AZ

Kremlin başqa yolu qalmasa... - nüvə bombası Polşa və Niderlanda atılacaq?

Rusiyadan olan ekspertlər və Duma üzvləri Avropa dövlətlərini Yer üzündən silməyə çağırırlar; hədəfdə iki NATO ölkəsi var

Polşada bu həftəsonu ara qarışa bilər. Ölkədə bazar günü keçiriləcək Avropa Parlamentinə seçkilər ərəfəsində Moskvanın səsverməyə müdaxilə edəcəyi ehtimalları var. Ötən cümə günü Polşanın rəsmi xəbər agentliyi PAP hərbi səfərbərlik haqqında yalan xəbər dərc etdikdən sonra bu qorxular daha da artıb. 

Polşa hökuməti dəfələrlə Moskvanı sabitliyi pozmağa çalışmaqda ittiham edib, Rusiya isə bunu təkzib edib. Ancaq indi vəziyyət dramatik ola bilər. Belə ki, Rusiya dövlət televiziyası “Rossiya 1" kanalında yayımlanan proqramda qonaqlar Avropa Parlamentinə seçkilər öncəsi Polşanın "10 dəqiqə" ərzində “30-40" nüvə silahı ilə məhv edilməsini açıq şəkildə müzakirə ediblər. Hərbi ekspert Konstantin Sivkov verilişdə soyuqqanlı sözlər işlədib və "10-15 dəqiqəyə həm Polşa dövləti, həm Polşa xalqı, həm də Polşa dili yox olacaq" deyib. “Gəlin Polşaya baxaq. O, kiçik nüvə müharibəsi teatrına çevrilə biləcək ən real namizəddir. Orada 20 böyük şəhər varmı? Mən belə düşünmürəm. Hər şəhərə iki nüvə raketi ayırsaq, bu, cəmi 30-40 raket edər” - Rusiya donanmasının təqaüdçü zabiti Sivkov Ukraynanı dəstəkləyən Polşanı hədəfə alıb.

Həmçinin Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Andrey Qurulev deyib ki, Rusiya Niderlanda nüvə zərbəsi endirməlidir: “Mən özüm üçün kəşf etdim ki, Avropanın karbohidrogen ehtiyatının demək olar ki, 50-60%-i Niderlanddadır. Biz çox yaxşı başa düşürük ki, Avropanı diz çökdürmək üçün necə kritik qəbuledilməz zərər vura bilərik. Nüvə silahının minimal istifadəsi ilə bu, bir günün məsələsidir”.

Ukraynada Rusiya-Qərb savaşı başlayandan az sonra müharibənin gedişində taktiki nüvə silahlarının istifadə ediləcəyinə dair dəfələrlə xəbərdarlıqlar edilib. Rusiyanın hazırda dalana dirəndiyi bir vaxtda nüvə silahına əl atmaq üçün fürsət gəzdiyi də sirr deyil. Hətta bəzi analitiklər Rusiyanın bundan başqa çıxış yolu qalmadığını deyirlər. Maraqlıdır, verilən anonslar, edilən xəbərdarlıq onu deməyə əsas vermirmi ki, Rusiya taktiki nüvə silahını Polşaya atacaq? Xüsusən də Qərbdən verilən silahlarla Rusiyanın dərinliklərinə zərbələr endirilməsinə müttəfiq ölkələrin bəzilərinin icazə verməsi Kremlin nüvə təhdidi ritorikasını daha sərtləşdirib. 

Müharibə yeni başlayanda Ağ Ev sahibi Bayden və NATO Baş katibi Stoltenberq bir ağızdan çağırış edirdilər ki, verdiyimiz silahlar yalnız ərazilərin müdafiəsi üçün nəzərdə tutulub. Birləşmiş Qərb gözüqıpıq şəkildə Kiyevə səslənirdi ki, nə badə bu hərbi vasitələrlə Rusiya şəhərlərini vurasan. Zaman keçdikcə kollektiv qüvvələrin ritorikası dəyişməyə başladı və müttəfiq ölkələr Zelenskinin qulağına pıçıldadılar ki, Rusiyaya hücumlar təşkil elə və destabilizasiya yarat. Hazırda bu proses gedir və müharibə Rusiya ərazilərinə transformasiya olunur. Rusların Ukraynada başladığı hərbi əməliyyatlar bumeranq effekti verərək həm də onun öz şəhərlərinə sıçrayıb: Belqoroddan danışmağa ehtiyac yoxdur, hər gün atəş altındadır, Kursk, Voronej, Omsk, Rostov, Krasnodar və digər şəhərlərdə neft emalı zavodları vurulur. İndi isə yeni bir mərhələyə keçid olunur - bu da Qərbdən gələn tapşırıqlardır: bir sıra ölkələr və alyansın baş katibi Ukraynaya açıq şəkildə icazə verir ki, bizim silahlarla Rusiyanın dərinliklərinə zərbə endirilə bilər. Gördüyünüz kimi, müharibənin başlanğıcında uzaqmənzilli raketləri Kiyevə verməyə xəsislik edən koalisiya hazırda “ATACMS”, “HİMARS” kimi raketlərlə Ukraynanı tədarük edir, o cümlədən artıq “F-6" qırıcıları bu il veriləcək. Danimarka, Belçika və Niderland bu qırıcıların verilməsini rəsmiləşdiriblər. Moskvadan isə bu hərəkətlənməyə nüvə silahından istifadə olunacağı təhdidləri ilə cavab verilir.

