AZ

“Qəbələ”dən ayrılan futbolçu: Düşünməsinlər ki, I Liqada oynamağı özümə sığışdırmadım

“Qəbələ”dən

Bakı, 30 may, AZƏRTAC

“Qəbələ”nin I Liqaya düşməsi məni çox məyus etdi. Çünki bu komandanın qəlbimdə yeri tamam başqadır”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qəbələ” klubundan ayrılaraq “Araz-Naxçıvan”a keçən Urfan Abbasov deyib.

O, bəzi səbəblərə görə I Liqada oynamaq istəmədiyi üçün Qəbələnin eyniadlı təmsilçisini tərk etdiyini bildirib: “İki il öncə dizimdən əməliyyat keçirdim. Süni meydançada oynamaq mənə çətinlik yaradacaqdı. Hətta bu cür ot örtüyündə mübarizə apardığım zaman bir neçə gün özümə gələ bilmirəm. Bilirsiniz ki, I Liqa komandalarının stadionlarında meydançalar ideal vəziyyətdə deyil. Həmçinin Premyer Liqada qalmaq niyyətim var idi. Ona görə bu qərarı verdim. Elmar Baxşıyev ilə bu barədə danışdıq. “Araz-Naxçıvan”da keçmiş komanda yoldaşlarım da var. Düşünməsinlər ki, I Liqada oynamağı özümə sığışdırmadım və ya klub məni istəmədi. Sadəcə, uyğun olan varianta əl atdım”.

“Qəbələ”nin I Liqaya düşməsinin səbəblərinə də toxunan 31 yaşlı müdafiəçi burada bəxtsizlik amilinin rol oynadığını söyləyib: “Mövsüm ərzində bəxt bizdən üz döndərmişdi. Deməzdim ki, bəzi komandalar “Qəbələ”dən xeyli üstün idilər və ya biz zəif idik. Sadəcə, fürsətləri dəyərləndirə bilmədik. Əlimizdə olan heyətlə gücümüz yalnız buna çatdı. İnanıram ki, “qırmızı-qaralar” yenidən elitaya qayıdacaq. Əgər formada olsam və həmin vaxt “Qəbələ”dən təklif gəlsə, bu komandaya qayıdaram”.

Təcrübəli oyunçu “Araz-Naxçıvan”dakı hədəflərindən də söz açıb: “İddialı komanda qurmaq istəyirlər. Yeni oyunçular da gələcək. Məqsəd yüksək yerlər uğrunda mübarizə aparmaqdır”.

Qeyd edək ki, karyerası ərzində “Qəbələ” və “Səbail” klublarının formasını geyinən U. Abbasov Azərbaycan milli komandasına da cəlb olunub. Onun “Araz-Naxçıvan”la müqaviləsinin müddəti 1 illikdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
50
azertag.az

10Mənbələr