AZ

COP29-un ən vacib mirası 

Mübariz ABDULLAYEV

Qlobal həmrəyliyə davamlı töhfələr verən Azərbaycan cari ilin noyabrında daha bir mühüm beynəlxalq tədbirə - COP29-a ev sahibliyi edəcək. Tədbirə beynəlxalq səviyyədə böyük maraq var, ölkəmizə on minlərlə qonağın gələcəyi gözlənilir. Azərbaycan belə bir genişmiqyaslı qlobal konfransa ev sahibliyi hüququnun verilməsini həm beynəılxalq birliyin etimadı, həm də böyük məsuliyyət kimi qəbul edərək ciddi hazırlıq tədbirləri görür. Prezident İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibəsində COP29-un gündəliyinə xüsusi diqqət çəkib. Dərin təhlillər əsasında hazırlanan bu gündəlik dünyada yaşanan iqlim dəyişikliyi ilə bağlı yaranan çağırışlara adekvatdır və nəzərdə tutulan genişmiqyaslı tədbirləri əhatə edir.

Dünyada qlobal iqlim dəyişikliyinin yaratdığı kədərli mənzərə

Hazırda dünya üzrə iqlim dəyişikliyi ilə bağlı çağırışların aktuallığının artması heç də təsadüfi deyil. Ekspertlər kədərli müqayisələr aparırlar. Bildirlir ki, əgər bir vaxtlar qlobal səviyyədə əhali artımına, insanların həyat tərzinə, sosial vəziyyətinə daha çox dərəcədə müharibələr mənfi təsir göstərirdisə, indi burada iqlim dəyişikliyi önə çıxmaqdadır. Dünyanı təhdid edən iqlim dəyişikliyinin qlobal istiləşmə və sürətli sənaye inkişafının nəticəsi olaraq yarandığı bildirilir. Uzun illərdir ki, dünyada artan əhali neft, qaz, kömür yandırır. Eyni zamanda, avtomobillərin sayı sürətlə artır.  Bütün bu kimi fəaliyyətlər atmosverə daha çox həcmlərdə tullantıların, karbon qazının buraxılması ilə nəticələnir. Eyni zamanda, qlobal istiləşmənin sürətlənməsi həyəcan təbili çalmağa əsas verir. 2011-2020-ci illər arasında buzlaqların əriməsi əvvəlki 10 illərlə müqayisədə 75 faiz artıb. Ötən il dünya tarixinə ən isti il kimi daxil oldu. Təbii fəlakətlərin - isti küləklərin, qasırğaların, yağıntıların, sel və daşqınların sayı əhəmiyyətli dərəcədə artıb. Okeanın səthi əvvəllər 1000 metr dərinliyə qədər qızırdısa, artıq bu göstərici 2000 metr dərinliyə qədər çatır.

Fəsadlar da çox ağırdır. Ekstremal hava şəraiti, hidroloji və iqlim hadisələri insan təhlükəsizliyinə, milli iqtisadiyyatlara, şəhər və kənd mühitinə, qida və su təhlükəsizliyinə öz mənfi təsirlərini  göstərir. Təəssüf ki, biz belə mənfi təsirlərin statistikasında sürətli artım dinamikasını izləyirik. Ətraf mühitin çirklənməsi, müxtəlif təbiət hadisələri hər il təxminən 13 milyon insanın həyatına son qoyur. Bu gün iqlim dəyişikliyi insanları yoxsulluğa sövq edən və həyat tərzinin yaxşılaşmasına mane olan əsas problemlərdən biri qismində çıxış edir. XXI əsrin ikinci onilliyində (2010-2019) ekologiya ilə bağlı hadisələr hər il orta hesabla 23,1 milyon insanı öz daimi yaşayış yerindən köçmək məcburiyyəti ilə üz-üzə qoyub.

