AZ

“Putinlə Çin lideri arasındakı müzakirələrdə əsas mövzu Ukrayna yox, Mərkəzi Asiya olub...” 

“Düzdü, mediada bəzən elə fikirlər yayılır ki, guya Çin Ukrayna məsələsində təşəbbüsü ələ alıb, liderlik edir. Əlbəttə, bu, gülüncdür. Çinə bu təşəbbüsü ələ almağa heç kəs imkan verməz...”
 
“Və Putinin Pekin səfərindən qayıdan kimi Qazaxıstan prezidenti Tokayevlə telefon danışığı və mətbuatda göstərildiyi kimi, Çində müzakirə olunan məsələlər haqda ona məlumat verməsi də əsas mübarizənin Mərkəzi Asiya və o regionun hər zaman aparıcı dövləti olan Qazaxıstan uğrunda getdiyini göstərir...”
 
“Zənnimcə, Rusiya prezidenti Vladimir Putinin Çinə səfəri və Si Cinpinlə görüşü zamanı daha çox müzakirə olunan qlobal layihələrdir. Təbii ki, ikitərəfli əlaqələr də, o cümlədən Rusiya və Çin arasındakı ticari əlaqələr, iqtisadi əlaqələr və həm də çox vacib olan hərbi əlaqələr... Ukrayna məsələsi, yəqin ki, müzakirə olunubdur. Düzdü, Azərbaycan mediasında bəzən elə fikirlər yayılır ki, guya Çin Ukrayna məsələsində təşəbbüsü ələ alıb, liderlik edir. Əlbəttə, bu gülüncdür. Çinə bu təşəbbüsü ələ almağa heç kəs imkan verməz: nə Qərb, nə də Rusiya. Çin hər məsələdə öz maraqlarını güdür; bunu Rusiyada da, Qərbdə də yaxşı anlayırlar”.
 
Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bu fikirləri  Moderator.az əməkdaşının “Putinin Çin lideri Si Cinpinlə son görüşünün nəticələrini və onun dünyadakı, o cümlədən Ukrayna və Cənubi Qafqazdakı proseslərə mümkün təsirlərini necə dəyərləndirərdiniz?” sualını cavablandırarkən dilə gətirib.
 
“Mən düşünürəm ki, Putinlə Si Cinpin arasında gedən predmet müzakirələrdə əsas gündəm Çindən Avropaya gedən nəqliyyat-kommunikasiya dəhlizləri məsələsi olub. Və ilk növbədə də Cənubi Qafqazdan çox bu iki ölkənin Mərkəzi Asiya regionuna yanaşmasında olan ziddiyyətlər, fikir ayrılıqları və üst-üstə düşən maraqları müzakirə edilib. Burada isə, deyərdim ki, fikir ayrılıqları daha çoxdur, nəinki üst-üstə düşən maraqlar. Çünki Rusiya da Mərkəzi Asiyanı özünün həyati əhəmiyyətli maraq dairəsi hesab edir, Çin də bu iddiadadır. Və Putinin Pekin səfərindən qayıdan kimi Qazaxıstan prezidenti Tokayevlə telefon danışığı və mətbuatda göstərildiyi kimi, Çində müzakirə olunan məsələlər haqda ona məlumat verməsi də əsas mübarizənin Mərkəzi Asiya və o regionun hər zaman aparıcı dövləti olan Qazaxıstan uğrunda getdiyini göstərir. Yəni 2022-ci ilin yanvarında, hələ Rusiyanın Ukraynaya təcavüzündən öncə Qazaxıstanda başlanmış proseslər bitməyib və bu ölkə uğrunda mübarizə davam edir. Və həmin mübarizədə tərəflər yalnız Çinlə Rusiya deyil; biz görürük ki, son vaxtlar Qazaxıstana diqqətini artıran bir tərəf də var. Bu da Qərbdir; Böyük Britaniya, ABŞ, Almaniya, həmçinin burada Türkiyə də yer tutur. Bir sözlə, aydın olur ki, Avrasiya zolağında dəhlizlərin, nəqliyyat-kommunikasiya yollarının keçidi, keçdiyi ərazilər uğrunda qlobal bir savaş başlayıbdır. Və həmin savaşın ən böyük və önəmli hissələrindən biri Mərkəzi Asiya, digəri isə Cənubi Qafqazdır. Deyərdim ki, daha önəmlisi Mərkəzi Asiyadır. Çünki Qazaxıstan kimin nəzarətində olacaqsa,  Qazaxıstan üzərindən həmin kommunikasiyaların, ilk növbədə də “Şərq-Qərb” dəhlizinin keçməsinin Rusiya tərəfindən qarşısı alınacaqsa, bundan sonra Cənubi Qafqaz əhəmiyyətini itirir. Yox, əgər Çin bu məsələdə üstünlüyü götürəcəksə və yaxud deyək ki, Qərblə anlaşaraq Rusiyanı kənarlaşdıracaqsa, o zaman mübarizə, təbii ki, Cənubi Qafqaza keçəcək. Cənubi Qafqaz uğrunda mübarizəyə hazırlıq artıq başlayıb və bu proses gedir. Sadəcə, belə deyək, tam açıq müstəviyə keçməyib. Bizim gördüyümüz Gürcüstan və Ermənistandakı daxili siyasi mübarizədir. Amma bunun arxasında, sözsüz ki, geo-siyasi faktorlar var, mövcuddur”, - deyə analitik yekunlaşdırıb.
 
Sultan Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
50
moderator.az

10Mənbələr