AZ

Azərbaycan-Ermənistan sərhədində növbəti delimitasiya – 4 ərazinin adı çəkilir

Məlum olduğu kimi, aprel-may aylarında aparılan delimitasiya işləri nəticəsində Ermənistanla Azərbaycan arasında 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilərək rəsmiləşib.

Sərhəd xəttinin koordinatları üzrə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirmə aparılıb və müvafiq sərhəd xəttinin keçməsinin Protokol-təsvirini özündə əks etdirən birgə çöl işləri nəticələri haqqında Texniki Protokol tərtib edilib.

Nəticədə Azərbaycan Respublikasının Qazax rayonunun 1992-ci ildən bəri işğal altında olan 4 kəndinin – Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

Bəs növbəti mərhələdə delimitasiya işləri şərti sərhəd xəttinin hansı hissələrində aparıla bilər?

Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyasının hələ ki bu barədə rəsmi açıqlaması yoxdur.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, indiyədək 9 dəfə görüşən delimitasiya komissiyalarının yaxın vaxtlarda 10-cu görüşə hazırlaşdığı bildirilir.

Ermənistandakı mənbənin “Hraparak”a bildirdiyinə görə, delimitasiya işlərinin hansı ərazidə davam etdiriləcəyilə ilə bağlı müxtəlif proqnozlar var.

Qeyd edilir ki, növbəti mərhələdə Tavuşdakı anklav ərazilər (Qazaxın hər tərəfdən Ermənistan ərazisilə əhatələnmiş esklav kəndləri – Yuxarı Əskipara, Barxudarlı və Sofulu) gündəmə çıxarıla bilər.

Ya da Ermənistanın Basarkeçər rayonu (Vardenis) ilə Azərbaycanın Kəlbəcər rayonu arasındakı Zod kəndi ilə bağlı mübahisələrə baxıla bilər.

Üçüncü variant kimi Zəngəzur bölgəsindəki (Sünik) mübahisəli sərhəd ərazilərinin adı çəkilir.

Ermənistan mediasının daha bir məlumatına görə, növbəti delimitasiya işləri Göyçə mahalının Krasnoselsk rayonunun Çəmbərək kəndi istiqamətində aparıla bilər. Belə ki, kənd sakinlərinin jurnalistlərə bildirdiyinə görə, yaxınlıqdakı tarlalarda geodeziya tədqiqatçıları gözə dəyib. Sakinlərə bildirilib ki, Azərbaycanın bu sahədə tələb etdihyi mövqelər var və hətta həmin mövqelərin təhvil veriləcəyi də vəd olunub.

Xatırladaq ki, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasına baş nazirin müavini Şahin Mustafayev rəhbərlik edir.

Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyaya isə baş nazir müavini Mher Qriqoryan sədrlik edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
50
tribunainfo.az

10Mənbələr