AZ

Müasir dünyanın dominant tikinti materialı

Beton ən qədim tikinti materiallarından biri sayılır. Misir labirintinin qalereyaları, Hindistanda bir neçə tikili və hətta Böyük Çin Səddinin bir hissəsi məhz betondan inşa edilib. Lakin betondan kütləvi tikinti üçün istifadəyə yalnız 19-cu əsrin 2-ci yarısında başlanılıb.

İlkin olaraq monolit konstruksiyaların qurulması üçün sərt beton qarışıqlarından istifadə edilirdi. Texnoloji irəliləyiş polad armaturdan hazırlanan dəmir-betonun ixtirası oldu. Konstruksiyada və betonda bərabər paylanmanı və düzgün sıxılmanı təmin etmək üçün daha çox maye beton qarışıqlarının istifadə edilməsinə başlanıldı. Lakin əhəmiyyətli çatışmazlıqlar var idi. Məsələn, belə qarışıqlar yüksək möhkəmlikli beton istehsalını çətinləşdirir, həmçinin, daha çox sement tələb edirdi. Bu çatışmazlıqlar 1830-cu illərdə, vibrasiyadan istifadə edərək betonun sıxılması üsulu icad edildikdə aradan qaldırıldı.

Həmin illərdə armaturda daxili gərginliklərin hesablanılması öyrənildi ki, bu da konstruksiyalarda istifadə edilən betonun tərkibini azaltmaqla, onların xidmət müddətini artırmağa imkan verdi.

19-cu əsrin 90-cı illərində hidravlik bağlayıcıların və yüksək keyfiyyətli sementlərin istehsalı üçün bir nəzəriyyə hazırlandı. Bunun əsasında xüsusilə davamlı beton konstruksiyalar əldə olunurdu. 19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərində isə beton istehsalı texnologiyasına dair çoxlu elmi işlər meydana çıxdı.

Mövcud tikinti texnologiyalarının təhlili göstərdi ki, tikintinin sürəti və təhlükəsizliyi, tikilən bina və tikililərin dəyəri, keyfiyyəti və enerji səmərəliliyi baxımından optimal və perspektivli texnologiya yığma betondan istifadə texnologiyasıdır.

Yığılma dəmir-beton bu gün ən populyar tikinti materiallarından birinə çevrilir və qlobal bazarda fəaliyyət göstərən tikinti şirkətləri məhz onu seçir. Məlum olduğu kimi, tikinti sənayesi Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvələrindən biridir. Xüsusilə hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa işləri, infrastruktur layihələrin icrası dayanmadan və sürətlə davam etdirilir. Burada yeni yaşayış məntəqələri salınır, inzibati binalar tikilir, infrastruktur layihələr icra olunur, kommunal, rabitə və sosial xidmətlər təmin edilir. Bu yaxınlarda təsdiq edilmiş “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nda yaxın 20 il ərzində paytaxtın əsas inkişaf prioritetləri sırasında tikinti, nəqliyyat və sosial infrastrukturun, kommunal sistemlərin davamlı inkişafı və s. atılacaq mühüm addımlar, icrası nəzərdə tutulan layihələr əks olunub.

Bütün bunlar, əlbəttə ki, tikinti materiallarına, o cümlədən betona tələbatı artırır. Betondan olan tikililər bir sıra üstünlüklərə (möhkəmlik, yanğına və aqressiv iqlim mühitlərinə davamlılıq, iqtisadi səmərəlilik və s.) malikdir ki, bu da onu müxtəlif bölgələrdə tikinti üçün əlverişli edir.

Beton konstruksiyalar nəzərəçarpan dəyişikliklər olmadan onilliklərlə xidmət göstərə bilər. Onun istehsalı enerji baxımından qənaətcil ola bilər və beton ekoloji cəhətdən davamlı materialdır, çünki çürümür və tez-tez dəyişdirilməsi tələb olunmur. Əsas amillərdən biri də odur ki, beton təkrar emal və təkrar istifadə edilə bilər, bu da onun ətraf mühitə təsirini azaltmağa imkan verir.

Qeyd edildiyi kimi, uzun müddət əvvəl tikilmiş beton binalar və tikililər bu gün də istifadə olunur. 2 min ildən çox əvvəl tökülən bəzi beton konstruksiyalar hələ də mövcuddur. Zərurət yarandıqda, xüsusilə kritik infrastruktur üçün 100 ildən çox xidmət müddəti əldə oluna bilər. Dəmir-beton töküldükdən sonra yüz illər boyu möhkəmliyini artırmağa davam etdirir. Üstəlik, minimal texniki xidmətlə ildən-ilə etibarlığını qoruyub saxlayır.

Beton dünyada texnoloji cəhətdən ən inkişaf etmiş, çevik və geniş yayılmış tikinti materialıdır. Azərbaycanda ildə 4 milyon tondan çox sement istehsal olunur. Sementin təxminən 60 faizi beton zavodlarına xidmət etmək üçün istifadə olunur ki, bu da ildə təxminən 6 milyon kubmetr beton təşkil edir. Yeni texnologiyaların tətbiqi və xaricdən gətirilən bahalı məhsulların yerli istehsalla əvəzlənməsi ilə beton bazarını 10 milyon kubmetrə çatdırmaq olar. Misal üçün, betondan istifadəni artırmaqla qranit və mərmər idxalını əvəz etmək mümkündür. Yəni eyni material daha ucuz və daha davamlı olan mineralların əlavə edilməsi ilə betondan əldə edilə bilər.

Bu sənayenin tikinti sahəsinə təsirinin əhəmiyyətini görməmək mümkün deyil. İnşa edilən obyektlərin əhəmiyyətli hissəsi sənaye şəraitində betondan hazırlanan materiallardan və elementlərdən tikilib.

Beton məmulatlarına olan tələbat minlərlə kilometr uzaqdan material idxal etməyə ehtiyac olmadan yerində ödənilə bilər. Əksər ölkələrdə doldurucular üçün orta daşınma məsafəsi təxminən 30 km, sement üçün isə 150 km-dən azdır. Bu, həm nəqliyyatla bağlı mənfi təsirləri azaldır, həm də regionun iqtisadi inkişafına töhfə verir. Dəmir-beton məmulatlarının daşınma məsafəsi 100 km-dən azdır. Hazır beton, əsasən, ölkə daxilində istehsal olunur. İstehsalı və təchizat bölgüsü yaxşı əlaqələndirilməlidir ki, bu da beton istehsalı və çatdırılması ilə məşğul olan müəssisə qarşısında duran əsas vəzifələrdən biridir.

Betonun universallığı və çevikliyi onun bu gün və sabahın tikinti mühitində geniş tətbiqi üçün uyğun material olduğu anlamına gəlir, üstün xüsusiyyətləri isə onu tikintidə tez və effektiv həll kimi ideal seçimə çevirir. Nəticədə demək olar ki, beton müasir dünyada dominant tikinti materiallarından biri sayılır.

Hüseyn VƏLİYEV

© vergiler.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
24
fins.az

10Mənbələr