AZ

Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA

Yazını böyüt
Yazını kiçilt

Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 9-da I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan keçirilib.

Bildirilib ki, imtahan 14 şəhər və rayonda təşkil olunub. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 78 imtahan binası, 1375 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 78 ümumi imtahan rəhbəri, 224 imtahan rəhbəri, 1719 nəzarətçi, 240 buraxılış rejimi əməkdaşı, 78 bina nümayəndəsi cəlb olunub.

İmtahanda 18 min 440 abituriyentin iştirakı nəzərdə tutulurdu. İyunun 10-dan etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılıb. İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftədən sonra elan olunması nəzərdə tutulur.

Modern.az imtahanla bağlı təhsil ekspertlərinin rəylərini öyrənib.

Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndinin sözlərinə görə, I ixtisas qrupunun alt qrupu üzrə informatika fənni üzrə keçirilən imtahanda sualların bir qədər çətin olduğu bildirilir:

“III ixtisas qrupunun alt qrupu üzrə isə abituriyentlərin sualları cavablandırmaq imkanı olub. Ümumilikdə götürsək, bu il riyaziyyat-informatika alt qrupunda plan yerlərinin artması həm də ilk cəhd imtahanında informatika fənnindən sualların çətin qoyuluşu ola bilsin ki, ixtisas qrupları üzrə formalaşan keçid ballarına təsir etsin. Yəni bəzi ixtisasların ballarında bir qədər enmə ola bilər. Amma pestijli ixtisaslar və plan yeri az olan ali təhsil müəssisələrində mövcud olan keçid ballarında bir qədər artım gözlənilir”.

Təhsil eksperti Kamran Əsədov bildirib ki, 26 may və 2 iyun tarixlərində imtahan verən abituriyentlər alt qruplar üzrə imtahan veriblər:

“İlk olaraq qeyd edim ki, I ixtisas qrup üzrə informatika fənnindən suallar kifayət qədər çətin idi. Belə ki, 2 iyunda keçirilən imtahanda istifadə olunan informatika fənni üzrə test tapşırıqları ilə təqdim edilən suallar arasında ciddi şəkildə fərq var idi. Bazar günü keçirilən imtahanda I qrup alt qrupundan gələn abituriyentlər ancaq informatika fənnindən imtahan verirdilər. Amma təqdim edilən test tapşırıqları müəyyən edilmiş vaxt ərzində həll edilməsi mümkün olan test tapşırıqları deyildi. Bu tapşırıqlar uzun həllər tələb edirdi, halbuki 2 iyunda daha asan, praktik suallar var idi. Nəzərə alsaq ki, informatika ikinci ildir qəbul imtahanlarına salınır, sualların modelləri Dövlət İmtahan Mərkəzini test bankından fərqlidir və məktəblərdə də tam olaraq oturuşmayıb, hesab edirəm ki, birdən-birə bu qədər çətin suallar salmaq bu alt üzrə gedən abituriyentlərin ballarına öz təsirini göstərəcəkdir. Düşünürəm ki, informatikadan bu qədər çətin suallar salmamalıyıq. Həmçinin III ixtisas qrupunun abituriyentləri coğrafiya fənni üzrə imtahan verirdi. Bu suallar da kifayət qədər çətin idi. Ona görə ki, III ixtisas qrupunda bu fənndən imtahan verənlər sadəcə simvolik olaraq iştirak edirlər. Onların əsas nəticələri Azərbaycan dili və tarix fənnindən olkacaq. Coğrafiya fənni üzrə imtahan verən abituriyentlər beynəlxalq münasibətlər və regionşünaslıq ixtisaslarına seçəcəklər. Hesab edirəm ki, bu amili nəzərə alaraq abituriyentlərin bu qədər çətin suallara cavab verməsinə şərait yaratmaq lazım deyildi. Əksinə orta və asan tipli sualların sayı artırılmalı idi ki, həmin plan yerləri boş qalmasın".

Ekspert İlqar Orucov qeyd edib ki, I ixtisas qrupunun riyaziyyat-kimya və riyaziyyat-informatika alt qruplarının hər ikisini seçən abituriyentlər üçün imtahan material fənnindən, III ixtisas qrupunda isə dil-tarix və tarix-coğrafiya alt qrupunun hər ikisini seçən abituriyentlər üçün isə coğrafi fənnindən əlavə imtahan keçirilib:

“İmtahan təbii ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yüksək səviyyədə təşkil olunub. Həm I həm də III ixtisas qruplarında abituriyentlərin kifayət qədər böyük olur. Hər iki ixtisas qrupunda təhsil almaq, imtahanlarda iştirak zamanı rəqabət mühiti hər zaman güclü olur. Bu dəfə də belə olub. İmtahan nəticələri məlum deyil, amma hesab edirəm ki, abituriyentlərimiz onlar üçün yaradılmış imkanlardan, eyni zamanda dürüst və ədalətli imtahan proseslərindən yararlanaraq öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər. Bunun üçün ən yüksək şərait yaradılıb. Ümumi müşahidələr onu deməyə əsas verir ki, abituriyentlər tərəfindən narazılıqlar yaxud xoşagəlməz hallar yaşanmayıb. Nəticələr məlum olmasa da, hesab edirəm ki, biliyi olan, öz üzərində işləmiş abituyentlərimiz uğur qazanacaqlar və arzu etdikləri ixtisaslar üzrə təhsillərini ali təhsil müəssisələrində davam etdirəcəklər. Fürsətdən istifadə edərək imtahan verən abituyentlərin hər birinə uğurlar arzu edirəm”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
50
hafta.az

10Mənbələr