AZ

Qərb Paşinyanı meydanda tək buraxa bilər - Aİ-dən müəmmalı mövqe

Avropadan rəsmi İrəvana “sarı kart”göstərildi; Ermənistan rəhbərliyinin “iki stul”da oturmaq istəyi sonda onun təklənməsinə gətirib çıxaracaqmı?

İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları səngimir. Etiraz aksiyaları fonunda Avropa İttifaqının mövqeyi xüsusi diqqət çəkir. Avropa İttifaqında hesab edirlər ki, İrəvandakı etiraz aksiyaları Paşinyanın mövqeyini nəinki zəiflədə bilər, hətta onun istefası ilə nəticələnə bilər.

Avropa Xarici Əlaqələr Şurasının (ECFR) nəşri hesab edir ki, etiraz hərəkatı güclənib və bu, Paşinyan hökumətini əhəmiyyətli dərəcədə zəiflədə bilər. Geniş Avropa Proqramının (ECFR) direktoru Marie Dumoulin hesab edir ki, Brüssel apreldə Aİ-nin 270 milyon avro ayırdığı islahatları həyata keçirə bilməsi üçün Paşinyan hökumətinə açıq dəstək siqnalları göndərməlidir. Dumoulinin sözlərinə görə, müxalifətin baş nazirin impiçmenti üçün lazımi səsləri toplamaqda çətinlik çəkməsinə baxmayaraq, Paşinyanın mövqeyi əhəmiyyətli dərəcədə zəifləyəcək. “2020 və 2023-cü illərdəki iki məğlub müharibədən sonra erməni cəmiyyətinin Paşinyana inamı azalıb”, - Mari Dumulin deyib. “Baş nazirin dəqiq strategiyasının yoxluğu, Rusiya ilə artan gərginlik və Qərbin dəstəyinə dair aydın siqnalların olmaması onun populyarlığını daha da zəiflədə bilər. İrəvanın Bakı ilə danışıqlarda mövqeyi möhkəmlənməyincə, sabitliyi pozan etirazlar kəskinləşə və ola bilsin ki, zorakı reaksiyaya səbəb ola bilər. Bu, Paşinyanın daxili islahat gündəmini həyata keçirmək və Azərbaycanla sülh müqaviləsi üzrə danışıqları davam etdirmək imkanlarını sarsıdacaq ki, bu da daha çətin məsələləri gündəmə gətirəcək”, - o əlavə edib.

Beləcə, Avropadan rəsmi İrəvana “sarı kart”göstərilib. Amma bu kartın “qırmızı” ilə əvəzlənə biləcəyi də ehtimal edilir. Çünki Paşinyan faktiki olaraq Qərbdən verilən “ev tapşırıqları”nı icra etməyə tələsmir, hətta Rusiyaya doğru yolçuluğa da start verib. Bəzi ekspertlər hesab edir ki, bu mövqe Avropa İttifaqının Paşinyanın taleyindən narahatlığı kimi izah edilsə də, baş nazirlə bağlı pessimizm də aşkar seçilməkdədir. Sözügedən açıqlamada Paşinyanın mövqelərinin zəifləməsi bir neçə dəfə təkrar edilir ki, bu da təsadüfi deyil. Xüsusilə onun daxili böhrandan çıxış üçün dəqiq strategiyasının yoxluğu qabardılır. Doğrudur, bu mövqedə Avropa İttifaqının Ermənistanın baş nazirinə dəstək siqnalına (dəstək) çağırış da var. Amma Ermənistan Gürcüstan kimi Avropa İttifaqına xüsusi yaxınlığı olmayıb. Paşinyan “Qərbin adamı” kimi tanınsa da, onun hakimiyyəti qorumaq üçün Rusiya ilə müəyyən dövrdə anlaşa biləcəyi istisna deyil. Xüsusilə 49 yaşı tamam olması münasibətilə Paşinyana Putinin və Mişustinin zəngi diqqət çəkir. Amma belə görünür ki, Avropa və Qərb Paşinyandan daha qətiyyətlə onlara doğru gəlməsini arzu edir. Bu isə təbii ki, Paşinyanın “iki stul” strategiyasına uyğun deyil. 