Azərbaycan da qlobal iqlim dəyişmələrindən əziyyət çəkən ölkələr sırasında yer alır. Bir qədər bundan əvvəl  “Azərkosmos” “Yaşıl dünya naminə həmrəylik İli”nə həsr olunmuş konfransda qlobal iqlim dəyişmlərinin Azərbaycanda təsirinə dair hazırladığı rəqəmsal iqlim platformasını ictimaiyyətə təqdim edib. “Azərkosmos”un peyk görüntülərinə dayanaraq apardığı hesablamalar göstərir ki, ölkədəki su anbarlarının çoxunda azalmalar baş verib. Məsələn, 2017-ci ildə ölkənin ən böyük su anbarı olan Mingəçevir su anbarının güzgü səthinin sahəsi 48 min 259 hektar idisə, ötən il bu rəqəm 46 min 438 hektara enib. Deməli, 2 min hektara yaxın azalıb. “Azərkosmos”un hesablama apardığı  Araz su anbarında bu azalma 1 min 800 hektar, Yenikənd su anbarında 74 hektar, Taxtakörpü su anbarında isə 286 hektar olub. Təqdim olunan bu kimi faktlar həyəcan təbili çalmağa əsas verir. 

Qlobal təhdidə qarşı Azərbaycanın qlobal həmrəylik çağırışı

Bəhs olunan müsahibəsində Prezident İlham Əliyevin vurğu etdiyi kimi, dünyada iqlim çağırışları ilə bağlı fikirlər heç də həmişə üst-üstə düşmür. Fərqli çağırışlar edilir, bir sıra hallarda isə müxtəlif strukturlu iqtisadiyyatlara və inkişaf səviyyələrinə malik ölkələrin bir-birlərini ittiham etmələrinin şahidi oluruq. Belə yanaşmalar ümumi məqsədlərə çatmağa kömək edə bilməz. Çağırışlar bütün dünya üçün olduğu kimi, dövlətlərin qarşıya qoyduqları məqsədlər də uyğunlaşdırılmalı və səylər birləşdirlməlidir. COP29-a ev sahibliyi edəcək Azərbaycanın mövqeyi belədir ki, qlobal təhdidlər fonunda hər bir ölkə öz məsuliyyətini anlayaraq iqlim dəyişikliyinə qarşı milli səviyyədə özünün gündəliyini müəyyənləşdirməlidir. Bu mənada məsuliyyətli dövlət olan Azərbaycanın yanaşması təqdirəlayiqdir. Respublikamız iqlim dəyişikliyi ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələr sırasında yer alır. Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub və Konvensiyanın Kioto Protokolunu  2000-ci ildə təsdiqləyib. Kioto protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün qəbul edilmiş Doha əlavəsi 14 aprel 2015-ci ildə Milli Məclis tərəfindən  ratifikasiya edilib və ölkə Prezidenti tərəfindən təsdiqlənib. Digər bir mühüm beynəlxalq sənəd olan Paris Sazişi  isə 2016-cı il oktyabrın 28-də Milli Məclis tərəfindən ratifikasiya olunub. Respublikamız BMT-nin çağırışına qoşularaq neft sənayesində “sıfır emissiya” hədəfi müəyyənləşdirib. Qəbul olunan strategiyaya əsasən, indiki mərhələdə ətraf mühit məsələləri ölkəmizin beş milli prioriteti sırasında yer alır. Respublikamız 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir.

