AZ

Bakı və rayonlarda niyə Təcili Tibbi Yardım avtomobili tapılmır? – AÇIQLAMA

Son günlər Təcili Tibbi Yardım Xidməti (TTY) ilə bağlı şikayətlər çoxalmaqdadır. İctimaiyyətdə ölkə və rayonlar üzrə TTY maşınlarının sayının az olduğu bildirilir.

Faktiki olaraq hazırda Bakı və rayonlar üzrə nə qədər Təcili Yardım avtomobili var?

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az TƏBİB-ə sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin, əlçatanlığının və operativ göstərilməsinin təmin olunması, habelə tibb işçilərinin maddi rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlərin həyata keçirildiyi bildirilib:

“Respublika əhalisinin sağlamlığının qorunması istiqamətində tibbi xidmətlərin daha da yaxşılaşdırılmasını, yüksək səviyyədə təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsini təmin etmək məqsədilə TƏBİB-in tabeliyindəki təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları yenidən təşkil olunur. Məlum olduğu kimi, TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə – “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin qismində birləşdirilib. Hazırda restrukturlaşdırma işləri həyata keçirilir. Əvvəllər qeyd olunan müəssisələr üzrə çalışan kadrların yeni Mərkəzin strukturuna uyğun şəkildə yerləşdirilməsi prosesi təmin edilir”.

TƏBİB-dən verilən məlumata görə, mərkəzin yaradılmasında məqsəd xidmət keyfiyyətinin beynəlxalq səviyyəyə yüksəldilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən əməkdaşların bilik və bacarıqlarının eyni dərəcədə artırılması, vahid standartlar əsasında iş prinsipinin, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin sistemli şəkildə qurulmasıdır:

“Mütəmadi olaraq ambulans parkı genişləndirilir və briqadaların sayı artırılır. Bütün ölkədə icbari tibbi sığortanın tətbiqindən sonra ümumilikdə 349 təcili tibbi yardım avtomobili alınaraq ehtiyaca uyğun olaraq periferiya üzrə paylanılması təmin edilir. Bakı şəhəri üzrə gündəlik olaraq 120-130 civarında ambulans xəttə buraxılır. Əlamətdar günlərdə, beynəlxalq və yerli genişmiqyaslı tədbirlər zamanı bu say 150-dək artırılır. Bundan əlavə, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının yerləşməsinə yenidən baxılır və əlavə məntəqələrin təşkil olunması nəzərdən keçirilir. Təcili və təxirəsalınmaz tibbi yardım sisteminin müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması istiqamətində yeni proqram təminatı hazırlanır. Gün ərzində icra olunan çağırışların sayı 2 000-2500 civarında olur. Onların arasında kifayət qədər sayda əsassız çağırışlar (təxminən 10-15 faiz) da qeydə alınır. Bu tip çağırışlar təcili tibbi yardıma aidiyyəti olmayan müraciətlər olur. Son zamanlar kifayət sayda nəticəsiz çağırışlar da müşahidə edilir. Belə ki, çağırış üzrə ünvana yollanan briqadalar ünvanda təcili yardıma ehtiyacı olan heç kəslə qarşılaşmır, digər halda isə ya yardımdan imtina olunur, ya da həkiməqədər ölüm halı qeydə alınır. Yeni yaşayış məntəqələrinin salınması, ünvansız yaşayış məskənlərinin olması, nəqliyyat vasitələrinin sıxlığı ilə müşahidə olunan tıxaclar, yol hərəkəti iştirakçılarının ambulanslara yol verməməsi, çağırışların həddindən çox olması ilə müşahidə edilən hallarda gecikmələrin olması qaçılmazdır”.

Qurumdan bildirilib ki, bəzi hallarda protokol üzrə düzgün icra olunan çağırış da vətəndaşlar tərəfindən gecikmə kimi qiymətləndirilə bilir:

“Qeyd edək ki, çağırışlar təcili və təxirəsalınmaz olmaqla çeşidlənir, çağırışın növünə və qüvvədə olan protokollara uyğun olaraq icra edilir. Bildiririk ki, təcili tibbi yardım xidməti – xüsusi hazırlıq keçən mütəxəssislərdən ibarət və müasir tibb avadanlıqları ilə təchiz olunmuş, əhaliyə xəstəxanayaqədər mərhələdə (hadisə yerində və təxliyə zamanı) və tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım göstərən şəbəkədir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
19
avtosfer.az

10Mənbələr