AZ

Son 5 ildə büdcə xərcləri 50 faiz artıb

Qlobal bazarlarda təhdidedici rol oynayan inflyasiya Azərbaycanda sabitdir

2023-cü ildə Azərbaycanda dövlət büdcəsinin icra edildiyi makroiqtisadi mühit qənaətbəxş olub, iqtisadiyyatda artım izlənilib, bu artım tamamilə qeyri-neft-qaz sektorunun hesabına təmin edilib. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “2023-cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Ötən il Azərbaycanda 111,6 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsalı proqnozlaşdırılsa da, faktiki rəqəm 123 milyard manat olub, ÜDM-in real artım tempi 1,1 faiz təşkil edib. Ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 0,5 faiz artımla 12,1 min manat olub. Qeyri-neft qaz sektoru üzrə ÜDM-in real artım tempi 3,7 faiz, payı 63,2 faiz neft qaz sektoru üzrə ÜDM-in real artım tempi -1,7 faiz, payı 36,8 faiz olub. Neftin büdcə qiyməti 60 ABŞ dollarından götürülsə də, dünya bazarlarında bir barelinin orta illik qiyməti 43,5 faiz çox - 86,1 dolları təşkil edib. Azərbaycanda əhalinin nominal gəliri 12,8 fazi artaraq 78,1 milyard manat olub.

Azərbaycan qlobal iqtisadi sistemin bir parçası kimi davamlı olaraq qlobal proseslərin təsirlərinə açıqdır və hansısa xarici amil ölkəmizin iqtisadi-maliyyə sektorlarına təsir edir. Ötən il qlobal mürəkkəb geosiyasi risklərin davam etdiyi şəraitdə gözlənilən iqtisadi təhdidlərə baxmayaraq, beynəlxalq iqtisadi konyuktura ölkəmizə mənfi təsir etməyib. Əksinə, qlobal bazar və birja amilləri ölkəmizə müsbət təsir etməklə əlavə gəlir əldə etməsinə səbəb olub. Belə ki, 2023-cü ildə “Azeri Light” markalı Azərbaycan neftinin 1 bareli orta hesabla 86 dollarına satılıb, bu da tədiyyə balansının cari vəziyyətini möhkəmləndirib, eyni zamanda, valyuta ehtiyatlarımızın artmasına imkan verib. Ən mühüm məqamlardan biri isə qlobal bazarlarda təhdidedici rol oynayan inflyasiya Azərbaycanda mal və xidmətlərin bahalaşmasını təhrik etməyib, sabitləşib. Bunun da əsas səbələrindən biri hökumətin yürütdüyü çevik tədbirlər hesabına mümkün olub və inflyasiya birrəqəmli səviyyəyə endirilib. 

Sözsüz ki, ölkəmizin iqtisadi imkanlarının artması güclü maliyyə təminatını formalaşdırıb və bu, özünü fiskal göstəricilərdə də nümayiş etdirib. Belə ki, ötən il büdcənin həm gəlirləri, həm də xərclərində əhəmiyyətli artımlar olub. Büdcənin gəlirləri 35 milyard 574,8 milyon manat təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 16 faiz artım deməkdir. Büdcənin xərcləri isə 36 milyard 458,5 milyon manat təşkil edib ki, bu da əvvəlki iilə müqayisədə 13,5 faiz çoxdur. 

Büdcədə fiskal yük əsas etibarilə vergi orqanlarının üzərinə düşüb. Demək olar ki, bütün vergi növləri üzrə yığımlarda əhəmiyyətli artımlar qeydə alınıb. Nəticədə vergi yığımlarının artması sayəsində büdcə gəlirlərinin maliyyə təminatı daha da möhkəmlənib və ən mühüm amil isə ondan ibarətdir ki, ali maliyyə sənədi neft yığımlarına deyil, qeyri-neft yığımlarına söykənərək böyüyüb. Belə ki, ötən il neft-qaz ÜDM-i 45 milyard 344 milyon manata bərabər olub ki, bununla da sektorda real ifadədə 1,8 faiz azalma qeydə alınıb. 

2023-cü ilin büdcə xərclərinin əsas istiqaməti işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı olub. Bu sahə üzrə ümumilikdə dövlət büdcəsinin bütün bölmələrindən (ehtiyat fondlar da daxil olmaqla) yönədilmiş xərclərin həcmi 5 milyard 581 milyon manat olub. İkinci prioritet istiqamət olan hər ölkənin müdafiə potensialının gücləndirilməsi və Silahlı Qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması xərclərinin məbləği dövlət əsaslı vəsait qoyuluşu xərcləri, ehtiyat fondlar və digər ehtiyat vəsaitlərlə birgə 7, 2 milyard manat təşkil edib. Bu, büdcə xərclərinin 19,9 faizi deməkdir. Müdafiə və milli təhlükəsizlik xərclərinin həcmi 2022-ci illə müqayisədə 1 milyard 560,5 milyon manat və ya 27,4 faiz çox olub. 

Ötən ilin büdcə xərclərinin artımı hesabına digər prioritet istiqamətlər olan sosialyönlü layihələr, investisiya proqramları, zəruri infrastrukturların yaradılması üzrə tədbirlərin də maliyyələşdirilməsi üçün əlavə maliyyə təminatları yaradılıb. Azərbaycanın ərzaq təhlükəsizliyi strategiyası ilə bağlı tədbirlər də diqqətdə saxlanılıb və ərzaq məhsullarının yerli istehsalının sənayenin xammalına və əhalinin yeyinti məhsullarına olan tələbatın ödənilməsi üçün 6 strateji hədəf müəyyənləşdirilib. Həmin hədəf tədbirlərinin icrası məqsədilə 7 proqramın, 17 subproqramın və 26 tədbirin həyata keçirilməsinə 950 milyon manata yaxın vəsait yönəldilib.Strukturuna görə ötən ilin dövlət büdcəsi xərclərinin 55,6 faizi cari xərclər, 41,2 faizi əsaslı xərclər, 3,2 faizi dövlət borcu və öhdəlikləri ilə bağlı xərclər təşkil edib. 

Göründüyü kimi büdcənin gəlir və xərcləri hər il orta hesabla 10-12 faiz artmaqla bir çox ölkələrin ümumi büdcə gəlirlərinin orta göstəricisini üstələyir. Bu da Azərbaycanın dayanıqlı iqtisadi gücünün, sağlam maliyyə qabiliyyətinin göstəricisidir. Ümumiyyətlə, son 5 ildə dövlət büdcəsinin xərcləri 12 milyard 32 milyon manat və yaxud 50 faizədək artıb. Bu, kifayət qədər əhəmiyyətli bir artım sayıla bilər. 

E.CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
50
yeniazerbaycan.com

10Mənbələr