AZ

Yaxın gələcəkdə Azərbaycan və Latviyanın baş prokurorluqları arasında Anlaşma Memorandumu imzalanacaq

Bakı, 12 iyun, AZƏRTAC

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Latviya Respublikasının Baş prokuroru Yuris Stukansın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə nümayəndə heyəti Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Qonaqlar, həmçinin Şəhidlər xiyabanına gedərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsini anıblar.

Baş Prokurorluqda keçirilmiş görüşdə qonaqlara Azərbaycanın baş prokuroru ölkələrimiz arasında tarixən mövcud olan əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək hüquqi əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayıb. K.Əliyev ötən ilin fevralında Riqaya işgüzar səfərini və latviyalı həmkarları ilə keçirdiyi görüşləri məmnuniyyətlə xatırladığını bildirib.

Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkəmizdə hüquq qaydasının möhkəmləndirilməsi və qanunun aliliyinin təmin olunması istiqamətində aparılan islahatlar, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparılması barədə həmkarına məlumat verib.

Səfərə dəvətə görə təşəkkürünü bildirən Yuris Stukans ölkəmizin dinamik inkişafının canlı şahidi olmaqdan məmnunluğunu bildirib. Qonaq prokurorluq orqanlarımız arasında əlaqələrin inkişafında maraqlı olduqlarını qeyd edib.

Tərəflər ölkələrimizin tərəfdar çıxdığı beynəlxalq konvensiyalar və təşkilatlar, o cümlədən Avrocast və Beynəlxalq Prokurorlar Assosiasiyası çərçivəsində cinayətkarlığa qarşı mübarizədə hüquq-mühafizə orqanlarımız arasında əməkdaşlığın müvəffəqiyyətlə həyata keçirildiyini vurğulayıb.

Baş prokuror Kamran Əliyev dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), cari il sentyabrın 29-dan oktyabrın 2-dək davam edəcək Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının Azərbaycanda keçiriləcəyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər, o cümlədən korrupsiyaya qarşı mübarizə, çirkli pulların yuyulması və digər sahələrdə törədilmiş cinayət işləri üzrə hüquqi yardım və aktivlərin bərpası haqqında sorğuların icrası, həmçinin qurumlararası əlaqələrin inkişaf etdirilməsi məqsədilə yaxın gələcəkdə Anlaşma Memorandumunun imzalanması müzakirə olunub.

Görüşdə Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya iştirak edib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
15
azertag.az

10Mənbələr