AZ

Azərbaycanın növbəti İNAMLI QƏLƏBƏSİ: Yaxın perspektivdə bu ərazilərdə…

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının mayın 15-də sərhəddə növbəti görüşü keçirilib. Görüşün nəticəsi olaraq tərəflər arasında müvafiq protokol imzalanıb. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycanın Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib. Bu gün Azərbaycanın Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Bununla da Azərbaycan Qarabağın azad edilməsindən sonra sərhəd istiqamətində işğalda olan əraziləri tam nəzarətə götürməyə nail olub. Heç bir güzəşt etmədən işğal altında qalan torpaqların azad edilməsi istiqamətində növbəti qələbəni təmin edib.

4 kəndin qaytarılmasının hərbi-siyasi üstünlükləri nələrdir? Bu, perspektivdə anklavların, eyni zamanda, SSRİ dövründə ermənilərə bağışlanmış ərazilərin sərhəd boyunca yerləşən hissəsinin azad ediləcəyi gözləntisini artırırmı?

Mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin zəfəri kimi dəyərləndirilməlidir.

Onun sözlərinə görə, yaxın perspektivdə bu ərazilərdə sərhəd infrastrukturunun yaradılması nəzərdə tutulur: “Bunun üçün Azərbaycanın mövcud olan əvvəlki sərhəd xətti yeni mövqelərə daşınacaq. Həmin ərazilərdə zəruri olan sərhəd qüllələri, sərhəd maneə xətti və sərhəd zastavaları yerləşdiriləcək. Bölgədəki hakim yüksəkliklər Dövlət Sərhəd Xidmətinin nəzarətinə keçəcək. Bu da gələcəkdə Ermənistan ordusunun və sərhədçilərinin ərazidə həyata keçirdikləri fəaliyyətləri müşahidə etməyə və onlara qarşı adekvat tədbirlər görməyə imkan verəcək”.

Hərbi ekspert Ə.Verdiyevin fikrincə, atılan addım gələcəkdə Azərbaycan və Ermənistan arasındakı etimadın möhkəmlənməsinə, sülh sazişinin imzalanması üçün şəraitin yaradılmasına imkan verir: “İstənilən halda Ermənistanın bir güllə atılmadan Azərbaycan ərazilərini geri qaytarması o anlama gəlir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözügedən kəndlərin Azərbaycana qeyd-şərtsiz qaytarılması barədə tələbini rəsmi İrəvan kifayət qədər ciddi qəbul edir”.

Ayşən RƏHİM

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
50
medianews.az

10Mənbələr