AZ

Latviyanın Baş prokuroru ölkəmizdə səfərdədir - Fotolar

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Latviyanın Baş prokuroru Yuris Stukansın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, öncə nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib. 

Baş Prokurorluqda keçirilmiş görüşdə qonaqları səmimi salamlayan Baş prokuror ölkələrimiz arasında tarixən mövcud olan əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək hüquqi əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayıb. Kamran Əliyev ötən ilin fevral ayında Riqaya işgüzar səfərini və latviyalı həmkarları ilə keçirdiyi görüşləri məmnuniyyətlə xatırladığını bildirib.
 
Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkəmizdə hüquq qaydasının möhkəmləndirilməsi və qanunun aliliyinin təmin olunması istiqamətində aparılan islahatlar, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparılması barədə həmkarına məlumat verib. 
 
Səfərə dəvətə və səmimi qəbula görə təşəkkürünü bildirən Yuris Stukans ölkəmizin dinamik inkişafının canlı şahidi olmaqdan məmnun olduğunu bildirib. Qonaq prokurorluq orqanlarımız arasında əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd edib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər, o cümlədən korrupsiyaya qarşı mübarizə, çirkli pulların yuyulması və digər sahələrdə törədilmiş cinayət işləri üzrə hüquqi yardım və aktivlərin bərpası haqqında sorğuların icrası, həmçinin qurumlararası əlaqələrin inkişaf etdirilməsi məqsədilə yaxın gələcəkdə Anlaşma Memorandumunun imzalanması müzakirə olunub.

Görüşdə Latviyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya iştirak edib.
  
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
15
qafqazinfo.az

10Mənbələr