AZ

"Xarici borclanma və daha sonra bunun ödənilməsi ölkənin kredit reytinqinə müsbət təsir edə bilər"

Xarici dövlət borcumuz kifayət qədər aşağı səviyyədədir. Bu barədə Maliyyə naziri Samir Şərifov danışıb. Nazir qeyd edib ki, xarici dövlət borcunun aşağı səviyyədə olması ilə yanaşı müəyyən qərarlar qəbul edilib. Belə ki, ölkəmizin qarşısında duran müəyyən çağırışlar, layihələrin həyata keçirilməsi prizmasından maliyyə kredit təşkilatları ilə əməkdaşlığı bir qədər genişləndirilərək kreditlərin cəlb edilməsi məqsədəuyğun hesab olunub. Nazirin sözlərinə görə, xarici dövlət borcunun təxminən 10 milyard dollar səviyyəsinə qədər artırılması nəzərdən keçirilir. Samir Şərifov vurğulayıb ki, bu il də kifayət qədər ödənişlərimiz olacaq. Bu isə, xarici valyutada mühafizəkar borclanma apararaq, eyni zamanda ölkəmiz qarşısında duran böyük infrastruktur layihələri icra etmək üçün imkanlar yaradacaq. İqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına borclanma haqqında danışarkən bildirib ki, borclanma üçün ölkənin kifayət qədər (və ya həddən artıq) valyuta ehtiyatının olması maneə hesab olunmamalıdır. Əksinə, valyuta ehtiyatlarının məqbul səviyyədə olması öhdəliklərin icrasını daha da asanlaşdırır: “Misal üçün, dünyanın ən böyük valyuta ehtiyatlarına sahib ölkələrindən biri olan Yaponiya həm də dünyanın ən böyük xarici borclularındandır. Eləcə də, Çin, İsveçrə və Səudiyyə Ərəbistanı kimi ölkələrin də yüksək valyuta ehtiyatlarına rəğmən müəyyən miqdar xarici borcu var”. Pünhan Musayev İqtisadçı bildirib ki, valyuta ehtiyatlarına malik olan ölkələrin xarici borclanmaya getməsi ilə bağlı bir neçə səbəb ola bilər. Pünhan Musayevin fikrincə, əvvəla, ehtiyatlar çox vaxt məzənnə sabitliyini qorumaq üçün valyuta bazarlarına müdaxilə, ölkəni xarici şoklara qarşı daha dayanıqlı etmək məqsədilə saxlanılır. İkincisi, xarici borclanma ölkənin qısamüddətli likvidlik tələbini ödəmək baxımından daha sərfəlidir. Çünki rəsmi ehtiyatları təşkil edən xarici istiqraz və qızıl kimi nisbətən qeyri-likvid aktivlər borclanmadan fərqli olaraq likvidliyə çıxış imkanını dərhal təmin edə bilmir. Eləcə də, uzunmüddətli inkişaf layihələrinə investisiya məqsədilə də borclanmaq ehtiyatlardan istifadə ilə müqayisədə daha əlverişli ola bilər. Çünki borc götürməklə investisiyaların dəyərini zamana yaymaq mümkündür. Pünhan Musayev qeyd edib ki, bundan əlavə, hökumətlərin geniş valyuta ehtiyatları olduğu halda borclanması daha geniş fiskal vəziyyətə əsaslanan strateji qərar kimi də oxuna bilər. Çünki xaricdən borclanma və daha sonra bu borcun ödənilməsi ölkənin kredit reytinqini yaxşı vəziyyətdə saxlamağa da şərait yarada bilər. Bu da perspektivdə lazım gəldikcə daha əlverişli şərtlərlə xarici kapitala çıxış baxımından əlavə üstünlük deməkdir. “Ancaq, bir faktor da var, hansı ki digərləri ilə müqayisədə əhəmiyyəti heç də az deyil. Belə ki, bəzən borc almaq ehtiyatlardan istifadə etməkdən daha ucuz ola bilər. Əgər ölkə öz ehtiyatlarından əldə etdiyi gəlirdən daha aşağı faizlə borc ala bilirsə, ehtiyatların ləğv edilməsindənsə, borc almağa üstünlük verilə bilər. Həmçinin, əlverişli faiz dərəcələri və şərtlərlə borc götürməklə, hökumətlər öz borc portfelini də effektiv şəkildə idarə edə və maliyyə resurslarını optimallaşdıra bilərlər. Yəni seçim borcun alınma dəyərindən asılıdır”-deyən iqtisadçı vurğulayıb ki, xarici şoklara qarşı bufer təmin edən valyuta ehtiyatlarına sahib hökumətlərin borclanmanı müxtəlif məqsədlərə, ən əsası qısa və uzunmüddətli maliyyə ehtiyaclarını balanslaşdırmağa xidmət edən strateji alət olaraq da dəyərləndirməsi mümkün və yolverilən vəziyyətdir. İradə Cəlil, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
26
bizimyol.info

10Mənbələr