AZ

Əzəli torpaqlara dönüş davam edir: İndiyədək Şuşaya 105 ailə köçüb

Hər il Şuşanın işğal günlərini ürək ağrısı ilə, göz yaşı ilə qeyd edirdik.  İndi isə geridönüş zamanıdır, indi yaddaşımızın tozlu səhifələrini çırpıb yenidən başlamaq zamanıdır. Həm də xoş xatirələr yaratmaq vaxtıdır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” çərçivəsində keçmiş məcburi köçkünlərin Şuşa şəhərinə qayıdışı da davam edir. Mayın 30-da növbəti köç karvanı Şuşa şəhərinə çatıb.

 

Sfera.az bildirir ki, bu mərhələdə Şuşaya 15 ailə - 57 nəfər köçürülüb. Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir. İndiyədək şəhərdə 105 ailə (406 nəfər) mənzillə təmin edilib.

 

Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr şəhər və kəndlərimizin sürətlə dirçəldilməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyin təmin olunmasına xidmət edir. Bunun nəticəsidir ki, artıq 1935 ailə - 7544 nəfər əzəli məskənlərinə qayıdıblar. İndiyədək 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 493 ailə (1838 nəfər) Laçın şəhərinə, 822 ailə (3132 nəfər) Füzuli şəhərinə, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndinə, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndinə, 105 ailə (406 nəfər) Şuşa şəhərinə, 44 ailə (169 nəfər) Xocalı şəhərinə yaşamaq üçün dönüb.

 

Ötən ay Şuşaya səfər edən ölkə başçısı İlham Əliyev də çıxışı zamanı bunları deyib: “Şuşanın yeni tarixi başlayır. Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax bu gün biz dirçəldilən Şuşanı görürük. Təkcə bu gözəl binalar deyil, Şuşada çox genişmiqyaslı quruculuq işləri gedir. Bu gün Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulub. Bu birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Onun bir hissəsi artıq hazırdır. Bu gün siz bu mənzillərə köçəcəksiniz. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilib. Şərait çox gözəldir və əminəm ki, uzun fasilədən sonra şuşalılar burada rahat yaşayacaqlar, yaradacaqlar, quracaqlar, öz doğma şəhərinin tarixi simasını qoruyacaqlar”.

 

Azərbaycan Prezidentinin də dediyi kimi, Şuşada quruculuq işləri, əslində, İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra başlayıb. “Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq - ən müasir, ən rahat, ən gözəl. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, əminəm, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək. Bir daha demək istəyirəm, biz azad edilmiş bütün torpaqlarda genişmiqyaslı proqramları icra edirik. Bu gün artıq Şuşada altıncı yaşayış yeridir ki, keçmiş köçkünlər buraya qayıdır. Bu gün, eyni zamanda, Laçının Sus kəndinə də keçmiş köçkünlərin qayıdışı nəzərdə tutulur və ilin sonuna qədər ən azı 20 yaşayış məntəqəsində artıq həyat bərpa ediləcək”, - ölkə başçısı qeyd edib.

 

Xatırladaq ki, 2026-cı ilədək Qarabağ və Şərqi Zəngəzurda 140 min nəfərin məskunlaşması nəzərdə tutulur.

 

Türkan 

Mövzu: İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
50
sfera.az

10Mənbələr