AZ

“Qumardan pul qazanıb xoşbəxt olan insan yoxdur”

“İnsanların həyatda qalmaq ehtiyacı ödənəndən sonra özünütəsdiq ehtiyacı yaranır”.

Bu sözləri məşhur psixoloq Əfsanə Rüstəmova “Cebhe.info”-ya açıqlamasında deyib. O bildirib ki, insanlar ibtidai icma quruluşlarında heyvanları ovlamaqla və onları bişirməklə özlərini göstərməyə başlayırdılar:

“Bununla da özünütəsdiq tələbatlarını ödəməyə çalışırdılar. Müasir dövrdə isə bu sahədə hər hansısa fərqlilik göstərmək mümkün görünmür. Ona görə də insanlar ağılları vasitəsilə daha öndə olmağa çalışırlar.

Belə olan halda maraqlı yanaşma ortaya çıxır. Yəni bəzi insanlar mərc oyunlarını iti zəkanın göstəricisi kimi qəbul edirlər. Bu səbəbdən də sözügedən oyunlara belə maraq var”.

Həmsöhbətimiz qeyd edib ki, insanlar uzun müddət çalışıb sərvət qazanmağı real hesab etmirlər:

“Ona görə də müxtəlif yollardan istifadə edərək birdəfəyə daha böyük məbləğ əldə etmək istəyirlər. Təəssüf ki, qumar oyunlarına müraciət etməyi “ağıllı” və “sürətli” variant kimi görən insanlar var. Əslində, mərc oyunları oynayan insanlar özlərini cəmiyyətin “axmaq”, “tənbəl” və ya “bacarıqsız” hissəsi kimi görmürlər. Əksinə, özlərini “ağıllı”, qısa yoldan pul qazanmağa çalışan insan kimi görürlər. Düşünürəm ki, toplumda dəyər vahidlərinə uyğun maraqlar formalaşdırılmalıdır. Bizim toplumun dəyər vahidlərinə uyğun maraqları tapa bilmədikləri üçün mərc oyunlarına yönəlirlər. Hərçənd ki, dini inancımızın da qumar və mərc oyunları oynamağımıza icazə vermədiyini hər kəs bilir. Görünən odur ki, bəzi insanlar sadəcə özlərinə sərf edən məsələlərdə mentalitetdən və dindən istifadə edirlər. Sərf etməyəndə isə o detalları görməməyə çalışırlar”.

Psixoloq diqqətə çatdırıb ki, bir insanın qısa yoldan böyük məbləğ qazanması onun ağıl göstəricisi sayılmamlıdır:

“Həmişə insanın qısa yolla sərvət qazanması ağıl göstəricisi sayılmır. Ağlımızı göstərmək üçün xarakterimizə uyğun ola bilən daha fərqli yollar tapıb, qumar və mərc vərdişlərindən imtina etmək lazımdır. Çünki qumarda birdəfəyə qazanılan həmin məbləğ kiminsə uzunmüddətli itkisinin nəticəsidir. Hadisəyə belə baxanda insanların bir qisminin fikri dəyişə bilər. Hər kəsin ətrafında mərc və qumar oyunlarına görə evini, avtomobilini satan insanlar var. Qumardan qazanılan pulun həmin pullar olduğunu biləndə isə ondan zövq almaq da olmur. Ona görə ki, insan qarşısındakı şəxsin emosiyasından qidalanır. Yəni bu tip mərc oyunlarında kiminsə gülməsi üçün başqa biri ağlamalıdır”.

Əfsanə Rüstəmova əlavə edib ki, bu cür ziddiyyətli emosiyalar insanları düşünməyə vadar etməlidir:

“İnsanlar qumardan gələn gəlirin onları xoşbəxt etməyəcəyini anlamalıdır. Nəzərə almaq lazımdır ki, doğru yerdən pul qazanmayanda, onu yaxşı yerə də xərcləmək olmur. Düşünürəm ki, Azərbaycanda mərcdən və ya qumardan gələn qazancla həyatına davam edən insanların sonda xoşbəxt olmasına dair heç bir nümunə yoxdur.

Əksinə, olduqca mənfi nümunələr var. Bütün bunlara rəğmən qumar oyunları oynamağa davam edirlərsə, çox keçmədən psixoloqa müraciət etmələrini tövsiyə edirəm.

Ümumiyyətlə, insanları özünə əziyyət verən heç bir fəaliyyəti xoş qəbul etməməlidirlər. Qumar isə onlara uzun müddət əziyyət verəcək bir fəaliyyətdir. Nəzərə almaq lazımdır ki, həyatımızı gözəlləşdirən və həqiqətən ağllı olduğumuzu təsdiq edən kifayət qədər sahə var”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
50
bakuinform.agency

10Mənbələr