Bəs Avropa İttifaqı və Qərb Paşinyanı niyə tənqid etməyə başlayıb? Bu mövqe həlledici anda Paşinyanı xilas edəcək, yoxsa meydanda tək qoyacaq? Ümumiyyətlə, Ermənistan rəhbərliyinin “iki stul”da oturmaq istəyi sonda onun  təklənməsinə gətirib çıxaracaqmı?

Deputat

 Arzu Nağıyev

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, Qarabağ uğrunda məğlubiyyət və Rusiyanın Ermənistanın təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini başa düşməsi İrəvan hökumətini yeni müttəfiqlər axtarmağa məcbur etdi: “Bir neçə ay öncə Avropa Parlamenti əlaqələrin dərinləşdirilməsi ilə bağlı qətnamə qəbul etdi və Ermənistan rəsmiləri Avropa Birliyinə üzv olmaq üçün müraciət etmək imkanından danışmağa başladılar. Bu gün də İrəvan Avropa ilə müdafiə əlaqələri qurmağa çalışır. Son aylarda Fransa İrəvanı müasir silahlarla təmin etməyə və Ermənistan ordusuna təlim keçməyə razılıq verib. Aİ-nin Azərbaycanla sərhəddə müşahidəçi missiyası genişlənib. Həm Rusiya, həm də Azərbaycan İrəvanın Avropa kursunu öz maraqları üçün təhlükə hesab edir və bunun ciddi nəticələri barədə xəbərdarlıq edir. Paşinyan təkid edir ki, burada söhbət Qərbə dönüşdən yox, "münasibətlərin şaxələndirilməsindən" gedir. Ermənistan Rusiya ilə Qərb arasında manevr etməyə çalışdı, ikincisi ilə texnologiya, təhsil və hökumət sahələrində əməkdaşlıq etdi, lakin öz təhlükəsizliyini təmin etmək üçün yenə də Moskvaya ümid bağladı. Bu hesablama özünü doğrultmadı. Ermənistan Qarabağ münaqişəsində ağır məğlubiyyətə uğradı və bu, onun müstəqil tarixini böyük ölçüdə müəyyənləşdirdi. Üç il ərzində Azərbaycan bütün keçmiş Dağlıq Qarabağ ərazisinə və onun ətrafındakı işğal olunmuş yeddi rayona hərbi yolla nəzarəti bərpa edib. Bunu heç Rusiya sülhməramlılarının olması dayandıra bilmədi. Bütün bunlar təkcə İrəvandakı ilkin qərbyönlü liderlərin deyil, həm də əhalinin geniş təbəqələrinin Rusiyadan məyus olmasına səbəb oldu". 

