AZ

Qurban bayramı günlərində heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb

Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.

AQTA-nın yaydığı məlumatda bildirilir ki, Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.

Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub. Bununla  bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək.

Qurban bayramı günlərində respublika üzrə 147 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 64-də həm kəsim, həm satış, 47-də qurbanlıq heyvanların yalnız satışı, 36-da isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.

Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər.

Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları bu linkə daxil olaraq tanış ola bilərsiniz.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
11
marja.az

10Mənbələr