AZ

Regionda uzunmüddətli sülh yaranarsa...

Bir müddət öncə Azərbaycanla ABŞ arasındakı ikitərəfli münasibətlərdə müəyyən tənəzzül nəzərə çarpırdı. Buna səbəb isə əlaqələrə Ermənistanla münasibətlər kontekstindən baxılması idi. Şübhəsiz, bu, əsasən ABŞ-ın bəzi ermənipərəst dairələrinin Azərbaycanla bağlı səsləndirdikləri qərəzli fikirlərdən, qarayaxmalardan irəli gəlirdi. Azərbaycan da haqlı olaraq bu kimi məsələlərə öz etirazını bildirirdi.

Artıq xeyli vaxtdır ki, səhvini anlayan ABŞ ikitərəfli münasibətləri əvvəlki məcrasına salmağa çalışır. Hətta hazırda bu ölkə Azərbaycanın Cənubi Qafqazda nail olmaq istədiyi  sülhü də dəstəkləməkdədir. ABŞ Prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə Azərbaycan xalqının Müstəqillik Günü münasibətilə təbrik məktubunda da bu, özünü aydın göstərir. Belə ki, regional və qlobal məsələlərdə, o cümlədən iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid sahəsində qarşılıqlı əməkdaşlığın  dərinləşdirilməsinin vacibliyinin əksini tapdığı həmin məktubda, həmçinin deyilir ki, regional sabitlik və əlaqələr Birləşmiş Ştatlar üçün prioritet məsələlərdir: “Onilliklərlə davam etmiş münaqişəyə son qoyacaq möhkəm və ləyaqətli sülh sazişi Cənubi Qafqazı transformasiya edəcək və Azərbaycanın regiondakı rolunu fundamental şəkildə dəyişəcək. Birləşmiş Ştatlar bu nəcib iddianı dəstəkləməyə hazırdır. Biz sülh və firavanlığın təmin edilməsinin əsas prinsiplər olaraq qəbul olunmasını gələcək nəsillərə borcluyuq”.

ABŞ-ın bu məsələdə, daha doğrusu, Cənubi Qafqazda dayanıqlı sülhün əldə edilməsində ölkəmizi  dəstəkləməsi təqdirəlayiqdir. Şübhəsiz, bu, Cənubi Qafqazda ölkəmizin liderliyini əsla danmayan ABŞ-ın səmimi etirafıdır. Bunu həm də rəsmi Vaşinqtonun Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycana verdiyi siyasi dəyər  kimi qiymətləndirmək olar. 

İyunun 11-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ABŞ-Ermənistan Strateji Dialoqunun İrəvanda keçirilən yekun iclasında Cozef Baydenin fikirlərini bir qədər genişləndirərək   bildirib ki, biz regionda uzunmüddətli sülhün bərqərar olması, Mərkəzi Asiyadan Aralıq dənizinə qədər iqtisadi imkanların genişləndirilməsi səylərinə dəstək veririk. O, Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunmasının əhəmiyyətini də vurğulayıb. Onun qənaətinə görə, Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülh yaranarsa, bu imkanlar daha da genişlənəcək: “Bu baxımdan, bu sahədə səyləri dəstəkləməkdən məmnunuq”.

Şübhəsiz, Ceyms O’Braynın sülhün təminatı faktoru kimi iqtisadi amilləri önə çəkməsi yaxşı haldır. Di gəl, onun bu fikirləri Ermənistanın bəzi siyasi dairələrində birmənalı qarşılanmayıb. Bildirilir ki, ABŞ Dövlət katibi Antoni Blinkenin köməkçisinin “Mərkəzi Asiyadan Aralıq dənizinə qədər iqtisadi imkanlar” ritorikası Azərbaycanın davamlı olaraq öz töhfəsini verdiyi və hazırda dünyanın diqqət mərkəzində olan, Asiya ilə Avropanı birləşdirən Orta Dəhliz məntiqindən başqa bir şey deyil. O məntiq ki, onda Zəngəzur dəhlizi də yer alır. Haylar bunu iki qardaş ölkənin, yəni Azərbaycanın və Türkiyənin maraqlarının qorunması kimi dəyərləndirirlər.

Yeri gəlmişkən onu da qeyd edək ki, Ermənistan müxtəlif bəhanələrlə hələ də 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata zidd olaraq Azərbaycanın Qərb rayonlarından Naxçıvana yol vermək istəmir.  Doğrudur, Naxçıvana yolun Ermənistan deyil, İran ərazisindən keçməsi məqbul qiymətləndirilir və buna dair Tehranla razılıq da var. Amma C. O'Brayn keçən il  bildirmişdi ki, ölkəsi Naxçıvana yolun İran ərazisindən keçməsinə razı deyil. Onun bu bəyanatına Prezident İlham Əliyev “heç bir dövlət Azərbaycanın xarici əlaqələrinə müdaxilə edə bilməz” şəklində sərt reaksiya vermişdi.

Son hadisələri analiz edəndə belə qənaətə gəlmək olar ki, İrəvanla münasibətlərdəki strateji xətti əsas götürən rəsmi Vaşinqton bu kimi məsələlərdə hələ ki, tərəfkeşlik nümayiş etdirmir. Ceyms O’Braynın Orta Dəhliz məntiqinə eyham vuran konkret “Mərkəzi Asiyadan Aralıq dənizinə qədər regionda davamlı sülhün bərqərar olması, iqtisadi imkanların genişləndirilməsi” fikrinə gəldikdə isə,  bunu ABŞ-ın Cənubi Qafqazda baş verən olaylara, daha doğrusu,  Azərbaycanın  regionda yaratdığı  reallığa obyektiv münasibəti kimi dəyərləndirmək olar. Şübhəsiz, bütün bunların səmimiliyinə hadisələrin gedişatı aydınlıq gətirəcək. Necə deyərlər, nələr baş verəcəyini zaman göstərəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
50
ikisahil.az

10Mənbələr