AZ

Bəs Qərb o zaman niyə belə addım atmırdı?

Üç il bundan əvvəl NATO-nun şərqə doğru genişlənmə cəhdinə cavab olaraq Rusiya Ukraynaya hücum etdi. Hazırda iki ölkə arasında müharibə davam etməkdədir. Uzun müddətdir nə Rusiya, nə də Ukrayna döyüş meydanında ciddi uğur əldə edə bilmir. Amma hər iki tərəf kifayət qədər itkilər verməkdədir. Şərqi Avropadakı döyüşlər artıq Rusiya ilə bir sıra ölkələr arasında rəqabətə çevrilib. Verilən açıqlamalardan və prosesin gedişindən belə qənaətə gəlmək olar ki, döyüşlərin yaxın gələcəkdə başa çatacağı inandırıcı görünmür. Amma bu prosesdə NATO-Rusiya toqquşması riskini artıracağı ehtimalı az deyil.

Artıq Qərb bu müharibəni dayandırmaq, daha doğrusu, Ukraynada sülhün necə əldə olunacağını müzakirə etmək məqsədilə əməli fəaliyyətə başlamaq niyyətindədir. Bu məqsədlə iyunun 15-16-da İsveçrədə Qlobal sülh sammiti keçiriləcək. Bəri başdan qeyd edək ki, məlumata görə, İsveçrənin Bürgenstok şəhərində keçiriləcək sammitə dünyanın bütün qitələrini əhatə edən 100-dən çox ölkə dəvət olunub. Konfransda neçə ölkə liderinin iştirak edəcəyi hələlik məlum deyil. Bu da səbəbsiz deyil. Belə ki, bir çox dövlətlər bu məsələdə balanslı mövqe tutur və mürəkkəb məsələləri Rusiya tərəfinin iştirakı olmadan həll etmək istəmirlər.

Yeri gəlmişkən qeyd edək ki, Ukrayna Prezidenti çıxışlarının birində vurğulamışdı ki, dünya Ukrayna üçün ədalətli sülhün bərpasında nə qədər fəallıq göstərəcəksə, dünyanın başqa ölkələrinin belə təcavüzlərin qurbanları olmayacağı ehtimalı bir o qədər çox olacaq: “Dünya nizamını kobud güc deyil, BMT Nizamnaməsi müəyyən etməlidir, biz yalnız birlikdə Rusiyanı beynəlxalq hüququ tanımağa məcbur edə bilərik". O, həmçinin bildirmişdi ki, sammitdə sülhün ilk əsaslarının razılaşdırılmasına başlanılacaq və dünya nizamının necə olması barədə dünyanın ümumi baxışı təklif ediləcək. Amma əksər siyasətçilər, o cümlədən britaniyalı ekspert Aleksandr Merkuris Qlobal sülh sammitinin uğursuz nəticələnəcəyini bildirir. Onun qənaətinə görə, çünki bunun arxasında yenə də dünyanın aparıcı dövlətlərinin maraqları dayanır.

Bu tədbirdə ABŞ-ın vitse-prezidenti Kamala Harrislə bərabər, Birləşmiş Ştatlar Prezidentinin milli təhlükəsizlik üzrə  köməkçisi Cek Sallivan da iştirak edəcək. Məlumata görə, vitse-prezident Harris Bayden administrasiyasının Ukraynanın suverenliyi və ərazi bütövlüyü, eyni zamanda, BMT Nizamnaməsinin prinsiplərinə əsaslanan ədalətli və davamlı sülhün təmin edilməsi üçün Ukraynanın səylərini dəstəkləmək öhdəliyini vurğulayacaq.

Bu qeydlərdən sonra belə bir sual ortaya çıxır: Bəs bizim torpaqlarımız işğal altında olanda Qərb niyə belə sammit təşkil etmirdi? Halbuki, münaqişənin həlli ilə bağlı Minsk konfransı təşkil olunmalıydı, amma Qərb bu addımı atmadı. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu təşkil edildi ki, o da 28 il ərzində öz funksiyasını yerinə yetirə bilmədi. Yəni, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq özlərinin qəbul etdikləri qətnamələrin icrasına maraq göstərmədilər. İllər ərzində ikili standartlardan çıxış edən və sözün həqiqi mənasında “diplomatik turizm”lə məşğul olan Minsk qrupunun bir hədəfi var idi: münaqişənin nizamlanmasında qeyri–konstruktivlik göstərmək, təmsil etdikləri dövlətlərin maraqlarını yerinə yetirmək, status–kvonu uzatmaq. Üstəlik, ərz edirdilər ki, guya bu münaqişənin hərbi həlli  yoxdur. 

Odur ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq öz gücü hesabına ildən-ilə uzanan bu problemi hərbi-siyasi yolla təkbaşına həll etmək məcburiyyətində qaldı və erməni vəhşilərini zəbt etdikləri ərazilərimizdən təmizlədi, işğalçı Ermənistanın kapitulyasiyasını özündə əks etdirən  Bəyanatı imzalamağa məcbur etdi.  23 saatlıq lokal antiterror əməliyyatı ilə ölkəmizin tam suverenliyini bərpa etməklə yanaşı, Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Elə bu səbəbdən dövlətimizin başçısı hələ də formal olaraq qalan, hüquqi cəhətdən ləğv edilməyən Minsk qrupunu lüzumsuz bir qurum kimi dəyərləndirib.

Prezident İlham Əliyev  iyunun 6-da TÜRKPA-nın nümayəndə heyəti ilə görüşü zamanı bir daha bildirib ki, Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir: “Biz onun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik”. 

Bütün bunlardan belə qənaətə gəlmək olar ki, Qərb ikili standartlardan çıxış etməkdə davam edir. Qərbin Azərbaycana qarşı tətbiq etdiyi ikili standartlar təsadüfi xarakter daşımır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Qərb Cənubi Qafqazda münaqişəli vəziyyətin davam etməsində maraqlıdır. 

Qvami Məhəbbətoğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
40
ikisahil.az

10Mənbələr