AZ

Prokuror "Bravo"ya silahlı basqın edənlərə cəza istədi

Bakıda “Bravo” hipermarketin qarşısında silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Moderator.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib.
 
Daha sonra çıxış etmək üçün prokurora söz verilib.
 
İttiham nitqi ilə çıxış edən prokuror təqsirləndirilən şəxslərin əməllərinin məhkəmədə tam sübuta yetirildini qeyd edib. Prokuror Dəyanət Qüdrətovun ömürlük azadlıqdan məhrum edilməsini, digər təqsirləndirilən şəxslər Azər Məmmədovun 20 il, Səbuhi Qurbanovun 20 il, İbrahim İbrahimovun 20 il, Rövşən İsmayılovun 7 il, Babək İsgəndərov 6 il azadlıqdan mərhum edilməsini tələb edib.
 
Rövşən İsmayılov və Babək İsgəndərovun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri dəyişdirilməsi, onların məhkəmə zalından həbs olunması istənilib.
 
Növbəti proses iyulun 3-də davam edəcək.
 
İttihama görə, 2023-cü ilin martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketinə edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış və “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilməsi, onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülməsi, eləcə də külli miqdarda pul vəsaitinin ələ keçirilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.
 
Keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
 
Ölmüş təqsirləndirilən Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilmiş olsa da, onun barəsində cinayət yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə iş materiallarından barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.
 
Cinayətin törədilməsində istifadə edilən AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatları, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilib.
 
Məlum olub ki, təqsirləndirilən şəxslərdən Babək İsgəndərov müharibə veteranıdır, Füzuli və Xocavəndin azad olunması medalları ilə təltif olunub.
 
Digər təqsirləndirilən Rövşən İsmayılov isə hadisədən sonra polisə müqavimət göstərərkən məhv edilən Ruhlan İsmayılovun atasıdır.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
26
moderator.az

10Mənbələr