“Amerika silahlarından Kiyevə Rusiya ərazisindəki hədəflərə zərbələr endirməyə icazə vermək ölümcül nəticələrə səbəb ola bilər”. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. Rusiya prezidenti isə bu yaxınlarda bir sıra Avropa ölkələrinin Rusiyaya zərbə endirmək çağırışlarını şərh edərkən deyib ki, “NATO ölkələrinin, xüsusilə Avropadakı kiçik dövlətlərin nümayəndələri nə ilə oynadıqlarını bilməlidirlər”. “Amerikalılar ruslara deyiblər ki, əgər siz nüvə bombasını partlatsanız, bu, heç kimi öldürməsə belə, biz sizin Ukraynadakı bütün mövqelərinizi adi silahlarla vuracağıq, hamısını məhv edəcəyik. Məncə, bu, Rusiya üçün inandırıcı təhlükədir” - Polşanın xarici işlər naziri Radoslav Sikorski “The Guardian” nəşrinə müsahibəsində belə deyib. Sikorski qeyd edib ki, Rusiyanı nüvə zərbəsindən çəkindirən təkcə ABŞ deyil, həm də Hindistan və Çindir: “Həmçinin çinlilər və hindlilər Rusiyaya "xaos aktı"nı anladıblar və bu, uşaq oyunu deyil. Çünki bu tabu da sərhədləri zorla dəyişdirmək tabusu kimi pozulsa, Çin bilir ki, Yaponiya və Cənubi Koreya da nüvə ölkəsi olacaq. O isə bunu istəmir".

Professor Qabil Hüseynlinin məlumatına görə, Britaniyada Rusiyanın nüvə silahından istifadəsinin qarşısını ala biləcək imkanlar var və zaman nöqteyi-nəzərindən onu qabaqlamağa qadirdir. Professor Qərbin Rusiyadan nüvə müharibəsində iki dəqiqə fərqlə üstün olduğunu düşünür. Eyni zamanda o, taktiki nüvə başlıqlarından istifadə ediləcəyini gözləmir: “Rusiya yalnız hədələyir. Biz müharibə başlayandan bu təhdidləri eşidirik. Niderland "F-16" qırıcılarını Kiyevə verəcək deyə bu cür çağırışlar səslənir. Polşaya gəldikdə, Rusiya öz ərazilərinə dəhşətli zərbələr almasa, nüvə silahına əl atmaz. Hazırda informasiya və əsəb müharibəsi gedir. Tərəflər bir-birinin nəbzini yoxlayırlar. Bu da nüvə müharibəsi ritorikasını gücləndirir". 

Ramiyə

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədova da hələlik nüvə bombasından istifadəni istisna edir. Onun fikrincə, Rusiyadan olan bu bəyanatlar çəkindirici mahiyyət kəsb edir. Təhlilçi nüvə silahından istifadəni böyük fəlakət adlandırır və bu bombanın Polşaya, yaxud Niderlanda atılmasını NATO-ya müharibə elan etmək sayır: “O zaman NATO qoşunları Rusiyaya zərbələr endirməlidir. Bu da üçüncü dünya müharibəsinin başlanğıcı deməkdir. Hazırda proksi savaş aparırlar. Rusiya bilir ki, Polşa alyans üzvüdür və ona zərbə endirməklə NATO-nu birbaşa münaqişəyə cəlb edir. Belə olan halda, ABŞ lideri amerikalı əsgərlərin rus hərbçilərinə qarşı döyüşməsinə əmr verməlidir. Ona görə də tərəflər hədə dili ilə danışsalar da, vəziyyətin gərginləşməsindən çəkinəcəklər”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
36
musavat.com

10Mənbələr