiya daxilində bəzi müharibə tərəfdarı olan blogerlər də qeyri-real hesab ediblər. Almaniya Kansleri Olaf Şolts “G7” sammitində Putinin təklifinin müzakirə olunmadığını bildirib: “Çünki hamı bilir ki, ciddi deyil”. Avropa diplomatiyasının rəhbəri Borrell Putinin təklifini: “Təcavüzkar atəşkəs şərtlərini diktə edə bilməz”, – deyə reaksiya verib. Sammitin əvvəlində Volodimir Zelenski İsveçrə Prezidenti Viola Amerd ilə keçirdiyi mətbuat konfransında bildirib ki, Ukrayna heç vaxt bu müharibəni istəməyib: “Bu, Rusiyanın cinayətkar və tamamilə əsassız təcavüzüdür. Onu istəyən yeganə şəxs Putin idi. Amma dünya istənilən halda daha güclüdür”. İspaniyanın Baş naziri Pedro Sançesin fikrincə, bu münaqişədə bir təcavüzkar var, o, Putindir, bir də qurban var, o da Ukrayna xalqıdır. İsveçrə Prezidenti Rusiyanın gələcəkdə nə vaxtsa sülh prosesinə qoşulmalı olacağını vurğulayıb: “Beynəlxalq ictimaiyyət belə danışıqlar üçün zəmin hazırlaya bilər”. Həm V.Zelenski, həm də onun ofisinin rəhbəri Andriy Yermak ikinci sammitin Rusiyanın iştirakı ilə keçirilə biləcəyini bildiriblər. “Biz ədalətli sülhün nə demək olduğunu və buna həqiqətən davamlı şəkildə necə nail oluna biləcəyini birlikdə qərar verməliyik. Və sonra fəaliyyət planı hər kəs tərəfindən razılaşdırılan və xalqlar üçün şəffaf olanda masaya qoyulduqda, Rusiya nümayəndələrinin diqqətinə çatdırılacaq”, – deyə Zelenski əlavə edib. Almaniya Kansleri Olaf Şolts bildirib ki, yeni reallıqlara əsaslanan atəşkəs yalnız Rusiyanın qeyri-qanuni torpaq zəbtini qanuniləşdirəcək və növbəti dondurulmuş münaqişə yaradacaq: “Ukraynada sülh, həqiqətən də, Rusiyanın iştirakı olmadan əldə edilə bilməz, lakin Rusiya hər an Ukrayna ərazisindən qoşunlarını çıxarmaqla müharibəni bitirə bilər”. Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud münaqişənin həllinin iştirak edən tərəflərdən “çətin kompromislər” tələb edəcəyini və Rusiyanın iştirakı olmadan etibarlı sülh prosesinin mümkün olmayacağını bildirib. O, sammitin belə bir prosesə yol açacağına ümid etdiyini vurğulayıb. Moldova Prezidenti Maya Sandu torpaqların işğalı və zəbt edilməsi ilə sülhə nail olmağı mümkünsüz sayıb. Finlandiya Prezidenti Alexander Stubb açıqlamasında ölkəsinin dəfələrlə Rusiya ilə savaşdığını və II Dünya müharibəsi zamanı ərazisinin təxminən 10 faizi, o cümlədən əcdadlarının doğulduğu torpaqları ona verdiyini xatırladıb. V.Putinin mətbuat katibi Dmitri Peskov sammiti “kifayət qədər boş əyləncəyə” məhkum edilmiş “absurd toplantı” adlandırıb. Xarici işlər naziri Sergey Lavrov bildirib ki, sammit yalnız Rusiyaya qəbuledilməz ultimatum hazırlamaq və təqdim etmək üçün lazımdır. Sammit iyunun 16-da davam edəcək. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
50
xural.com

10Mənbələr