AZ

Azərbaycan xarici borc strategiyasını radikal dəyişdirir...

Image

Azərbaycan xarici borcla bağlı strategiyasında radikal dəyişikliklərə hazırlaşır. Söhbət xarici borc həcminin artırılmasından gedir. İndiyə qədər isə bu borcun azalması prioritet idi. Amma Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirilən iclasında maliyyə naziri Samir Şərifov fərqli siyasətə start veriləciyini bildirib: 

“Xarici dövlət borcunun təxminən 10 milyard dollar səviyyəsinə qədər artırılması nəzərdən keçirilir”. 

Nazir bildirib ki, hazırda bu borc 5,5 milyard dollar təşkil edir: “Bu il də kifayət qədər ödənişlərimiz olacaq. Bu bizə imkan verir ki, xarici valyutada mühafizəkar borclanma siyasəti apararaq, eyni zamanda ölkəmiz qarşısında duran böyük infrastruktur layihələri icra edək. Xarici dövlət borcu elə də böyük məbləğdə deyil, daha çox layihələrlə bağlı xarici borcu artırmaq istəyirik". Nazir deyib ki, daxili borcların həcmi artıb: "Vaxtilə Beynəlxalq Bankın sağlamlaşdırılması istiqamətində "Aqrarkredit" Bank Olmayan Kredit Təşkilatı tərəfindən Beynəlxalq Bankın toksik borcları alınırdı. Bunun üçün dövlət tərəfindən vəsait ayrılmışdı. Həm də bu toksik aktivlərin sağlamlaşdırılması üçün dövlət zəmanəti ilə istiqrazlar verilmişdi. Bu aktivləri balans qiyməti ilə alırdıq, lakin onun satışı real bazar qiymətindən aşağı idi və nəticədə zərər əldə edilirdi. "Aqrarkredit" bir vaxta qədər bunu idarə edirdi. İndi müəyyənləşdi ki, bu qurum bu borcları idarə etmək iqtidarında deyil. Nəticə etibarı ilə bu borcu dövlət borcu kimi qiymətləndirdik. Bu, dövlət borcumuzun artmasına təsir etdi". Qeyd edək ki, Azərbaycan hələ də xa­rici dövlət borcu sahəsində davamlı şəkildə müsbət göstəricilər əldə edir. Bu,  xarici dövlət bor­cunun daxili dövlət borcu ilə əvəzlən­məsinin, dövlət borcunun idarəsi üzrə strategiyanın uğurla gerçəkləşdirilmə­sinin nəticəsidir. Onu da bildirək ki, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir. Xatırladaq ki, ötən illər xarici borcun əhəmiyyətli şəkildə azaldılması və daxili borc bazarının inkişaf etdirilməsi ilə diqqət çəkib. Bu məsələdə “Azərbaycan Res­publikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədi əhəmiyyətli rol oynayıb. Həmin strategiyada qeyd olunan strateji məqsədlər üzrə müəyyənləşdi­rilən hədəflərə nail olunub, həm orta­müddətli, həm də uzunmüddətli dövrdə dövlət büdcəsinin maliyyə ehtiyacları nəzərə alınmaqla dövlət borcunun da­yanıqlılığı gerçəkləşdirilib. 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması qarşıya mühüm vəzifə kimi qoyulub. İndi hesab olunur ki, Azərbaycan yeni borc alsa da həcm ÜDM-ə nisbətdə 30 faizi keçməyəcək. Çünki “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sı ölkədə xarici borcun tənzimlənməsi və idarə edilməsi baxımından konkret hədlər formalaşdırır. Xatırladaq ki, strategiyada 3 istiqamət üzrə hədəflər müəyyənləşdirilib: dayanıqlı və idarəolunan dövlət borcunun səviyyəsinin müəyyənləşdirilməsi; risklərin idarəedilməsi sisteminin təkmilləşdirilməsi; dövlət borcalmaları üzrə infrastrukturun və nəzarət mexanizminin gücləndirilməsinə nail olunması. 

İndiki dövrdə və xarici şokların hər zaman aktiv olduğu vaxtda dövlət borcu səviyyəsinin dayanıqlı və idarəedilən səviyyədə olması çox vacibdir. Strategiyaya uyğun olaraq ümumi dövlət borcunun, həm də xarici borcun səviyyəsi proqnozlaşdırılır. Bu da dayanıqlı xarici borca nail olunması baxımından əhəmiyyətlidir. Eyni zamanda, xarici dövlət borcunun xidmət xərclərinin azaldılması əsas hədəflərdən biridir. Ekspertlər qeyd edir  ki, ölkənin maliyyə resursları kifayət qədərdir. Mərkəzi Bankın və Dövlət Neft Fondunun birgə resursları 70 milyard dollara yaxındır. Amma bunun belə ölçülməsi indiki halda düzgün deyil. Yəni xarici birdəfəlik bağlanması və yaxud tamamilə bütün resursları da bura yönəltmək doğru deyil. Hökumət bunu nəzərə alır və beynəlxalq maliyyə əməkdaşlığını diqqət mərkəzində saxlayır. Həm də Azərbaycan azad olunmuş əraziləri yenidən qurur, yeni transmilli layihələr həyaka keçirir. Dünya iqtisadiyyatında dövlət borcunun tamamilə silinməsi anlayışı yoxdur. Çünki bütün dövlətlərin xarici borcu var. Bu, normal haldır.  Daxili borc məsələsində də hökumət uğurlu siyasət həyata keçirir. Daxili dövlət borcları xarici dövlət borclarına nisbətən, xüsusən milli valyutada olduğuna görə, onların dayanıqlılığını təmin etmək daha asandır, lakin xarici borcların tənzimlənməsi daha vacibdir. Xarici borcların tərkibində valyuta strukturunun tənzimlənməsi də əsas hədəflərdəndir. Bu hədəflərə nail olunması üçün xüsusən dönərli valyutaya cəlb edilən xarici borcların məbləğinin də azaldılması əsas hədəflərdən biridir. Indilikdə isə ölkənin strateji valyuta ehtiyatlarının həcminin yüksək olması xarici maliyyə qurumlarının Azərbaycana daha rahat borc verməsinə şərait yaradır. Nəticədə Azərbaycan əlavə manevr imkanları qazanır.

Ramil QULİYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
26
baki-xeber.com

10Mənbələr