AZ

Gömrük Komitəsinin sabiq əməkdaşı apellyasiya şikayəti verdi

Dövlət Gömrük Komitəsinin (DGK) qanunsuz avtomobil idxalı müqabilində külli miqdarda rüşvət almaqda ittiham olunan eksperti Aslan Bayramovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası iyunun 13-nə təyin edilib.


Şikayət hakim Habil Məmmədovun sədrliyi ilə araşdırılacaq.


Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Bayramov 8 il 6 ay azadlıqdan məhrum edilib.


Qeyd: A.Bayramov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib. O, məhkəmədə özünü təqsirli bilmədiyini deyib.


İttihamda deyilir ki, DGK-nin Gömrük Ekspertizası İdarəsinin eksperti Aslan Bayramov ayrı-ayrı şəxslərdən rüşvət qismində 13 min 500 manat məbləğində pul alıb.


O, sözügedən vəsait müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 29.03.2023-cü il tarixli qərarının tələblərini pozmaqla vəzifə saxtakarlığı törətməsinə, yəni 2023-cü ilin may-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 45 avtomobilə aid sənədləri saxtalaşdıraraq qanunsuz rəsmiləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.


A.Bayramova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham verilib.

Kamal Məmmədov 

Tarix: 12 İyun 2024, 10:53   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
50
pravda.az

10Mənbələr