AZ

Ölkəmizin alternativ enerji potensialı da yüksək dəyərləndirilir.

Bu gün dünyada iqlim dəyişiklikləri, təbiətə vurulan zərərin qarşısının alınması qlobal bir çağırışdır. Getdikcə daha təhlükəli hal alan bu təhdidlər təxirəsalınmaz tədbirlər görülməsini, ölkələrin və beynəlxalq təşkilatların koordinasiyalı fəaliyyət göstərməsini zərurətə çevirib. Azərbaycan da bu çağırışa qoşulan ölkələr sırasındadır. Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması xüsusi diqqət mərkəzindədir. Ötən dövr ərzində bu istiqamətdə dövlətimizin başçısı tərəfindən dövlət proqramları təsdiq edilib, müvafiq fərman və sərəncamlar imzalanıb.

Bunu açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

O bildirib ki, qlobal mənzərə milli səviyyələrdə ölkələrin məsuliyyətini artırır. Bu mənada, Azərbaycanın mövqeyi və məsələyə yanaşması təqdirəlayiqdir. Respublikamız iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələr sırasında yer alır. Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan da öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul olacaq təkliflər verir. Həmçinin regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirir. Bununla belə, ölkəmizin alternativ enerji potensialı da yüksək dəyərləndirilir.

“Prezident İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibəsində müəyyən məqamlara aydınlıq gətirib. Dövlətimizin başçısı Azərbaycanı malik olduqlarına görə mühakimə edənlərə üzünü tutaraq vurğulayıb: “Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir”.

Ölkəmizin bu il COP29-a ev sahibliyi etməsi yaşıl enerji amilinə verilən önəmin ifadəsidir. Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfələrini verir”, – deyə S.Fətəliyeva qeyd edib.

Deputat bildirib ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibi seçilməsi Prezident İlham Əliyevin siyasətinin növbəti parlaq qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və BMT Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur.

Onun sözlərinə görə, COP29 kimi qlobal miqyaslı tədbirin təşkilində məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. Çünki hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir. Beləliklə, qarşılıqlı səylər və həmrəylik sayəsində iqlim dəyişiklikləri məsələsində müsbət nəticələr əldə etmək mümkündür.

“Bu kontekstdə, COP29 qlobal miqyaslı ekoloji problemlərin müzakirə platforması olmaqla yanaşı, həm də ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizəyə verə biləcəyi töhfələri nümayiş etdirəcək”, – deyə Sevinc Fətəliyeva vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
5
xalq.az

10Mənbələr