AZ

Rusiya Ermənistandan hələ bu cür xəyanət görməmişdi- təhlükəsizlik məlumatları...

Image

Rəsmi İrəvan artıq bir neçə gündür ki, Moskvanın dəfələrlə səsləndirdiyi ittihamlara, eləcə də Ermənistanın təhlükəsizliklə bağlı həssas məlumatları Qərb dövlətlərinin ixtiyarına verərsə, bunun Rusiya ilə münasibətlərə dönməz zərbə vura biləcəyi ilə bağlı xəbərdarlıqlarına cavab verməkdən yayınır. 

Ölkənin xarici siyasət idarəsi və hökumətyönlü deputatları susarkən, siyasi şərhçi Akop Badalyan İrəvanın hansı belə informasiyaya malik olduğunu izah etməyə çalışıb. O bu fonda həmin məlumatların Qərb ölkələrinə ötürülməsi təhlükəsinin Moskva üçün həyati önəmə malik olduğunu vurğulayır: “Hansısa məxfi kateqoriyaya aid edə bilməyəcəyimiz informasiya verilə bilər. Lakin hansısa birgə məkandan, Ermənistan-Rusiya və ya KTMT-nin birgə məkanından danışsaq, digər ölkələrə açıq olacaq həssas hərbi məlumatlar verilə bilməz. Moskva isə bunun verilə biləcəyindən narahatdır. Başqa sözlə, mənim fikrimcə, o məlumatlar Qərb üçün əlçatan olarsa, təbii ki, Rusiya üçün ciddi problemlər yarana bilər”. 

Qeyd edək ki, söhbət Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin açıqlamalarından sonra yaranan ajiotajdan gedir. Qaluzin konkret Moskvanın hansı məlumatları nəzərdə tutduğunu açıqlamayıb, amma xəbərdarlıq edib: “Ermənistanın Qərb ölkələrini milli məlumat bazaları ilə təmin edəcək və ölkənin təhlükəsizliyi üçün məxfi məlumatlara tam çıxışı təmin edəcək düşünülməmiş addımları nəinki dövlətin suverenliyini təhdid edir, həm də Rusiya və digər müttəfiqləri ilə birgə işləməyi obyektiv olaraq qeyri-mümkün edə bilər. KTMT-nin ümumi müdafiə sahəsinə bu fonda təhdid yarana bilər”. Akop Badalyan isə hesab edir ki, Rusiya tərəfinin bu bəyanatı əslində Ermənistan-KTMT, daha dəqiq desək, Ermənistan-Rusiya münasibətlərində uzun müddətdir davam edən ritorikaya uyğundur. Ekspertin fikrincə, İrəvan və Moskva müttəfiqlik öhdəliklərindən yayınmaq məsuliyyətini bir-birinin üzərinə qoyur. Akop Badalyanın sözlərinə görə, bu vəziyyət uzun müddət saxlanılacaq. İrəvan KTMT-dən narazılıqla yanaşı, son vaxtlar ciddi ittihamlar da səsləndirib. Baş nazir Nikol Paşinyan 2020-ci ildə Ermənistana qarşı müharibəyə hazırlıqda KTMT-yə üzv iki ölkənin iştirak etdiyini açıqlayıb. Belə ki, Paşinyan Belarus lideri Aleksandr Lukaşenkonun bugünlərdə Bakıda verdiyi bəyanatı şərh edib. Lukaşenko Azərbaycanda səfərdə olarkən prezident İlham Əliyevlə görüşündə deyib: “Mən bir daha düşündüm və müharibədən əvvəl, sizin azadlıq müharibənizdən öncə söhbətimizi xatırladım. Həmin vaxt biz nahar süfrəsi arxasında ikilikdə fəlsəfi fikir yürüdürdük və belə nəticəyə gəldik ki, müharibədə qələbə çalmaq olar”. Paşinyan vurğulayıb ki, Azərbaycan prezidenti ilə görüşdə Belarus prezidenti onun dörd ildir Ermənistana demək istədiyini deyib: “2020-ci ildə 44 günlük müharibəyə hazırlıqda biz yox, müttəfiqlərimiz iştirak edib. Mən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ən azı iki ölkəni tanıyıram ki, bizə qarşı müharibənin hazırlanmasında iştirak edib. Bu ölkələr bizə kömək etmək istədiklərini imitasiya edirdilər. Amma o müharibə Dağlıq Qarabağla bağlı deyildi. Onlar Dağlıq Qarabağ məsələsini çoxdan özləri üçün bağlayıblar. Həmin müharibə Ermənistana aid gözləntilərin doğrulmaması ilə bağlı idi. Müharibənin məqsədi müstəqil Ermənistan dövlətinin mövcudluğuna son qoymaq idi. 10 noyabr 2020-ci il və sonrasında bu gözlənti özünü doğrultmadı”. Paşinyan 2021-ci ilin mayında, 2022-ci ilin sentyabrında və 2023-cü ilin sentyabrında oxşar cəhdlərin edildiyini, lakin uğursuz nəticələndiyini vurğulayıb: “2024-cü il mayın 9-da bir daha cəhd etdilər, amma yenə alınmadı və alınmayacaq”.

Bu fonda xatırladaq ki, İrəvan uzun müddətdir KTMT-nin heç bir sessiyasında iştirak etmir, Ermənistanın qurumu  maliyyələşdirməsi də dayandırılıb. Hazırda Rusiya-Ermənistan münasibətlərində böhran qeydə alınır. Paşinyanın iqtidarı dövründə Ermənistan inamlı addımlarla Rusiyadan uzaqlaşır. Bütün bunlar isə KTMT-dən çıxma bəyanatları fonunda baş verir. Hazırda Ermənistan Qərb və Rusiya tərəfindən ciddi təzyiqlərə məruz qalır. Paşinyan hakimiyyəti, belə demək mümkünsə, məngənədə sıxılır. Belə bir şəraitdə Ermənistanın iki böyük güc arasında nəinki siyasi, həm də hərbi poliqona çevrilməsi tamamilə realdır. Həmçinin bu durumda Ermənistanın dövlətçiliyi də sual altına düşüb. Mövcud şəraitdə regional əməkdaşlıq mühiti və həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün ən yaxşı təhlükəsizlik qarantı kimi qiymətləndirilir. Çünki regional əməkdaşlıq mühitinin təmin olunması rəsmi İrəvanın iqtisadi cəhətdən Rusiya və Qərbdən asılılığının aradan qaldırılması deməkdir. Bu isə özlüyündə siyasi perspektivə də əhəmiyyətli dərəcədə təsir edəcək. Rəsmi Bakının hərbi-siyasi səyləri nəticəsində Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırması üçün unikal şərait yaranıb. Sadəcə olaraq, indi Paşinyan administrasiyası siyasi iradə ortaya qoyaraq qarşıya çıxan fürsətləri düzgün qiymətləndirməlidir. Əks halda Ermənistanı daha böyük problemlər gözləyir.

Samirə SƏFƏROVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
50
baki-xeber.com

10Mənbələr