AZ

Kilsə Ermənistanda vətəndaş müharibəsinə can atır...

Image

Ermənistanda ictimai-siyasi müstəvidə vəziyyət getdikcə daha gərgin xarakter alır. Belə görünür ki, kilsə Ermənistanda vətəndaş münaribəsini başladılmasında maraqlıdır. Hesab olunur ki, bu halda ölkədə yaranacaq xaosla hakimiyyəti devirmək mümkün olacaq.

Hazırda “Vətən naminə Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan hər vəchlə qarşıdurmaya can atır. Amma hələ ki, istədiyinə nail ola bilmir. Onun sonuncu dəfə baş nazir Nikol Paşinyanın çıxış etdiyi Ermənistan parlamentinin binasına basqın etmək cəhdi yenə uğursuz olub. Hakim “Vətəndaş müqaviləsi” partiyası baş verənləri 2020-ci il noyabrın 10-na keçən gecə o zaman Xarici İşlər Nazirliyinin deyil, parlamentin rəhbəri olan Ararat Mirzoyanın öldürülməsinə cəhdlə müqayisə edib. İndi görünən odur ki, Ermənistanda siyasi böhran yeni səviyyəyə çatıb, lakin hökumətin mövqeyi hələ də güclüdür. “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Hayk Konjorian parlament binası ətrafında müxalifətlə polisin son toqquşması fonunda qeyd edib: “Hüquq-mühafizə orqanları terror aktının, dövləti zəbt etmək cəhdinin qarşısını alıb... Parlament çoxluğu və baş nazirin rəhbərlik etdiyi siyasi komandamız Ermənistanın müstəqilliyini və suverenliyini istənilən hücumlardan qoruyacaq. Demokratiya özünü qorumalıdır”. Öz növbəsində parlamentin vitse-spikeri Ruben Rubinyan hadisəyə görə məsuliyyəti Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginin üzərinə qoyub: “Allaha şükürlər olsun ki, onun xeyir-duası olan hücum tez və qanuni vasitələrlə dayandırıldı”. Müxalifət isə əksinə, baş verənlərin hamısında Paşinyanı günahlandırır, çünki o, istefa verməkdən imtina edir. Paşinyanın opponentləri iddia edirlər ki, yalnız yeni hökumətin hakimiyyətə gəlməsi Ermənistanda sülh və harmoniya mühitinin bərqərar olmasına imkan verəcək. Eməni mediasının yazdığına əsasən, parlament yaxınlığındakı qarşıdurmada 3-4 min nəfər iştirak edib. Əvvəlcə Qalstanyan adət-ənənəyə uyğun olaraq təhlükəsizlik qüvvələrini təxribata çəkməyə çalışıb. Bu da kömək etmədikdə, tərəfdarları polisin üzərinə daş, butulka, stul və ümumiyyətlə, əllərinə gələn hər şeyi atmağa başlayıblar. Buna cavab olaraq etirazçılara səs qumbaraları atılıb. Əgər Qalstanyana sadiq erməni bloggerlərinin yazdıqlarına əsaslansaq, deməli, hücum iştirakçılarının ən azı iki planı olub. Birincisi o idi ki, Paşinyanın parlamentdən çıxışının qarşısının alınması könüllü istefa verənə qədər orada qalması üzərində qurulub. İkincisi daha radikal xarakter daşıyıb: baş nazir tutulmalı və “xalq məhkəməsi” üçün Qalstanyanın qarşısına çıxarılmalı idi. Bu fonda parlamentin  tribunasından çıxış edən Paşinyan opponentlərini pisləyib. Qalstanyanın ən yaxın adamlarından biri, “Hayastan” blokunun deputatı Qarnik Danielyan baş nazirə bildirib ki, istefasından sonra Azərbaycanla danışıqlarda güzəştlər zəncirini qırmaq üçün “yeni imkanlar açıla bilər”. Paşinyan buna belə cavab verib: “Sənin üçün hökumət qumarxana kimidir. Sizin üçün dövlət ruletdir. Ona görə də belə çıxışlar edirsiniz”. O, parlament müxalifətinin Qarabağdan olan ermənilərin maraqlarını müdafiə etməsi ilə bağlı bəyanatlarına da toxunub. Onun sözlərinə görə, əvvəlki hakimiyyət Qarabağ ermənilərini yalnız aldadıb, onlara Bakıdan müstəqillik vəd edib. Əslində, baş nazirin sözlərinə görə, Ermənistan prezidentləri Robert Köçəryan və Serj Sarkisyan Qarabağı dağıdıblar: “1998-ci ildən sonra hakimiyyətinizi saxlamaq üçün sizə Qarabağ erməniləri lazım idi. Bu gün siz onları nümayişə 5 min dram verməklə gətirirsiniz, bu sizsiniz, bu sizin siyasətinizdir, indi də Ermənistan xalqı ilə eyni şeyi etmək istəyirsiniz”.

Rəqiblərinə onlar haqqında düşündüyü hər şeyi danışan Paşinyan parlamentdən xidməti çıxışdan çıxıb. Cəmi bir neçə saat sonra Qalstanyan rəqibinin artıq binada olmadığını başa düşüb. Bir az fikirləşəndən sonra tərəfdarlarını Respublika Meydanına göndərmək qərarına gəlib, amma oraya çatanda sıraları xeyli seyrələşmiş etirazçıların üzünü yenidən parlamentə çevirib. Paşinyan isə qeyd edir ki, iğtişaşların təşkilinin arxasında Köçəryan və II Qaregin dayanır, əsas təxribatçı isə Qalstanyandır: “Baş verən kütləvi iğtişaşların təhrikçiləri ədalət qarşısında cavab verməlidirlər... Biz sevgi dolu, mərhəmətli, yardımsevər və tolerant hökumətik, amma zəif hökumət deyilik. Zəif güc dövlət üçün fəlakətdir”. Rusiya-Ermənistan Universitetinin dosenti Anton Evstratov hesab edir ki, baş nazirin rəqibləri parlament yaxınlığında ciddi məğlubiyyətlə üzləşiblər: “Paşinyanın mövqeləri, əksinə, güclənib. O, müxalifətin həm populyar, həm də bacarıqlı liderlərinin və ardıcıl proqramının olmaması fonunda qalib gəldi”. Politoloq Hrant Mikaelyanın fikrincə, parlament yaxınlığında toqquşmalar ölkədə siyasi vəziyyətin daha da radikallaşmasına səbəb olacaq: “Paşinyanın tərəfdarları təhlükəsizlik qüvvələrinin hərəkətlərini dəstəkləyəcəklər, çünki onlar uzun müddətdir maraqlanırdılar ki, ölkə rəhbərliyi onlara qarşı təhqirlərə niyə dözür. Onların opponentləri, əksinə, polisin 2008-ci ildən bəri heç kimin görmədiyi güc tətbiq edən zaman hakimiyyətin qırmızı xətti keçdiyini iddia edə bilər”. Eyni zamanda o, Köçəryanın və ya katolikosun mümkün həbsini istisna edir: “Hakimiyyət üçün Qalstanyanı “rejimin qurbanı” etməkdənsə, mənasız hərəkətlərlə bezdirmək daha sərfəlidir. Ümumiyyətlə, etirazın radikallaşması baş verə bilər, lakin polis hökuməti qorumaq üçün kifayət qədər güclüdür. Bundan əlavə, vaxt müxalifətin əleyhinə işləyir, çünki yay hakimiyyət uğrunda mübarizə deyil, məzuniyyət mövsümüdür”.

Nahid SALAYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
50
baki-xeber.com

10Mənbələr