Milli səviyyədə öz məsuliyyətini və nümunəsini nümayiş etdirən Azərbaycanın həmçinin iqlim dəyişikliyinə qarşı qlobal həmrəyliyin möhkəmlənməsinə töhfələr vermək imkanları da böyükdür. Prezident İlham Əliyevin bildirdiyi kimi, biz bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik. Məlumdur ki, Azərbaycanın Qoşulmama Hərəkatında (QH) körpü rolunu oynamaqda böyük təcrübəsi var. Respublikamız  Hərəkata dörd il ərzində sədrlik həyata keçirib. Azərbaycanın 120 ölkənin birləşdiyi quruma sədrliyi dönəmində QH böyük tərəqqiyə nail oldu, onun funksionallığı və beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artdı. Eyni zamanda, respublikamız Avropa İttifaqına  (Aİ) üzv olan ölkələrlə fəal işləyir. Azərbaycan indiyədək Aİ-yə üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb. Bundan başqa, respublikamız geniş İslam coğrafiyasında böyük nüfuza malik olan ölkədir. Bütün bunlar respublikamızın birləşdirici rolunu gücləndirən amillərdir. Əsas məqamlardan biri də Azərbaycanın xoş niyyəti və siyasi iradəsi ilə bağlıdır. Ölkəmiz malik olduğu potensialdan və imkanlardan heç vaxt başqalarına qarşı təzyiq vasitəsi kimi istifadə etmir, əksinə daim qlobal həmrəyliyi, barışığı, ümumi məqsədləri hədəfləyən təşəbbüslər irəli sürür. Prezident İlham Əliyev diqqəti ona çəkib ki, indiki mərhələdə qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq kimi suallara cavab tapılmalıdır. “Beləliklə, biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Beləliklə, bu, diplomatiyadır, siyasətdir, maliyyədir və əlbəttə ki, ev sahibi ölkəsi kimi biz bunun üçün bir platforma yarada bilərik”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Hazırda iqlim dəyişikliyi çağırışları fonunda qazıntı yanacağı mövzusu da ciddi müzakirə predmetinə çevrilib. Təəssüf doğuran haldır ki, bir sıra hallarda qazıntı yanacağı istehsal edən ölkələr tənqidlərə tuş gəirlər. Belə yanaşma doğru deyil. Prezident İlham Əliyevin verdiyi mesajlardan biri ondan ibarətdir ki, bizi malik olduqlarımıza görə mühakimə etməyin. Bizi onlardan necə istifadə etdiyimizə, gündəmimizə görə mühakimə edin. Fikirlərinə davam edən dövlətimizin başçısı bildirib: “Avropadakı, Qoşulmama Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən əlavə, həmçinin bir məsələni də anlamaq vacibdir ki, biz həm də OPEC+ üzv ölkəsiyik. Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir”.

Enerji transformasiyası

Bəhs olunan müsahibədə müxbir dövlətimizin başçısına “COP29-un davamlı mirası olaraq nəyi görmək istərdiniz?” sualını ünvanlayıb. Prezident İlham Əliyev həmin suala “Əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq” - deyə cavab verib.

Dövlətimizin başçısının bu cavabı dünyaya bir çağırış olmaqla yanaşı, həm də ölkəmizin reallıqlarını və gündəliyini təcəssüm etdirir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi, şübhəsiz ki, ölkəmiz üçün  2024-cü ilin ən mühüm hadisəsi olacaq. Bunu, eyni zamanda, respublikamızın yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək mümkündür. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi bu missiyaya verilən dəyərin təsdiqidir. Bu təşəbbüs sadəcə rəmzi məna daşımır, həmçinin Azərbaycanın müsbət ekoloji dəyişmələr yaratmaq məqsədi daşıyan ölkələr üçün nümunə olmaq istəyidir, eyni zamanda, gələcək nəsillər üçün daha yaşıl və sağlam gələcəyin qurulması istiqamətində öhdəliyini, strateji məqsədlərini və fəal tədbirlərini əks etdirən addımdır. Ölkəmiz “yaşıl enerji” iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də təsdiqləyir. Yeni qlobal çağırışların yarandığı indiki mərhələdə enerji transformasiyası Azərbaycanın da gündəliyində dayanan vacib məsələlər sırasında yer alır. Karbohidrogen resursları ilə zəngin olan respublikamız da elektrik enerjisi istehsalında yaşıl enerjinin xüsusi çəkisinin artırılmasını hədəfləyib. Bu da onunla bağlıdır ki, respublikamız bərpaolunan enerji mənbələri ilə kifayət qədər zəngin bir diyardır. Ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin potensialı 27000 MVt həcmində qiymətləndirilir. Qeyd edək ki, son illərdə respublikamızda külək enerjisi istehsalı 131 dəfə, Günəş enerjisi istehsalı isə 55 dəfə artıb. Ölkəmiz növbəti illərdə bərpaolunan enerjinin ümumi istehlakda payını artırmaq niyyətindədir. Bu sahədə 2030-cu ilədək qarşıya qoyulan hədəf bərpaolunan enerjinin ümumi istehlakda payının 30 faizdən çox artırılmasına nail olmaqdan ibarətdir.

Seçilən
146
9
yeniazerbaycan.com

10Mənbələr