A.Nağıyev hesab edir ki, baş verənlər Rusiya ilə bağlı Ermənistanda mövcud olan mifin ifşası idi: “Paşinyan 2024-cü ilin fevralında KTMT üzvlüyünün dondurulduğunu elan edəndə bir çox nəşrlər, siyasətçilər və şərhçilər Ermənistanın bu təşkilatdakı statusunun dəyişdirilməsindən danışmağa başladılar. Lakin bu, hüquqi addımla bağlı deyil, indiki reallığın bəyanatı idi: İrəvan keçən il KTMT-nin təlimlərində və sammitlərindəki məqamı görməyi dayandırdığı üçün iştirakını dayandırdı. Onun rəsmi müttəfiqləri faktiki olaraq Azərbaycanla daha sıx əlaqələrə malikdir və onlar Ermənistanı dəstəkləməkdən imtina edirlər. Deməli, artıq Qərblə daha ciddi ünsiyyətlər qurmaq lazım idi. Buna baxmayaraq, İrəvan açıq şəkildə Qərbə meyldən danışmaqdan çəkinir və "təhlükəsizlik münasibətlərinin şaxələndirilməsi" ifadəsinə üstünlük verir. İrəvanın KTMT-dəki iştirakını dondurmasından sonra Avropa Parlamenti qətnamə qəbul edib. Qətnamədə bildirilir ki, ölkə bununla Rusiyadan asılılığını zəiflətməyə çalışır. Yəni əsas məsələ Rusiyanın nüfuzunun zəifləməsidir. Baxmayaraq ki, Putin-Paşinyan görüşündə müəyyən siyasi gedişlərə əl atıldı, hətta sərhəd qoşunlarının bir sıra istiqamətdən çıxarılması ilə qərar da qəbul edildi. Yeni əlaqələrə ehtiyac ona görə labüddür ki, hətta Qarabağda tam qələbə belə Azərbaycanı Ermənistanla barışdıra bilmədi. Hindistan Ermənistanın müraciətinə ilk cavab verən və hələ 2022-ci ildə İrəvana çoxsaylı buraxılış raket sistemləri, artilleriya qurğuları və s. verməyə başladı. Moskva isə Hindistanın ümumən neytral statusu və xüsusən də Ukraynadakı müharibə kontekstinə görə sakit reaksiya verdi". Deputat hesab edir ki, Rusiyanın fikrincə, bütün dünyanın gözü qarşısında Ermənistan kollektiv Qərbin son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün sadə bir alətə çevrilir və İrəvanın Qərbə istiqamətli kursu “respublikanın suverenliyi üçün ciddi risklər yarada” və iqtisadi inkişaf perspektivlərinə təsir göstərə bilər: “Bir sözlə, Qərb Rusiya ilə regionda nüfuz savaşında Ermənistandan çox ciddi istifadə edir. Azərbaycanın müstəqil xarici və daxili siyasətinə təsir mexanizmi olmayan, Gürcüstanda da fiaskoya uğramaq üzrə olan Qərb Ermənistandan tam istifadə edərək öz təsirini saxlamağa çalışır. Lakin gedişat da göstərir ki, tam şəkildə buna nail ola bilmir və görünən də odur ki, nail ola da bilməyəcək...”

Bu,

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Ermənistanda kilsənin həyata keçirdiyi etiraz aksiyaları həlledici olmasa da, müəyyən dərəcədə Nikol Paşinyanın mövqeyinə mənfi təsir edir: “Əgər Paşinyan aydın və praktiki siyasət aparmasa, onun üçün daxili siyasi böhran qaçılmaz olacaq. Xalq ona müharibədən fərqli olaraq, daxili siyasi sabitsizliyi və sosial problemləri bağışlamayacaq. Avropa İttifaqı da prosesləri görür və Nikol Paşinyana iki stulda oturmamaq mesajını verir. Çünki Rusiya ilə əməkdaşlıq davam etdikcə, Avropa İttifaqı Paşinyana tam etimad etməyəcək. Ona görə də konkret addımlar gözləyirlər”. 

M.Əsədullazadə qeyd etdi ki, həmçinin Azərbaycan və Türkiyə ilə normallaşmanı da gecikdirməsi prosesə mənfi təsir edir: “Qərb Ermənistana Azərbaycan və Türkiyə ilə normallaşma və avrointeqrasiya vəd edir. Bunun müqabilində Nikol Paşinyan manipulyasiya etməyə üstünlük verir. Bu da daxildə qrupları hərəkətə gətirir və hakimiyyətin dəyişməsinə çalışırlar. Çünki getdikcə xalqın və Qərbin etimadını itirə bilər”. Bununla belə, ekspert hesab edir ki, Avropa İttifaqı Paşinyanı qoruyur: “Amma bu, sonrakı dönəmlərdə olmaya bilər. Odur ki, Paşinyan konkret islahatlara getməli və Avropa bundan razı qalmalıdır. Göründüyü kimi, narazılıq var. Əlbəttə, Nikol Paşinyan Rusiya ilə yaxınlaşsa, Avropa İttifaqı onu tək buraxa bilər”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
50
musavat.com

10Mənbələr